Xəbər lenti

Şəfiqə Məmmədovanın qurultaysız sədr seçilməsi qanunidirmi? - Vəkilin şərhi
Ölkə 13:55 24.12.2022

Şəfiqə Məmmədovanın qurultaysız sədr seçilməsi qanunidirmi? - Vəkilin şərhi

"Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının üzvləri Xalq artisti Şəfiqə Məmmədovanın yenidən sədri seçiməsindən narazıdırsa, məhkəməyə müraciət edə bilərlər”. 

Bunu Qaynarinfo-ya vəkil Əkrəm Həsənov Xalq artisti Şəfiqə Məmmədovanın İttifaqın qurultayı keçirilmədən sədr seçilməsinin hüquqi tərəflərini izah edərkən deyib. Vəkil bildirib ki, nizamnaməni bilmədən ittifaqda nə baş verdiyini söyləmək çox çətindir:

"Yığıncağın video çəkilişi olmalıdır. Düzdür, bu qanunla tələb olunmur. Amma əgər video çəkiliş yoxdursa, bunun özü də müəyyən şübhələr doğurur. Qanuna görə iclasın yekunlarına dair protokolu yalnız iclasın sədri və katibi imzalaya bilər. Bu da böyük problem yarada bilər. Məsələn, ittifaqın 100 üzvü var, amma iclasa 40 nəfər gəlib, halbuki qanunla ən azı 51 nəfər gəlməli idi. İclasın protokolunu isə Şəfiqə Məmmədova ilə katib Cəmil Quliyev imzalayıb. Bu halda Şəfiqə Məmmədova protokolu dövlət orqanına təqdim edir və deyir ki, mən yenidən seçildim. Bundan narazı olan üzvlər yığılıb məhkəməyə müraciət edə bilər. Onlar sübut etməlidir ki, sözügedən iclasda yarıdan çox üzv iştirak etməyib və qərar etibarsızdır. Bunu da sübut etmək üçün bütün üzvləri məhkəməyə çağırılıb dindirilməlidir”. 
 


Vəkil deyir ki, qeyri-hökümət təşkilatları, birlikləri və fondları haqqında qanun var:

"Həmin qanuna görə ictimai birliyin iki orqanı var. Birincisi, onun üzvlərinin ümumi yığıncağı, ikincisi, icra orqanı var. Ümumi yığıncaq ildə bir dəfə toplanmalıdır. Onlar quruma sədr təyinini istəlinən müddətə edə bilərlər. Bu 2-5-10 il də ola bilər, dövlət bu məsələyə qarışmır. Əgər Şəfiqə Məmmədovanın səlahiyyət müddəti bitərsə, onu yenidən sədr təyin etmək üçün ümumi yığıncaq çağırılmalıdır. İndi biz onların nizamnaməsində bilmirik, bunun adını nə qoyublar? Yığıncaq, yoxsa qurultay? Ümumi yığıncaq çağırılıbmı? Bundan əlavə qanunda bir bənd var, ümumi yığıncağın vaxtı və məkanı haqqında ən azı iki həftə əvvəl üzvlərə məlumat verilməlidir. Yığıncaqda üzvlərin yarıdan çoxu iştirak edirsə, o zaman səlahiyyətlidir. Amma görünən odur ki, bu yığıncaqda üzvlərin bəzilərinə məlumat verilməyib. Əgər yığıncaqda üzvlərin yarıdan çoxu iştirak edibsə o zaman onlar qərar qəbul edə bilər. Yox, üzvlərin yarısı iclasa gəlməyibsə o zaman qərar verməyə onların səlahiyyəti yoxdur”.

Azərbaycanda iki belə təşkilat ola bilərmi? Əkrəm Həsənov bunun mümkünlüyünü vurğulayıb:

"Ola bilər, qeyri-hökümət təşkilatlarıdır. Hətta 10 təşkilat da ola bilər. Amma eyni adla onu Ədliyyə Nazirliyi qeydiyyatdan keçirməməlidir. Belə olarsa, üstünlük yalnız birinci yaranana verilir”. 

Qeyd edək ki, bu günlərdə Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yığıncağı keçirilib. Şəfiqə Məmmədova iclas iştirakçılarının yekdil razılığına əsasən yenidən Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı İdarə Heyətinin Sədri seçilib. 

İttifaqın üzvü Xalq artisti Əbdül Mahmudbəyov isə mətbuata açıqlamasında deyib: "Şəfiqə Məmmədova ilin sonunda hesabat adı ilə İdarə Heyətini çağırıb, seçki edərək özünü sədr seçdirib. Həmçinin, mətbuat xidməti idarəsinin xəbəri olmadan mediaya deyib ki, qurultay keçirildi və mən sədr seçildim. Hansı qurultay? Harada keçirildi? İclasda İdarə Heyətindən 8-10 nəfər iştirak edib. Lakin burada ittifaqa daxil olan ən sadə üzvdən rəhbər heyətə qədər hamı iştirak etməli idi. Həmçinin, qurultayda sədr seçmək üçün bir neçə namizəd olmalıdır. Nə qurultay baş tutub, nə də Şəfiqə Məmmədovaya alternativ namizəd olub. Şəfiqə xanım da deyib ki, Şeyx gəlsə, aləmi qatar bir-birinə, kinoya xidmət edən və ittifaqın yadacısı olanlardan biri mənəm. 50 ildir ki, bu sahədəyəm, Şəfiqənin o zaman harada olduğunu heç kim bilmir. Şəfiqə Məmmədova hazırda bilmir ki, ittifaqda kim nə ilə məşğuldur. Mən 10 ildir ki, kinoda yoxam, onun isə bu sahəyə heç bir aidiyyatı yoxdur”.

Şəfiqə Məmmədova Qaynarinfo-ya açıqlamasında bildirib ki, İttifaqın sədrinin seçilməsi qurultay keçirməklə müəyyən olunmur: "Bizdə qurultay deyl. Nizamnaməmiz bütün qurumların nizamnaməsindən fərqlidir. Nizamnaməyə görə, təsisçilərin iştirakı ilə yığıncaq çağırıla bilər. Həmin yığıncağımız da bir neçə gün öncə olub və bununla bağlı dövlət xəbər agentliyi də məlumat yayıb. Vəssalam, bundan əlavə heç nə deməyəcəm”.

Əməkdar İncəsənət xadimi Ayaz Salayev də Qaynarinfo-ya açıqlamasında həmin yığıncaqda iştırak etdiyini açıqlayıb: "Şəfiqə xanım iclasda deməyib ki, "mən sədr seçilmişəm”. Bu işləri Cəmil Quliyev bilir, mən prosesləri o qədər də bilmirəm. Oradan maaş almıram. Amma mən Şəfiqə xanımı dəstəkləyirəm. Ondan başqa rəhbərlikdə heç kimi görmürəm”.

Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->