Xəbər lenti

Əmircanov “Xankəndi” haqda danışdı: “Premyer Liqada mübarizə apara bilərik”
İdman 13:44 01.11.2023

Əmircanov “Xankəndi” haqda danışdı: “Premyer Liqada mübarizə apara bilərik”

Azərbaycan Minifutbol Federasiyasının (AMF) prezidenti Orxan Məmmədov milli komandanın sabiq futbolçuları ilə görüşüb. Görüşdə bir sıra məsələlər müzakirə olunub. Yekunda millinin sabiq futbolçularından ibarət "Xankəndi” komandasının yaradılmasına və minifutbol üzrə ölkə çempionatında iştirakına qərar verilib.

Komanda üzvlərindən Ruslan Əmircanov Qaynarinfo-ya açıqlamasında qarşıdakı planlardan danışıb:

"Rəhbərliklə görüşdük. Komandanın adının "Xankəndi” qoyulması təklif olundu. Biz də ikiəlli razılaşdıq. Çox gözəl ad fikirləşiblər. Rəhbərlik bildirdi ki, necə lazımdır dəstək veriləcək. Futolçuların bir çoxu karyeralarını yenicə bitirblər. Yaxşı komanda düzəldə bilsək, Premyer Liqada da mübarizə apara bilərik. Formaya düşmək üçün təlim-məşq toplanışı lazımdır. Belə baxanda heyətin əksəriyyəti millimizin keçmiş üzvləridir. Ancaq bu o demək deyil meydana çıxıb çempionatda rahat oynayacağıq. Ola bilər ki, AMF-in təşkil etdiyi çempionatda oynayan digər uşaqlar çox da tanınmasınlar. Amma elə futbol oynayırlar ki, qarşılarını kəsmək mümkün deyil. 

Bir neçə yoldaşlıq matçı keçirmişik. Rəqibləri tanımırıq, sadəcə, bilirik ki, minifutbol çempionatında oynayırlar. Amma baxırsan ki, sən demə bu tamam başqa futbol imiş. Biz böyük futbola öyrəşmişik. Burada taktiki gedişlər, rotasiyalar fərqlidir. Meydançada sona qədər öz rəqibini izləməsən, uduza bilərsən. Bir dəqiqə dayanmaq olmaz. Bizim üçün çətindir, çünki heç birimiz normal məşq keçməmişik. Üst-üstə toplasaq, heç 10 məşqimiz olmayıb. Əlimizdən gələni etməyə, milli futbolçuların adına layiq oyun göstərməyə çalışacağıq. Birinci ildə çətin ola bilər. Amma meydana çıxıb heç kimdən geri qalmayacağıq. Komandanın adı məsuliyyətlidir, istər-istəməz səni oynadacaq. İlk növbədə bu ad üçün oynayacağıq. Uğur qazananda mənim, Əfranın, Kamranın deyil, komandanın adı çəkiləcək. Həm də köhnə futbolçularıq, futbol oynamaq üçün darıxmışıq. Ola bilər sabah kimsə bu heyətdən milliyə çağrılar. Çox gözəl təşəbbüsdür".

Əmircanov komandaya baş məşqçinin təyin olunduğunu da bildirib:

"Baş məşqçimiz artıq təyin olunub, Xətai Bağırovdur. Rəhbərliklə görüşəndə o da bizimlə birlikdə idi. Minifutbol çətindir, buna qədər də yığışıb oynayırdıq. İndi keçiriləcək məşqlərlə bir-birimizə öyrəşəcəyik. Bağırovun təcrübəsi var, istədiyimiz futbolu meydançada yerinə yetirə bilərik”.

"Xankəndi”nin ev oyunlarını hansı stadionda keçirəcəyi ilə bağlı sualı Ruslan belə cavablandırıb:

"Hələ bunu dəqiq bilmirik. Müzakiələrdə Tennis Akademiyasının stadionunun adını çəkdilər. Bilmirik məşqlərimiz orada olacaq, yoxsa oyunlarımız. Noyabrın 10-15-i arasında minifutbol çempionatının püşkatması olmalıdır. 15-20-si arası da yarış başlamalıdır. Həftədə üç məşqimiz, həm də yoldaşlıq görüşlərimiz olur. Bu da artıqlaması ilə kifayət edir. Ən azı formaya düşəcəyik. Tam olmasa da 70-80 faiz hazırlaşacağıq. Oyundan-oyuna yəqin ki, fiziki durumumuzu yüksək səviyyəyə çatdıra biləcəyik".

Maraqlıdır, "Xankəndi”nin futbolçularına hər hansı maaş, yaxud mükafat veriləcəkmi?

"Təşəbbüs irəli sürüləndə, heç birimiz maliyyə tərəfini düşünməmişik. Sadəcə, komanda yaratmaq istədiklərini və oynamağa razılıq verib-vermədiyimizi soruşdular. Biz də razılaşdıq. Niyə də oynamayaq? Futboldan kənarda qalmışıq, yaşımız yol vermir deyə, heç yerə düşə bilmirik. Amma oynamaq istəyirik. Maaş, ya da bonus verib-verməyəcəkləri haqda məlumatımız yoxdur. Hər halda rəhbərlik klub yaradırsa, inanırıq ki, nəsə edəcəklər. Komandaya gələndə bu haqda fikirləşmirdik”, deyə Əmircanov bildirib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->