Britaniyanın hazırkı baş naziri Rişi Sunak mayın 2-də keçiriləcək yerli seçkilərdən sonra bir qrup mühafizəkar deputatın onu vəzifəsindən uzaqlaşdırmaq cəhdi ilə üzləşə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Financial Times” öz mənbələrinə istinadən məlumat
yayıb.
Nəşrin məlumatına görə, iki keçmiş baş nazir - Boris Conson və Liz Trassın tərəfdarları Sunakdan narazıdırlar. Anonimlik şərti ilə danışan bu deputatlar FT-yə bildiriblər ki, İngiltərə və Uelsdəki seçkilərin nəticələri elan edildikdən sonra hərəkətə keçmək niyyətindədirlər. Onların artıq hazır olan "sabitliyi pozma planı” var.
Baş nazirə belə bir etimadsızlıq səsverməsi üçün mühafizəkarların parlamentin müvafiq komitəsinə 52 müraciəti lazımdır. FT-nin bu cəhdə əli olduğunu inkar edən anonim partiya mənbələrindən biri iddia edir ki, deputatlar baş nazir kimi Sunakın alternativi ətrafında toplanmağı planlaşdırırlar. Nəşrin həmsöhbəti Sunakdan narazı olan deputatların konkret hansı namizədin ətrafında toplanmağı planlaşdırdığını açıqlamayıb.
Bununla belə, Torilərin əksəriyyəti Rişi Sunakın ən məyusedici seçki nəticələrindən belə "sağ çıxa” biləcəyini ehtimal edir. Plimut Universitetinin mütəxəssisləri hesab edirlər ki, Torilər 900 yerli məclis və meriya yerlərindən 500-ə yaxınını itirə bilərlər.
Qeyd edək ki, mart ayında "Bloomberg” də mənbələrə istinadən Rişi Sunakın baş nazir postundan uzaqlaşdırılması planlarının olduğunu bildirib. Guya parlamentdə bu məsələnin müzakirəsi bir neçə aydır gedir. Buna səbəb hazırkı baş nazirin sürətli siyasi qərarlar qəbul edə bilmədiyini göstərən bir sıra səhvlərdir.
Nizami Bağırov
Şərhlər