Xəbər lenti

Deputat:
Siyasət 14:25 18.05.2024

Deputat: "Bu görüş yeni milli çağırışlar baxımından strateji əhəmiyyətə malikdir"

Xəbər verdiyimiz kimi, mayın 16-da siyasi partiyalarla dövlət orqanları arasında konstruktiv əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə Prezident Administrasiyası tərəfindən Milli Məclis Aparatının, Mərkəzi Seçki Komissiyasının, Hesablama Palatasının, Ədliyyə və Maliyyə nazirliklərinin, habelə 25 siyasi partiyanın nümayəndələrinin iştirakı ilə görüş təşkil olunub.

Sözügedən görüşlə bağlı Qaynarinfo-ya açıqlama verən Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycanın siyasi sistemi qısa müddət ərzində legitim konstruktiv əməkdaşlığa doğru mühüm bir inkişaf dinamikası göstərməyi bacardı:

"İlk dəfə 2020-ci ildə siyasi partiyalar milli maraqlar ətrafında vahid mövqe nümayiş etdirməyi bacardılar. "Siyasi partiyalar haqqında” yeni qanunun qəbulu edilməsi ilə tamamilə fərqli reallığa daxil olduq. İlkin mərhələdə qeydiyyat, maliyyə hesabatlılığı, hüquqi qeydiyyatdan keçmə prosedurlarına təzyiq vasitəsi kimi baxanlar qısa müddət sonra bunun belə olmadığını anladılar".
 


Deputatın fikrincə, ötən əsrin 90-cı illərinin ictimai-siyasi reallıqları əsasında formalaşan siyasi sistem yeni reallıqlara uyğunlaşaraq inkişaf tarixinin yeni mərhələsinə qədəm qoyub:

"Bu proses əslində siyasi partiyaların hansısa xarici mərkəzlərin inhisarından qurtulması və milli demokratiyaya uyğunlaşması da hesab edilə bilər. Yəni siyasi sistemimizin aparıcı aktorları artıq ATƏT, Avropa Şurası, müxtəlif siyasi fondlar vasitəsilə deyil, dövlətimizin müvafiq institutları ilə birbaşa görüşür və onu narahat edən məsələləri müzakirə edirlər. Bu partiyaların öz dövlətinə mənsubiyyət və etimadını göstərir. Beləliklə, bu gün Azərbaycanın siyasi sistemi milli keyfiyyət qazanmaqla milli demokratiya nümunəsi yaradır. Bu mənada Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin 25 siyasi partiyanın rəhbərləri ilə görüşməsi, Prezident İlham Əliyevin təşəbbüsü ilə ölkədə davamlı olaraq müxtəlif siyasi qüvvələr arasında konstruktiv əməkdaşlıq, sağlam siyasi dialoq və ümummilli məsələlərdə həmrəylik mühitinin təşviq olunması, demokratik inkişafımızın gələcəyi baxımından yeni perespektivlər açır. Bu isə yeni milli çağırışlar baxımından strateji əhəmiyyətə malikdir". 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->