Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altunun Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilmiş "Türkiyə Nizamsızlıq Çağında Sabitləşdirici Güc Kimi” adlı kitabının təqdimat mərasimi keçirilib.
Qaynarinfo xəbər verir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev, kitabı tərcümə edən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Cavid Vəliyev və digər şəxslər iştirak edib.
Toplantıda kitabın müəllifi Fəxrəddin Altunun videomüraciəti dinlənilib.
Altun videomüraciətində, "Bundan öncəki 20 il ərzində Türkiyə yeni siyasət həyata keçirməyə başlayıb. Bu kitabı yazmağımda məqsəd də Türkiyəni anlamaq istəyənlərə görədir. "Soyuq savaş"dan sonra ortaya çıxan təkqütblü dünya düzəni yerini böyük güclərin rəqabətinə verdi. Bu dövr də bütün dövlətlərin öz potensialını artırmasını vacib edir. Son olaraq bütün dünyaya təsir edən koronavirus pandemiyası da dünya dövlətlərinin, beynəlxalq təşkilatların zəifliyinin bariz nümunəsini ortaya qoydu. Türkiyənin son illərdə atdığı addımları dəyərləndirərkən dünyada yaşanan son hadisələrə diqqət yetirməliyik. Bu gün Azərbaycanla həmrəylik içində olmağımızdan narahat olanlar var. Eləcə də Türkiyənin Suriyada əsgərinin olmasından narahat olanlar da eyni adamlardır.”, - deyə bildirib.
Videomüraciətində 44 günlük Vətən müharibəsində Azərbaycanın qazandığı qələbədən, və Azərbaycanla əlaqələrin güclənməsindən narahat olan ölkələrdən də danışan Altun diqqətə çatdırıb ki, bu gün diplomatiyanın qələbəsi Azərbaycanın Qarabağ müharibəsində əldə etdiyi qələbə ilə birbaşa əlaqəlidir.
Kitabı tərcümə edən Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin xarici siyasət şöbəsinin müdiri Cavid Vəliyev "Türkiyə və Azərbaycanın xarici siyasəti daim dəyişməkdədir. Biz xarici siyasətimizi daim koordinasiya etməliyik. Xüsusilə Şuşa Bəyannaməsindən sonra biz bunu etməliyik. Azərbaycan da Türkiyə kimi beynəlxalq ədalətsizlikdən əziyyət çəkən ölkədir. Buna misal olaraq BMT TŞ-nın icra edilməyən 4 qətnaməsini göstərə bilərik. Azərbaycan xarici siyasətində Qoşulmama Hərəkatına üzvlüyün nə qədər mühüm əhəmiyyət kəsb etdiyini beynəlxalq təşkilatlarda Azərbaycana qarşı olan qətnamələrin qəbul edilməsinin qarşısını alanda biz anlamış olduq. Fəxrəddin Altun BMT çərçivəsində alınan qərarların icrasına böyük dövlətlər tərəfindən əngəl törədildiyini də haqlı olaraq qeyd edir. Bu mənada yeni bir sistemin, yeni bir düzənin qurulmasına ehtiyac var. 44 günlük Vətən müharibəsində də Ermənistanın Azərbaycana olduğu kimi, Türkiyəyə qarşı açıqlamalarında da ətrafına daha çox dəstək yığmaq üçün mövqe nümayiş etdirməsini də müşahidə etdik.”, - deyib.
Şərhlər