İspaniyalı mütəxəssis Mikel Arteta cari mövsüm başa çatdıqdan sonra Londonun "Arsenal" klubunun baş məşqçisi postunu tərk edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə sport.es məlumat yayıb.
Nəşr qeyd edir ki, 41 yaşlı mütəxəssis bu variantı nəzərdən keçirdiyini ətrafına məlumat verib. Artetanın klubla müqaviləsi 2024/25 mövsümünün sonuna qədərdir, lakin rəhbərliklə yaxşı münasibətlər ona cari mövsümün sonunda qarşılıqlı razılıq əsasında mümkün gediş barədə razılığa gəlməyə imkan verir.
Eyni zamanda, "Sky Sports" Artetanın "Arsenal"dan ayrılmaq istəyi ilə bağlı məlumatların doğru olmadığını yazıb.
Arteta 2019-cu ildən "Arsenal"ı çalışdırır. Onun rəhbərliyi altında London klubu İngiltərə Kubokunu (2020) qazanıb və iki dəfə (2020, 2023) ölkə Superkubokuna sahib çıxıb. Premyer Liqanın cari mövsümündə "Arsenal" 43 xal toplayaraq 21 turdan sonra üçüncü pillədə qərarlaşıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Yurgen Klopp da mövsüm bitdikdən sonra "Liverpul"u tərk edəcəyini bildirib.
Aydın
Şərhlər