Xəbər lenti

Əfqan qadınlarının acınacaqlı həyatı: kişi həkimə getmək olmaz, qadın həkim də yoxdur...
Murad KÖHNƏQALA
Dünya 10:59 04.10.2024

Əfqan qadınlarının acınacaqlı həyatı: kişi həkimə getmək olmaz, qadın həkim də yoxdur...

Məlum olduğu kimi dünyada qadın hüquqları sahəsində ən ağır vəziyyətin hökm sürdüyü ölkələrdən biri Əfqanıstandır. Beynəlxalq humanitar təşkilatların Taliban rejiminə dəfələrlə müraciət etməsinə baxmayaraq, rejim qadınlara qarşı anti-insani siyasət yeritməkdə davam edir. Bəs, Taliban rejiminin qadınlara qarşı düşmənçiliyi hansı səbəblərdən yaranıb? Hazırda əfqan qadını hansı şərtlər altında yaşamağa məcburdur? 

SSRİ-dən gələn azadlıq 

Bir zamanlar SSRİ-nin Əfqanıstanda mövcudluğu sayəsində əfqan qadınlarının həyatını yaxşılığa doğru necə dəyişdiyinə çoxları şahid olub. Həmin dövrə aid fotoşəkillərdə, video-materiallarda əfqan qadınlarının normal geyimdə, üzüaçıq vəziyyətdə küçələrdə, parklarda, ictimai yerlərdə sərbəst gəzib-dolaşdığını görürük. Sovet İttifaqının təsiri ilə qadınlar təhsilə cəlb olunur, dövlət qulluğunda və ayrı-ayrı xidmət sektorunda çalışırdılar. 

SSRİ ilə ABŞ arasında gedən Əfqanıstan müharibəsi düz on il davam etdi. Müharibə SSRİ-nin məğlubiyyəti ilə başa çatdı və sovet qoşunları ölkəni tərk etdilər. Həm də qoşunu yad ölkədən çəkdiyi 1989-cu ildən başlayaraq SSRİ tədricən dağılmağa başladı. 

SSRİ Əfqanıstana tam nəzarət edə bilmədiyi kimi ABŞ da orada mövcud olduğu 20 il ərzində buna nail ola bilmədi. 

Onu da qeyd etmək lazımdır ki, SSRİ-dən fərqli olaraq, ABŞ-ı əfqan xalqının taleyi o qədər də maraqlandırmayıb.  Doğrudur, ölkəni nəzarətə götürən Sovet İttifaqı da burada başlıca olaraq, öz maraqlarını güdürdü. Lakin bütün bunlarla yanaşı SSRİ tutduğu ərazilərdə maarifçilik yaymaq kimi bir dövləti missiyasını da həyata keçirirdi. İnsanları kommunizmin bütün dünyada zəfər çalacağına inandıran Sovet İttifaqı ələ keçirdiyi, təsir edə bildiyi hər yerdə mədəni inqilab başladırdı. ABŞ-ın isə hər hansı ölkəyə dair heç vaxt belə planları olmayıb, indi də yoxdur. 

Yaşamaq qadağandır! 

İndiki Əfqanıstanda xoşagəlməz olaylar yaşanır, qadın haqları məsələsində isə ölkədə vəziyyət xüsusilə ağırdır. Taliban rejiminin hökm sürdüyü ərazilərdə qadınların necə yaşadığını bu rejimin dini inanclarına əsaslanaraq asanlıqla təsəvvür etmək olar. Əfqanlar islam qanunlarına əməl etdiklərini iddia etsələr də, heç bir islam ölkəsində Talibanın uydurduğu qanunlar qədər ağır sistem yoxdur. Talibançılardan ötrü qadın o dərəcədə arzuolunmaz məxluqdur ki, küçədə tənha gedən istənilən qadınla rastaşan hər bir kişi günah qazanmış sayılır. Bu səbəbdən qadınların evdən çölə tək çıxması qadının ailəsinə böyük problemlər yaradır. 

İndi Əfqanıstan küçələrində qadın görmək nadir hadisədir. Talibanın qanunlarına görə qadınların evdən çıxmasına ehtiyac yoxdur. Eyni zamanda qızların məktəblərdə oxuması, eləcə də işləməsi qadağandır. Hətta qadın ağır yaralansa belə, kişi həkimə müraciət edə bilməz. Dərd orasındadır ki, ölkədə qadın həkim tapmaq da müşkül işdir. Bəzi bölgələrdə qadınlara mənzilin eyvanına çıxmaq və hətta pəncərədən baxmaq belə, qadağandır. Təcili olaraq evdən çıxmaq lazım gələrsə və yaxınlıqda onu müşayiət edə biləcək kişi ailə üzvü yoxdursa, qadınlar məcburən hiyləyə əl atmalı olurlar. 

Xarici jurnalistlə söhbət etmək imkanı tapan qadınlardan biri, təcili olaraq evdən bayıra çıxmaq üçün kişi paltarında və qiyafəsində maskalanmağa məcbur olduqlarını bildirib. 

Amerikalılar getdi, şəriət gəldi 

20 il bundan əvvəl amerikalılar Əfqanıstanda asayişi bərpa etmək və bu ölkənin qadınlarına kömək etmək niyyətindəymiş kimi görünürdülər. Qızlar üzüaçıq universitetlərə oxumağa gedir, qadınlar ofislərdə yüksək vəzifələr tutur, müəllim və həkim işləyirdilər - bunu əvvəllər təsəvvür etmək belə, mümkün deyildi. 

Elə ki amerikalılar Kabildən qaçdılar, Taliban dərhal bütün itirilmiş mövqelərini bərpa etdi. Doğrudur, rejim ABŞ-ın ölkədə mövcud olduğu son iyirmi ildə olduğu kimi  qadınların hüquqlarına hörmət edcəyinə söz vermişdi. Lakin taliblər verdikləri sözə əməl etmədilər.

Taliban qadın hüquqlarını elə vəziyyətə gətirdi ki, sərbəst şəkildə maşın idarə etməyi bacaran bir qadın burqasız (qadını gözlər istisna, başdan-ayağa bürüyən dini qara geyim) və kişisiz çölə çıxa bilmədi. Yəni, maşına əyləşmək üçün mütləq əynində burqa, yanında da ən azı bir kişi olmalıdır. Taliban qanunlarına görə təyyarəyə minən bir qadın 72 kilometrdən çox uça bilməz, eləcə də qadın idman zallarına və gözəllik salonlarına gedə bilməz. Əgər parkda  kişilər varsa, qadın parka da gedə bilməz. 

Zorakılıq - həyat tərzidir...

İctimai hamamlardan istifadə, televiziya və mediada çıxış etmək, reklam çəkmək kimi əməllər qadınlar üçün qadağandır. Qadınlar məktəblərdə və universitetlərdə nə oxuya, nə də dərs deyə bilərlər. Onlar yalnız müəyyən şərtlər altında dövlət qurumlarında işləyə bilərlər. İctimai yerlər şəriət polisinin  nəzarəti altındadır. Qaydaları pozan qadınları və onların yaxın kişi qohumlarını – atasını, ərini, qardaşını ağır cəzalar gözləyir. 20 il ərzində qismən azadlığa öyrəşmiş qadınlar bu qanunlara ilk vaxtlar etiraz etməyə çalışsalar da onların etirazı ən sərt üsullarla yatırıldı. Asayişçilər tərəfindən tutuqlanan qadınlara bağlı qapılar arxasında hansı dəhşətləri yaşatdıqlarını təsəvvür etmək elə də çətin deyil. 

Taliban hökuməti keçmişdən qalan qadın hüquqları komitəsini "Fəzilət və Pisliklərə Qarşı Mübarizə Nazirliyi” adlı şəri qaydalara əsaslanan qəddar bir idarə ilə əvəz edib. Beynəlxalq təşkilatların təzyiqlərinə cavab verən Taliban dünya ictimaiyyətinə bu vəziyyəti belə izah edir: "İslam ölkəsində islam şəriətinə əməl edilməlidir”. 

Təəssüf ki, əlindəki son model smartfonla daşqalaq videosu çəkən bir topluma insan haqlarının, gender bərabərliyinin, düşüncə azadlığının nə olduğunu izah etmək mümkün deyil. 

BMT-nin çağırışları nəticəsiz qalıb

Qadınların təhsili ilə bağlı suala Taliban rejiminin nümayəndəsi belə cavab verib:

"20-ci əsrin əvvəllərinə qədər bizim qadınlar təhsilsiz yaşayıblarsa, demək bundan sonra da yaşaya bilərlər. Təhsil və digər məsələlər xaricdən ixrac edilən mədəniyyətdir. Biz öz dinimizi və cəmiyyətimizi yad təsirlərdən qorumalıyıq”. 

Əlavə etməliyik ki, Əfqanıstandan fərqli olaraq, digər islam ölkələrində qadınların təhsil alması qadağan edilmir. 

Gözəllik salonlarının niyə qadağan edilməsi ilə bağlı suala cavab olaraq, Taliban rəsmisi bildirib ki, kosmetoloji xidmətlər qənaətcil əfqan ailələri üçün çox bahadır və ailə büdcəsinə zərərdir. Bir sözlə, talibançıların bütün suallara cavabı var. Onlar hesab edirlər ki, şəriət qanunlarına riayət etməklə əfqan qadınının azadlığı üçün kifayət qədər işlər görüblər. Beynəlxalq ictimaiyyət, təbii ki, qadınların taleyi ilə bağlı həyəcan təbili çalmaqdan əl çəkmir, BMT susmur. Hətta bəzi müsəlman ölkələri də  əfqan qadınlarının təhsilinə qadağa qoyulmasını pisləyir. 

Zərifə Qafarinin həyat dramı 

Əfqan qadın Zərifə Qafari 2018-ci ildə şəhərlərdən birinin meri təyin olunmuşdu. Bu qadına qarşı dəfələrlə silsilə sui-qəsdlər törədilib. Qadın hər dəfə sui-qəsddən sağ qurtulmağı bacarıb. Zərifəni öldürməyin mümkün olmadığını anlayan Taliban onun atasını qətlə yetirib. ABŞ qoşunları Əfqanıstanı tərk edəndə həmin qadına Taliban tərəfindən birbaşa ölüm təhdidi edilib. Nəticədə Zərifə Qafari vətənini tərk etmək məcburiyyətində qalıb. O, ailəsini əvvəlcə Pakistana, daha sonra isə Almaniyaya aparmağa nail olub. Xanım Qafarinin mübarizələrdə keçən ömrü həyatlarının dəyişə biləcəyinə inanan Əfqan  qadınları üçün stimul mənbəyi idi. Təəssüflər olsun ki, o ümidlər özünü doğrultmadı… 

Murad Köhnəqala 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->