Xəbər lenti

Əfv sərəncamı ilə azadlığa çıxan sabiq məmurlar (SİYAHI)
Ölkə 09:30 11.05.2023

Əfv sərəncamı ilə azadlığa çıxan sabiq məmurlar (SİYAHI)

Müstəqillik əldə edildikdən üzü bəri Azərbaycanda çoxsaylı əfv sərəncamları imzalanıb. Bu sərəncamlar nəticəsində azadlığa çıxan şəxslər arasında vaxtilə müxtəlif vəzifələrdə çalışan yüksək rütbəli məmurlar da var. 

Azərbaycan Prezidenti İlham Əliyevin mayın 8-də imzaladığı son əfv sərəncamı ilə azadlığa çıxanlar arasında da 3 sabiq məmur var. Onlardan ikisi keçmiş Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarıdır. Bunlar MTN-in Antiterror Mərkəzinin şöbə müdiri Azər Mehdiyev və Əməliyyat-Texniki İdarənin şöbə rəisi Zaur Məmmədovdur. Hər iki MTN-çi 2015-ci ilin oktyabrında istintaqa cəlb edilib. 

Digər əfv olunan məmur isə Mədəniyyət nazirinin müavini Rafiq Bayramovdur. Bakı Ağır Cinayətlər Məhkəməsinin 2021-ci il 17 avqust tarixli hökmü ilə məhkum edilən sabiq nazir müavini 2020-ci ildə DTX tərəfindən keçirilən əməliyyatla həbs olunub.

O, 1,8 milyon manat rüşvət almaqda ittiham edilib. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətə azadlıqdan məhrum olunub. Bakı Apelyasiya Məhkəməsi isə onun cəzasını 4 il 6 aya endirmişdi.

Bu hadisəyə qədər əfv edilən məmurlar isə aşağıdakılardır:

İsgəndər Həmidov

İsgəndər Həmidov 17 mart 1995-ci ildə 1992-ci ilin avqust-oktyabr aylarında 701 nəfər məhbusu həbsdən azad etmək, "İstiqlal" qəzetinin redaktorunu və əməkdaşını döymək, 400 min ABŞ dollarını mənimsəmək və israf etmək ittihamları ilə 14 il müddətinə azadlıqdan məhrum edilib. 8 il həbs həyatı yaşayan sabiq daxili işlər naziri 2003-cü ilin dekabrında imzalanan əfv fərmanı ilə azadlığa çıxır.

Rəhim Qazıyev

Sabiq müdafiə naziri Rəhim Qazıyev 1993-cü ildə Şuşanın işğalında və vətənə xəyanətdə ittiham edilərək haqqında ölüm hökmü çıxarılıb. Sonradan ölüm cəzası ömürlük həbslə əvəz edilib. 12 il həbsdə qalan Qazıyev 2005-ci ilin dekabrında əfv fərmanı ilə azadlığa buraxılıb.

Surət Hüseynov

Keçmiş baş nazir Surət Hüseynov 2004-cü ilin martın 17-də verilən əfv fərmanı ilə həbsdən azad edilib. Belə ki, Baş nazir vəzifəsini itirdikdən sonra Azərbaycanı tərk edən Surət Hüseynov 1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilib və 1999-cu ilin fevral ayında məhkəmənin qərarı ilə ömürlük həbs cəzasına məhkum edilib.

Fərhad Əliyev

2005-ci ilin oktyabrında həbs edilərək 10 il müddətinə azadlıq məhrum edilən sabiq iqtisadi inkişaf naziri Fərhad Əliyev 14 oktyabr 2013-cü ildə Azərbaycan Prezidentinin Sərəncamı ilə cəzanın çəkilməmiş hissəsindən azad edilib.

Akif Muradverdiyev

2016-cı ilin martın 17-də verilən əfv sərəncamı ilə azadlığa çıxanlar arasında prezidentin sabiq işlər müdiri Akif Muradverdiyev də olub. O, 2013-cü ilin iyununda tutularaq, məhkəmənin hökmü ilə qaçaqmalçılıqda təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. 

Əli İnsanov

Sabiq səhiyyə naziri Əli İnsanov 2005-ci ilin oktyabrında külli miqdarda dövlət vəsaitini mənimsəməkdə ittiham olunaraq həbs edilib. 2016-cı ildə isə Ə.İnsanovun həbs müddəti yeni ittihamlarla 7 il 5 gün artırılıb. Keçmiş nazir 2019-cu ilin martında Prezident İlham Əliyevin sərəncamı ilə əfv edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->