Xəbər lenti

Dağıstanda İsrailə qarşı iğtişaşlardan sonra həbslər başladı
Dünya 11:09 30.10.2023

Dağıstanda İsrailə qarşı iğtişaşlardan sonra həbslər başladı

Mahaçqala hava limanında kütləvi iğtişaşlardan sonra təhlükəsizlik qüvvələri onların iştirakçılarını tutmağa başlayıb. 

Qaynarinfo xəbər verir ki, RF Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Baş İdarəsinin məlumatına görə, əməliyyatçılar iğtişaşlarda iştirak edən 150-dən çox şəxsi müəyyənləşdirib, onlardan 60-ı saxlanılıb.

O da bildirilir ki, saxlanılma istiqamətində aparılan əməliyyat tədbirləri zamanı müxtəlif dərəcəli bədən xəsarətləri almış 9 polis əməkdaşından ikisi xəstəxanadadır.

Bu arada Dağıstan hakimiyyəti şəhər və rayonlarda təhlükəsizlik tədbirlərini gücləndirib. Regional hökumətin bəyanatında deyilir ki, respublika rəhbərliyi bu qərarın qəbul edildiyi iclas keçirib.

Rəsmilər hava limanının fəaliyyətini yaxın günlərdə, təxminən oktyabrın 31-də "təftiş işlərindən sonra” bərpa edəcəklərini vəd ediblər. Vəziyyət Dağıstanın rəhbəri Sergey Melikovun nəzarətindədir.

Liman əməkdaşları qeyd edirlər ki, hazırda Mahaçqala hava limanında vəziyyət sakitdir. Hadisə yerində təhlükəsizlik qüvvələri növbətçilik edir. Səhiyyə Nazirliyinin son məlumatına görə, iğtişaşlar zamanı xəsarət alan on nəfər xəstəxanalara yerləşdirilib. Onlardan ikisi polis əməkdaşıdır.

Xatırladaq ki, oktyabrın 29-da axşam saatlarında Mahaçqala hava limanının yaxınlığında bir neçə min insan toplaşıb. Onlar Tel-Əvivdən gələn təyyarənin enməsinə qarşı çıxıblar. Bir qrup şəxs hava limanının işini iflic vəziyyətinə salaraq içəri daxil olub. "Podyom” və "İzvestiya” nəşrləri xəbər verir ki, bəzi şəxslər hava limanının beynəlxalq aerovağzal binasına soxularaq onu bağlayıblar, sonra isə uçuş-enmə zolağına çıxıblar. Mahaçqala hava limanı gediş-gəliş üçün bağlanıb. Hava limanında baş verən iğtişaşlar səbəbindən Dağıstanın rəhbəri Sergey Melikovun rəhbərliyi ilə "ictimai-siyasi vəziyyətlə əlaqədar” qərargah yaradılıb.

Bir qədər sonra Səhiyyə Nazirliyi iğtişaşlar nəticəsində onlarla insanın xəsarət aldığını bildirib. İstintaq Komitəsinin Dağıstan üzrə şöbəsi cinayət işi açıb, istintaqı respublika prokurorluğu nəzarətə götürüb və Daxili İşlər Nazirliyinin Şimali Qafqaz Federal Dairəsi üzrə Departamenti iğtişaşlarda iştirak etmiş cinayət törədən hər kəsin şəxsiyyətini müəyyənləşdirməyə söz verib. 

Etirazçıların hərəkətləri regionun rəhbəri Sergey Melikov tərəfindən tənqid edilib və respublikanın baş naziri Əbdülmüslim Əbdülmüslimov gəncləri "dünya birliyindəki vəziyyətlə bağlı öz mövqelərini konstruktiv şəkildə ifadə etməyə” çağırıb. Etirazçılar həmçinin Dağıstan Müftisi, Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsi, Rusiya Yəhudi Konqresi və başqaları tərəfindən də tənqid edilib. Mahaçqala hadisələrindən sonra İsrail hakimiyyəti Rusiya hüquq-mühafizə orqanlarını "harada olmalarından asılı olmayaraq” İsrail vətəndaşlarının və yəhudilərin təhlükəsizliyini təmin etməyə çağırıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->