Fransa Futbol Federasiyasının prezidenti Nöl Le Qratinin məşhur futbolçu Zinəddin Zidan haqqında açıqlaması kəskin etirazlara səbəb olub.
Qaynarinfo xəbər verir ki, prezident Zidanın Fransa millisinin baş məşqçisi vəzifəsinə gətirilməsi haqda sualı cavablandırarkən "Zidan Braziliyaya getsə, təəccüblənərdim. Mənə maraqlı deyil. Hara istəyirsə, ora da getsin. İstədiyi yerə, kluba gedə bilər. Mənimlə əlaqə saxlamağa çalışmadı. Zəng etsə belə telefona cavab verməzdim. Biz onunla heç vaxt görüşməmişik və Didye Deşamla yolları ayırmağı düşünməmişik. Deşamın gedəcəyini gözləyənlər var idi, amma onu kim ciddi tənqid edə bilər? Heç kim bunu edə bilməz” - sözlərini söyləyib.
Qratinin dediyi sözlər Fransa millisinin əfsanəvi futbolçusuna hörmətsizlik kimi qəbul edilib və müxtəlif kəskin reaksiyalarla qarşılanıb.
Zidanın sabiq klubu Madrid "Real"ından verilən açıqlamada, prezidentin bu sözlərinin təəssüf doğurduğu bildirilib. Zidanın Fransa Milli Komandası ilə dünya və Avropa çempionluğunu qazandığı, formasını geyindiyi və məşqçilik etdiyi komandalarda bir çox uğurlara imza ataraq idmanın dəyərlərini təmsil etdiyi vurğulanıb. Prezidentin sözlərinin düzəldilməli olduğu və onun Zidana hörmətsizlik edildiyi bildirilib. İspaniya klubundan, FFF rəhbərinin keçmişdə "Real"ın kapitanı, fransalı futbolçu Kərim Benzema haqqında da eyni şəkildə "uyğun olmayan" açıqlamalar verdiyi bildirilib.
Qətərdə keçirilən dünya çempionatında "Qızıl buts" mükafatını qazanan fransalı hücumçu Kilian Mbappe də Le Qratinin sözlərinə münasibətini bildirib. Sosial media hesabından açıqlama verən Mbappe "Zidan Fransadır! Əfsanəyə belə hörmətsizlik etmək olmaz" ifadəsini işlətməklə FFF prezidentini tənqid edib.
Fransanın idman naziri Amelie Oudea-Kastera da Le Qratinin bu ifadələrlə "sərhədi" keçdiyini bildirib. Oudea-Kastera bununla bağlı açıqlamasında "Hamımızı incidən futbol və idman əfsanəsinə qarşı utanc verici bir hörmətsizlik" - sözlərini söyləyib.
FFF şənbə günü Fransa millisinin baş məşqçisi Didye Deşamla müqavilə müddətinin uzadıldığını açıqlayıb. Zidan Deşamın yerinə favorit namizədlər arasında idi. Fransa millisinin əfsanəsi 2021-ci ildə İspaniya La Liqası təmsilçisi "Real"ın baş məşqçisi postunu tərk etdikdən sonra heç bir komandada çalışmır.
Səbuhi Həsənov
Şərhlər