Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson Qərbi Rusiyanı Ukraynaya qarşı müharibəyə təhrik etməkdə ittiham etdiyi üçün Birləşmiş Krallıqda İslahat Partiyasının (Brexit Partiyası adlanır) lideri və həmtəsisçisi Naysel Faraja cavab verib.
Qaynarinfo xəbər verir ki, keçmiş baş nazir X-dəki hesabında britaniyalı siyasətçinin mövqeyini "Kremlin daha bir təbliğatı” və "acıverici tarixdən kənar cəfəngiyat” adlandırıb.
"Heç kim Putini təhrik etməyib. Heç kim ayını çubuqla vurmayıb. Ukrayna xalqı 1991-ci ildə böyük səs çoxluğu ilə suveren və müstəqil ölkə olmaq üçün səs verib. Onların həm NATO, həm də Aİ-yə üzv olmaq hüququ var", deyə Conson vurğulayıb.
Sabiq baş nazir vurğulayıb ki, Rusiyanın 2014 və 2022-ci illərdə Ukrayna dövlətinə qarşı təcavüzünə görə yalnız bir nəfər məsuliyyət daşıyır - Vladimir Putin.
"Təqsiri başqalarının üzərinə atmağa çalışmaq mənəvi cəhətdən iyrəncdir və Putinin yalanlarını populyarlaşdırır", deyə keçmiş nazir əlavə edib.
Onun fikrincə, son 30 ildə problem Qərbin təxribatları deyil, Rusiyanın təcavüzü qarşısında Qərbin zəifliyidir.
Qeyd edək ki, Conson Farajın "The Telegraph"dakı məqaləsinə belə reaksiya verib. Bu materialda siyasətçi iddia edib ki, son 10 ildə o, Qərbin Putinin əlinə oynadığını, ona istədiyini etməyə əsas verdiyini deyib.
"Hələ 2014-cü ildə Aİ Ukraynaya üzvlük haqqında saziş təklif edəndə mən Avropa Parlamentindəki çıxışımda demişdim ki, Ukraynada müharibə olacaq. O vaxtdan bəri dəfələrlə demişəm ki, rus ayısını çubuqla dürtmələyirsənsə, cavab versə, təəccüblənmə...", deyə müəllif vurğulayır.
Alpər
Şərhlər