Xəbər lenti

Corc və Amal Kluninin fondu Rusiya hərbçilərini məhkəməyə verir
Dünya 23:55 01.07.2024

Corc və Amal Kluninin fondu Rusiya hərbçilərini məhkəməyə verir

BMT-nin hüquqşünası Amal Kluni və onun həyat yoldaşı, Hollivud ulduzu Corc Kluninin rəhbərlik etdiyi Beynəlxalq İnsan Haqları Mərkəzi (CEHRI) və Ədalət üçün Kluni Fondu (CFJ) Rusiya hərbçilərini məhkəməyə verir.

Qaynarinfo xəbər verir ki, bu barədə CFJ məlumat yayıb.

Fond bildirib ki, bazar ertəsi Avstriya Federal Prokurorluğuna Rusiya hərbçilərinin Ukraynada törətdiyi cinsi zorakılıq və qətl cinayətlərinin araşdırılması tələbi ilə iddia qaldırılıb. İddia Rusiyanın Ukraynaya təcavüzünün ilk günlərində Kiyev vilayətində kəndi ələ keçirmiş hərbçilərə qarşı sübutlara əsaslanır. CFJ o zaman rus əsgərləri tərəfindən zorlanan iki qadını təmsil edir.

İddia cinayətin birbaşa icraçılarına, habelə şübhəli şəxs qismində müəyyən edilmiş yeddi orta və yüksək rütbəli komandirə qarşı yönəlib.

"Yelena və Olqanı (adlar dəyişdirilib) gecə vaxtı sərxoş rus əsgərləri komandirinin müşayiəti ilə evlərindən aparıblar. Hərbçilər əvvəlcə Yelenaya yaxınlaşıb. Əsgərlərin onu öldürüb-öldürməyəcəyini soruşduqda komandir cavab verib ki, qorxmalı heç nə yoxdur, çünki oğlanlar sadəcə əylənmək istəyirlər", deyə qeyd edilir.

Sonra əsgərlər Olqanın evinə gediblər. Əri onların arvadını aparmasına mane olmaq istəyəndə hərbçilər onu yerindəcə güllələyiblər.

Dəfələrlə təcavüzə məruz qaldıqdan sonra hər iki qadın iddiaya görə qaçaraq evlərinə dönə bilib. Bir neçə həftə sonra kənd Ukrayna qoşunları tərəfindən azad edilib. Qadınlardan biri orada qalıb, digəri Avstriyaya qaçıb.

Avstriyanın qeyri-kommersiya təşkilatı olan CEHRI ətraflı hüquqi təhlil apararaq, Avstriyanın ekstraterritorial yurisdiksiya prinsiplərinə əsaslanaraq bu cinayətləri Avstriya məhkəmələrində müharibə cinayətləri və insanlığa qarşı cinayətlər kimi araşdırmaq və təqib etmək səlahiyyətinə malik olduğunu göstərib.

CFJ Fondunun bəyanatında deyilir: "Cinayətlər BMT orqanları və digər təşkilatlar tərəfindən geniş şəkildə sənədləşdirilib, Rusiya qüvvələri tərəfindən işğal olunmuş ərazilərdə mülki şəxslərə qarşı geniş yayılıb və sistematik insan hüquqları pozuntularının bir hissəsi kimi törədilib".

Avropa Məhkəməsi Təşəbbüsünün Hüquqi Direktoru Anya Neistat deyib: "Bu iş hər şeydən əvvəl öz sözünü deməyə və ədaləti axtarmağa qərar verən iki ukraynalı qadının inanılmaz cəsarətinin sübutudur".

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->