Əməkdar artist Dilarə Əliyeva oktyabrın 26-da Heydər Əliyev Sarayında baş tutacaq "Mintonasiya” adlı stand-up konserti ilə bağlı bu gün mətbuat konfransı keçirib.
Qaynarinfo xəbər verir ki, konfransa Dilarə Əliyeva, ssenarist Fariz Əliyev və jurnalistlər qatılıb.
Konfransı giriş sözü ilə aktrisa özü açaraq Azərbaycanda ilk dəfə rellaşdıracağı stand-up layihəsinin necə ərsəyə gəlməsindən söz açdı:
"Konsert Azərbaycanda böyük səhnədə bir qadının təqdimatında ilk stand-up kimi tarixə düşəcək. Layihənin ssenari və ideya müəllifi Fariz Əliyevdir. Bu ideya haqqında neçə illərdir ki, düşünürdük. Mənim bu konsertə böyük sevgim və həvəsim var idi. Amma nədənsə layihəni gerçəkləşdirə bilmirdik. Farizlə danışdıq, çox maraqlı adlar təklif edildi. Sonda ürəyimizə yatan "Mintonasiya” oldu. Biz söz adamıyıq. Bu işi yalnız komediyaçılar həyata keçirə bilərlər. Onlar hər şeyi görür və yerində dəyərləndirə bilir. Bu cür adamlar üçün söz ən böyük nemətdir. Sözü çatdırmaqdan da çox şey asılıdır. Demək ki, əsas sözlər deyil, bizim intonasiyalarımızdır. İntonasiya min cür ola bilər. Fariz Əliyev dedi ki, min intonasiya deməkdənsə, ikisi bir arada səslənə bilir və nəticədə gözəl bir söz yaranır. Baxan kimi anlaşılır ki, mintonasiya nə deməkdir”.
Dilarə Əliyeva vurğuladı ki, insanlar intonasiyaları ilə həm dost, həm də düşmən qazana bilərlər:
"Həyatda hər şeyi intonasiya həll edir. Səsin, sözün, danışığın bir intonasiyası olmalıdır. Mən insanları intonasiyalarından dərhal seçirəm”.
Dilarə Əliyeva "Mintonasiya”da tamaşaçılarına bolluca gülüş vəd etdi:
"Konsertdə gözlənilməz və gözlənilən mövzular var, amma şou-biznes yoxdur. Bu dəfə kişi-qadın mövzusu aktual olacaq. Səhnədə tək özüm olacam. Biz bu dəfə kişi həyatının necə və niyə belə olduğunu deməyə çalışacağıq”.
Aktrisa Fariz Əliyevin ssenarisindən razı qaldığını bildirdi:
"Fariz Əliyevin qələmini hər zaman dəyərləndirmişəm. Fariz Əliyev qələmi gülmək üçün yox, düşünərək gülmək üçündür. Ssenari mənim qarşıma gələn kimi heç bir cümləsini çıxarmadan qəbul etdim. Mətndə yerində işlənən düşündürücü yumorlar və zarafatlar var. Amma mən də intonasiyalarıma fikir verməliyəm ki, kiminsə qəlbini qırmayım, nəsə insanlara toxunmasın. Amma hər kəs də nəticə çıxartsın. Hər kəs orada gülsün, amma getsin evində düşünsün ki, Dilarə düz deyirdi. Konsertə kimi çox həyəcan keçirdim, əziyyətlərə qatlaşdım. Əziyyət insanların gözünə görünmür, onlar sadəcə gülür. Amma mən bu gülüşü onlara təqdim edənə kimi çox ağlamışam. Güldürmək çox çətinidr. Komediya çox ciddi bir janrdır”.
Dilarə Əliyeva heç kimə pulsuz bilet verilmədiyini də vurğuladı:
"Kim istədisə, dedim biletlər sarayın kassalarında satılır”.
Aktrisa konsertin tarixindən də söz açdı:
"Bu, Fariz Əliyevin ideyasıdır. Konsertin vaxtı ilə bağlı çox götür-qoy etdik. Fariz dedi ki, ən yaxşı gün elə sənin ad günündür. Əslində ad günüm oktyabrın 27-dir. Amma həmin günü sarayda yer olmadığından konserti oktyabrın 26-a təyin etdik. Həmin gün bütün pərəstişkarlarımı gözləyirəm”.
Qeyd edək ki, tamaşanın biletlərini
"İticket" platformasından və şəhərin bütün kassalarından əldə edə bilərsiniz.
Konsert oktyabrın 26-da Heydər Əliyev Sarayında baş tutacaq.
Bahar Rüstəmli
Şərhlər