"Dağıstandakı terror aktı ölkədaxili mübarizənin təzahürüdür”.
Bunu Qaynarinfo-ya açıqlamasında "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib.
Ərəstun Oruclu bildirib ki, bu hadisə ilə bağlı iki versiya əsasdır:
”Birinci versiya terrorçu təşkilatların Rusiyanı hədəf alması və bu ölkə daxilində sabitliyi pozmaq cəhdləridir. Terrorun qarşıya qoyduğu hədəflərdən biri dövləti bu və ya digər addımlar atmağa məcbur etməkdir. Rusiyada isə bu olduqca səmərəsiz metoddur. Rusiya dövlətinə bunun təsiri minimaldır, hətta yox dərəcəsindədir.
İkinci versiyaya görə isə Dağıstandakı olay Rusiyanın xüsusi xidmət orqanları və bütövlükdə güc strukturlarında gedən kadr dəyişikliklərilə bağlı ola bilər. Rusiyanın güc strukturlarında gedən kadr dəyişiklikləri artıq xüsusi xidmət orqanlarına da çatıb. FSB-nin olduqca mühüm qurumlarının rəhbərləri dəyişdi. Ardınca Dağıstanda terror aktı baş verdi”.
Bu isə həmsöhbətimizə görə onu göstərir ki, Kremldə Rusiyanın əsas dövlət qurumu olaraq Federal Təhlükəsizlik Xidmətinin kimin nəzarətinə keçməsi ciddi müzakirə və mübahisə predmetidir:
"İstisna etmirəm ki, həmin terror aktında FSB rəhbərliyinə iddia edən qruplardan birinin iştirakı var. Terror aktının eyni gündə 3 nöqtədə baş verməsi adi terrorçu təşkilatın təşkil edib ortaya qoya biləcəyi məhsul deyil. Onun arxasında birmənalı şəkildə xüsusi xidmət orqanları dayanır. İlk növbədə ağıla gələn də Rusiya FSB-dir”.
Ə.Oruclunun fikrincə, bu kimi olaylarla Rusiya kimi dövləti küncə sıxmaq mümkün deyil:
"Moskva bütün bu kimi hadisələrdə adətən Ukrayna və Qərbi ittiham edir. Kiyev və Qərb bu cür terror aktları ilə heç nəyə nail ola bilməzlər. Rusiyada kriminogen və siyasi şərait tam olaraq dövlətin nəzarəti altındadır. Deməli, belə olaylarla dövləti qorxutmaq, onu küncə sıxmaq qeyri-mümkündür”.
Ekspert düşünür ki, qonşu respublikada baş verən hadisə Azərbaycan üçün də müəyyən təhlükələr vəd edir:
"Belə terror aktları son olaraq hansısa destablizasiya proseslərinə təkan verə bilər. Dağıstan da Azərbaycanla sərhədədir. Dərbənd də azərbaycanlıların kompakt yaşadığı ərazilərdəndir. Ona görə də Azərbaycan ilk növbədə sərhəd boyu hərbi gücünü artırmalıdır ki, həmin terrorçular, onlardan ölkəmizə qarşı istifadə etmək istəyənlərin qarşısı alınsın. Terrorçularla danışıq aparmaq, onları bu yoldan çəkindirmək qeyri-mümkündür. Ona görə də sərhədimiz yaxınlığında baş verən hadisələrdə hər zaman kifayət qədər diqqətli olmalıyıq”.
Qeyd edək ki, ötən bazar günü Dağıstanın Mahaçqala və Dərbənd şəhərlərində naməlum şəxslər sinaqoq və kilsəni avtomat silahlardan atəşə tutublar. Hadisə Moskva vaxtı ilə təxminən saat 18:00-da baş verib. 25 nəfər xəsarət alıb. Terror aktı nəticəsində 15-dən çox polis əməkdaşının həyatına son qoyulub. Bundan başqa 24, 25 və 26 iyun Dağıstanda matəm günləri elan edilib.
Rüfət Sultan
Şərhlər