İtaliyanın keçmiş baş naziri Giuliano Amato iddia edib ki, Fransa Hərbi Hava Qüvvələrinə məxsus raketin 1980-ci ildə Liviyanın o zamankı lideri Müəmmər Qəddafini öldürmək cəhdi uğursuz olub və Aralıq dənizi üzərində sərnişin təyyarəsini səhvən vurub.
Qaynarinfo xəbər verir ki, bu barədə AR məlumat
yayıb.
Amato "La Repubblica"ya verdiyi müsahibədə bildirib ki, o, Fransa prezidenti Emmanuel Makrondan 1980-ci il iyunun 27-də İtaliyanın məxsus təyyarədə 81 nəfərin ölümü ilə nəticələnən qəzanın səbəbi ilə bağlı iddialarını təkzib və ya təsdiq etməyi xahiş edib.
Amato əmindir ki, Fransa Liviya döyüş təyyarəsini hədəf alaraq sərnişin təyyarəni vurub. O, əlində heç bir tutarlı dəlil olmadığını etiraf etməklə yanaşı, İtaliyanın Qəddafini xəbərdar etdiyini də iddia edib. Buna görə də Qəddafi həmin vaxt Yuqoslaviyadakı görüşdən Tripoliyə qayıdan Liviya hərbi təyyarəsinə minməyib.
Qeyd edək ki, təyyarə qəzasına hələ də nəyin səbəb olduğu dəqiq bilinmir. Bəziləri Bolonyadan Siciliyaya uçan "İtavia” hava gəmisində bombanın partladığını deyir. Bəziləri isə iddia edir ki, uzun illər sonra dənizin dibindən çıxarılan qalıqların təyyarənin raketlə vurulmasını sübut edib. Radar izləri təyyarənin düşdüyü ərazidə aviasiya fəallığının artdığını göstərir.
"Ən çox ehtimal olunan versiya Fransa Hərbi Hava Qüvvələrinin səhvən onu vurmasıdır", deyə Amato bildirib.
Hadisədən sonra Fransa, ABŞ və NATO rəsmiləri həmin gecə səmada hər hansı hərbi fəaliyyətin olduğunu təkzib ediblər.
Amato isə bildirib ki, raket çox güman Korsikanın cənub sahillərində havaya qalxan Fransa qırıcısı tərəfindən atılıb: "Özümə sual verirəm ki, Makron kimi gənc prezident Fransanın üzərində qalan biabırçılığı niyə aradan qaldırmaq istəmir? Və o, bunu yalnız iki yolla aradan qaldıra bilər - ya bu tezisin əsassız olduğunu nümayiş etdirməklə, ya da hökuməti adından İtaliyadan və qurbanların ailələrindən üzr istəməklə".
85 yaşlı Amatonun dediyinə görə, 2000-ci ildə baş nazir olarkən baş verənləri araşdırmaq üçün ABŞ və Fransanın o vaxtkı prezidentləri Bill Klinton və Jak Şiraka məktub yazıb: "Ancaq sonda bu yalvarışlar "tam sükutla" nəticələndi".
"Associated Press"in sualına cvab olaraq Makronun ofisi bildirib ki, onlar Amatonun iddialarını şərh etməyəcəklər.
İtaliyanın baş naziri Corcia Meloni Amatonun iddialarının "diqqətə layiq olduğunu", lakin hökumətin daha çox araşdırma apara bilməsi üçün "şəxsi iddialara" sübutlar əlavə etməli olduğunu deyib.
Aydın
Şərhlər