Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın adamı olan "Akula Akif” ləqəbli Akif Mustafayev ləğv edilmiş MTN-nin İstintaq Baş İdarəsinin keçmiş rəisi Mövlam Şıxəliyevin məhkəməsinə qoşula bilməyib.
Qaynarinfo xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsinin hakimi İlqar Murğuzov Akif Mustafayevin vəkillərinin şikayətini təmin etməyib.
Məlumat üçün deyək ki, "Akula Akif” prosesə maraqlı şəxs qismində qoşulmağa çalışırdı. Bəzi iddialara görə, onun bu addımı Eldar Mahmudovun tövsiyəsi ilə olub. "Akula Akif” prosesə qoşulacağı təqdirdə Mövlam Şıxəliyevin işinin ağırlaşacağı söylənilirdi.
Bundan başqa, məlum olub ki, Mövlam Şıxəliyevlə yanaşı, onun ailə üzvləri də apellyasiya şikayəti verib. Onlar prosesə maraqlı şəxs qismində qoşulub. Generalın ailə üzvləri müsadirə olunmuş əmlaklarının geri qaytarılmasını istəyir.
Fevralın 6-da iş üzrə növbəti proses keçiriləcəkdi. Lakin proses yenə də təxirə salınıb.
Zərərçəkənlər hesab edir ki, prosesin tez-tez təxirə salınması müttəhimlərin özlərinə himayədar axtarışı ilə bağlıdır. Bu iddianın nə dərəcədə əsaslı olduğunu söyləmək çətindir.
Bakı Apelyasiya Məhkəməsində keçirilən prosesə Mövlam Şıxəliyevin həyat yoldaşı, qızı və oğlu maraqlı şəxs qismində qoşulublar. Onlar da əmlak davasında tərəfdirlər və müsadirəyə götürülən yerdə qalan əmlakları da geri tələb edirlər.
Mövlam Şıxəliyevə Cinayət Məcəlləsinin 182.3.1, 182.3.2 (külli miqdarda əmlak əldə etmək məqsədi ilə mütəşəkkil dəstə tərəfindən hədə qorxu ilə tələb etmə), 294.3 (sübutları saxtalaşdırma), 311.3.1 (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), Vüsal Ələkbərov, Yasin Məmmədov və Sahib Ələkbərova isə həmin Məcəllənin 311.3.1, 341.2.1, 341.2.3-cü (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma) və digər maddələri ilə ittiham elan olunmuşdu.
Cinayət işi üzrə 36 zərərçəkmiş var. Onlardan 3 nəfəri yolu MTN-dən keçəndən sonra xəstəlik taparaq dünyasını dəyişib. Zərərçəkmiş Cahangir Məmmədov isə intihar etməklə həyatına son qoyub. Bundan sonra həyat yoldaşı və 2 övladı Azərbaycanı tərk ediblər.
Seyid
Şərhlər