Aprelin 29-da Azərbaycan Prezidenti İlham Əliyev ADA Universitetində "Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda keçirilən beynəlxalq konfransda çıxış edib. Sülh mövzusundan danışan Prezident bildirib ki, "bu, uzun prosesdir, lakin istənilən sülhə nail olmaq üçün qarşılıqlı etimadın bərpa edilməsi vacibdir”. Dövlət başçısı gələcəkdə Azərbaycan və Ermənistan ziyalılarının, media mənsublarının, ictimai fəalların görüşünün baş tuta biləcəyinə də işarə vurub. Prezident İlham Əliyev əlavə edib ki, bu görüş Azərbaycana qarşı nifrətlə yüklənməmiş ermənilərlə baş tuta bilər.
Azərbaycan və Ermənistan ziyalılarının görüşü baş tutacağı təqdirdə oraya hansı ziyalılar getməlidir, kimlər iştirak etməlidir?
Qaynarinfo bununla bağlı yazıçı Əkrəm Əylislidən müsahibə alıb.
- İki-üç ay bundan əvvəl müsahibə vermişdim. Bu fikirləri həmin müsahibə bildirmişdim. Mənə elə gəlir ki, bu görüşlər olsa, ab-hava yumşalacaq. İrin ki var ey, əmələ gəlib, bunu götürmək lazımdır. Bunu açıb buraxmaq lazımdır. Bu irin hələ ki qalır. Buna görə heç bir pozitiv nəticə əldə eləmək mümkün deyil. Xalqlar bir-birinə yaxınlaşsa, hər ikisinə xeyirdir. Bunlar adi şeylərdi. Mən bunu illər boyu demişəm, deyirəm də. Bir vaxtlar bu fikirləri deyəndə adamı salırdılar gözümçıxdıya... belə qorxulu ümidlər yaranır. Amma əslində reallıq bundan ibarətdir. Bu Qafqaz bölgəsi ki var, bunun çiçəklənən, gözəl bölgə olması üçün bu xalqların bir-biri ilə təmasda, normal münasibətdə olmasına dəhşətli ehtiyac var.
- Bəs, bu görüş necə təşkil olunmalıdır?
- Əgər yuxarı dairələrin razılığı olsa, bu mexanizm özü-özündən işə düşəcək və zamanla başlayacaq işləməyə. Əsas məsələ siyasi dairələrin bu görüşə maraqlı olmalarıdır. Hansı ziyalı? Mən inanmıram ki, bizdə elə ziyalı ola ki, deyə, yox, mən heç kəslə danışmaq istəmirəm. Ola bilər e, amma bu həlledici bir şey deyil. Məni az-çox tanıyanlar hamısı bilir, mən həmişə istəmişəm ki, bizim aramızdakı münasibətlər dəhşətli həddə çatmasın. Ermənilər axmaqlıq elədilər, özü də böyük axmaqlıq, Azərbaycanın rayonlarını tutdular. Ondan böyük siyasi və insani heyvərəlik ola bilməzdi ki, onlar bunu elədilər. Amma mənim tanıdığım erməni ziyalılar var ki, onlar bundan qorxurdular, deyirdilər ki, bu torpaqları tezliklə azad edib camaata vermək lazımdır. Belə ziyalılar görmüşəm, tanıyıram axı. Ermənilərin çoxlu sayda belə ziyalıları var ki, onlar ermənilərin bizim torpaqlarımızı tutmasından dəhşət narahat idi. Onlar da mənim kimi bunu böyük siyasi səhv hesab edirdilər. İndi torpaqlar alınıb, yavaş-yavaş qaydalar öz yoluna düşəcək. Günün tələbi ilə yaşamaq lazımdır.
- Əkrəm Əylisi olaraq sizə təklif olunsa ki, Azərbaycan və erməni ziyalılarının görüşündə iştirak edin, gedərsiniz?
- Niyə getmirəm ki... Mənim insanlar arasında düşmən münasibətdən zəhləm gedir. Mən insanlar arasında bir balaca işıqlı məqamlar görəndə, əlbəttə ki, ona tərəf getməyə hazıram. Mənim adım bir az ayrı cür çıxıb ki, guya onların tərəfindəyəm. Gərək düzünü deyək, düzdümü?
- Bəli...
- Mən Azərbaycanın tərəfində olduğum üçün bu yolu tutmuşdum. Yəni Azərbaycanı sevdiyim üçün. Bunu hər kəs istədiyi kimi yoza bilər, amma bədii sözü çılpaq soyundurub, qabağına qoyub ona elə baxmaq olmaz. Bu, doğru deyil, gərək bədii sözü öz funksiyasında görəsən.
- Ermənistanda Azərbaycanı sevən ziyalılardan tanıdığınız şəxslər var?
- Bəli, var, amma həmin ziyalıların çoxusu dediyim kimi, dünyadan gedib. İndi mən getsəm, onların qalanlarından, məsələn, Qrand Matevosyanın oğlu var, kinorejissor, David, onunla görüşə bilərəm, atası ilə yaxından tanış idim, evlərində olmuşam. O da Bakıda bizdə, Anargildə olub. Məsələn, Anahid Bayandur var idi, Matevosyanın tərcüməçisi idi. Onun da ailəsindən qalanlar var, onunla görüşmək istərdim. Yoxsa gedib Paşinyanla görüşəsi deyiləm ki.
- Sözügedən görüşə Azərbaycandan kimlərin getməsiniz istərdiniz?
- Kimin könlü istəyir getsin... Hər halda mən o adamların adını çəkə bilmərəm ki, o əsərə görə mənə qarşı əxlaqsız, həyasız mövqe tutdular. Əlbəttə, istəmərəm, indi gedib desin ki, elə mən əvvəldən demişəm qardaşıq, dostuq, yenidən "qardaş olub Hayastan” mahnısını oxusunlar. Bu adamların getməyini istəməzdim. Səmimi sürətdə Azərbaycanı və Qafqazdakı əmin-amanlığı ürəkdən arzulayan adamlar, əlbəttə ki, həmin görüşə getsə, yaxşı olar.
- Baxın, Əkrəm Əylisli "Daş yuxular” yazdı... Bəs ermənilərdə niyə "Daş yuxular” kimi bizə istiliyi ilə seçilən bir əsər yazan yazıçı çıxmır?
- Ermənilərin qəlbində bizə məhəbbəti olan adamları görmüşəm. And olsun Allaha ki, Azərbaycan və azərbaycanlı üçün ağlayan adamlar görmüşəm. Baxır hansı bucaqdan baxırsan. Bir bucaqdan yaxşı şeylər görünür, başqa bucaqdan pis. Mən ancaq yaxşı şeylər görünən bucaqdan baxıram. Son vaxtlarda araşdırmaçı Tomas de Vaal məndən böyük bir məqalə yazmışdı. Yazmışdı ki, ermənilərdə Əkərəm Əylisli kimi yazıçı yoxdur. Sonra rusiyalı jurnalist Şura Bultin var, o da bu fikiri dönə-dönə yazıb. Yazmışdı ki, Ermənistanda o səviyyədə düşünən yazıçı ola bilməz. Erməni ilə bizim ayrılığımız gen-zad ayrılığı deyil, bizdə yaddaş ayrılığı var. Bu, çox ciddi fərqdir. Burda məqamları nəzərə almadan elə-belə vəhşicəsinə deyib keçəsən, bu, yazıçı işi deyil.
Bahar Rüstəmli
Şərhlər