Azərbaycan Premyer Liqasının 10-cu turunda ən maraqlı və gərgin keçən oyunlardan biri də "Sabah” - "Zirə” qarşılaşması oldu.
İlk "4-lük”də yer alan komandaların "Bank Respublika Arena”da baş tutan görüşü meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə yekunlaşdı. Amma qarşılaşmanın 84-cü dəqiqəsində "Zirə”nin futbolçusu Coşqun Diniyevin qırmızı vərəqə ilə meydandan kənarlaşdırılması xüsusən də qonaqlar tərəfindən kəskin qarşılandı. "Zirə”nin baş məşqçisi Rəşad Sadıqov oyunsonrası mətbuat konfransında futbolçusunun bu şəkildə meydandan qovulmasına görə narazılığını çatdırdı:
"İstəyirsiniz, sizə Azərbaycan çempionatından və dünya futbolundan 1 saatlıq videorolik yığım göstərim. O qədər sarı vərəqəsi olan futbolçular var ki, etiraz edir, amma ikinci "sarı" verilmir. Elçin Məsiyevə yaxınlaşdım, sual verdim ki, neçə dəfə belə ikinci "sarı" göstərmisən? Bir anlıq fikirə getdi və cavab verə bilmədi. Elçin yox, başqası olsun. Oyunu yaxşı idarə edirdi, amma kritik məqamdır, sona 10 dəqiqə qalıb, hücumlarımızı artırmışıq. Bu vəziyyətdə azlıqda qalmaq komandanı oyundan qoparır. Sadəcə, bu tip qərarlar soyuqqanlı şəkildə həmişə "Zirə"yə qarşı olur. Sizə çoxsaylı epizodlar göstərərəm... Nəysə... Hakimlikdən çox danışmaq istəmirəm”.
Təbii ki, komandanın hesabda geridə olduğu bir məqamda, özü də futbolçunun nə rəqibə, nə də hakimə qarşı təhqirə yol verdiyi, amma etiraza görə ikinci sarı vərəqə ilə meydandan qovulması mübahisəyə açıq məsələdir. Belədə Rəşadın hakimlərin "Zirə”yə qarşı qərarları soyuqqanlı şəkildə verdiyini deməsi normaldır. Əslində, məsələ ilə bağlı futbolçunun fikirlərini öyrənmək istəyirdik. Amma Coşqun zənglərimizə cavab vermədiyindən onun atası, Azərbaycanın tanınmış müəxəssislərindən olan Şahin Diniyevlə danışdıq. Diniyev Qaynarinfo-ya açıqlamasında bunları söylədi:
"Mənim fikrimcə, ona qədər "Sabah”ın futbolçusu Aleksey İsayevə ikinci sarı vərəqə göstərilməli idi. Üç epizod oldu, hansı ki, birincidə Aleksey Coşqunu açıq şəkildə dirsəyi ilə vurdu. Zərbə üzə dəyibsə bu, sarı vərəqə deməkdir. Hətta ciddidirsə, qırmızı vərəqə olmalıdır. Ancaq yüngül şəkildə toxunubsa belə, ən azı hakim "sarı” göstərməli idi. Daha sonra maykasından tutub dartmaq da sarı vərəqəlik epizod idi. Bu, futbol qanunlarında var, özümdən icad etmirəm. Coşqun etiraz edirdi ki, rəqib üç dəfə onu kobud şəkildə saxlayıb, amma hakim sarı vərəqə göstərməyib. Bu, sadəcə etirazdır, təhqir deyil. Futbol emosiyalara bağlı oyundur. Dünyada futbolçular hətta hakimin üzərinə gedir, üz-üzə ona nəsə deyir. Məgər dünya futbolunda belə məqamlarda hakim ona qırmızı və ya sarı vərəqə göstərir? Futbolçu meydanda emosional olmalıdır, etiraz etməlidir. Ümumiyytlə, belə vəziyyətlərdə vərəqə göstərildiyini görməmişəm. Çünki Coşqun kimisə yıxmayıb, təhqir etməyib. Sadəcə, bildirib ki, onu üç dəfə kobud şəkildə saxlayan rəqibə sarı vəqə nə üçün verilməyib. Mən Coşqunun tərəfini saxlamıram. Onda da səhv var ki, hakimə bu sözü deməməlidir. Hakim özü başa düşməlidir. Ancaq Coşquna qarşı üç dəfə eyni hal təkrar olursa və hakim görmürsə, etiraz nə sarı, nə də qırmızı vərəqəlikdir. Ümumiyyətlə, bunu düzgün qərar hesab etmirəm. Futbol hakimliyində yazılan qanunla danışdım. Qaydalar kitabında olan 17 punktdan biridir. Belə şey yoxdur axı. Təhqir olsa bu, başqa, amma mədəni şəkildə etiraz edibsə, futbolçu cəzalanmamalıdır. Maraqlı tendensiyadır”.
Oyunsonrası mətbuat konfransında Sadıqov, ümumiyyətlə, hakimlərin "Zirə”yə qarşı soyuqqanlı olması fikrinə də Diniyevdən münasibət öyrəndik:
"Buna münasibət bildirsəm, həm hakimliyə, həm də "Zirə”nin işinə qarışmaq kimi çıxar. Sadəcə, bir epizodla bağlı fikrimi bildirdim ki, hakimin qərarı 100 faiz səhv idi. Futbol qanunlarına görə, belə olmamalıdır. Bəlkə oğluma deyil, başqa bir futbolçuya qarşı belə bir səhv qərar versəydi… Mən yenə eyni fikirdə olacaqdım. Hakimlik kodeksinə əsasən fikirlərimi dedim. Zərbə sifətə dəyirsə, vərəqə olmalıdır. Baxır şiddətə, zərbə güclüdürsə və qanaxma varsa, bu artıq qırmızı vərəqəlikdir. Ümumiyyətlə, dirsək açılırsa, sarı vərəqə anlamına gəlir. Bu isə Aleksey üçün ikinci "sarı” olacaqdı. Hücuma gedən futbolçunun maykasını arxadan dartmağa deyil, adi etiraza "sarı” verilirsə, bu, qaydalara ziddir. Düzdür, hakim də insandır, emosiyalara qapıla bilər, nədənsə xoşu gələ, yaxud gəlməyə, nəyisə görə və görməyə bilər. Amma hakimlik kodeksində dediyim sözlər yazılıb”.
Səbuhi Həsənov
Şərhlər