Xəbər lenti

Dünya 16:24 06.05.2024

"Çin artıq qlobal gücdür və masada əyləşmək istəyir" - Ekspert

"Pekin Avropanı öz tərəfinə çəkə bilsə, ABŞ-ın təcrid siyasətindən yaxa qurtaracaq".
 
Bunu Qaynarinfo-ya açıqlamasında konfliktoloq Üzeyir Şəfiyev Çin lideri Si Szinpinin Avropaya, özəlliklə də Fransaya səfərini şərh edərkən deyib.

Ekspert bildirib ki, Çin liderinin Avropa ölkələrinə, Fransa, Serbiya və Macarıstana səfəri əslində hər iki tərəf üçün faydalıdır:

"Geosiyasi maraqlara və bəzi konfliktlərə görə Avropa ilə Çin arasında problemlər yaşanıb. Pekinin qənaətinə görə, Avropanın bəzi ölkələri ABŞ-ın təsiri altındadır. Onlar həmin Avropa ölkələrinə ABŞ-ın proksi qüvvələri kimi yanaşır. Ona görə də Avropa ölkələrilə Çin arasında bir uçurum, bir-birinə etimadsızlıq yarandı. Bu baxımdan, Si Szinpinin Avropa səfəri, xüsusən də onun Fransada olması maraqlı gəlişmədir".
 


Həmsöhbətimiz deyir ki, Szinpinin bu səfəri tərəflər arasında itirilmiş etimad mühitinin bərpası və Çini Rusiyaya əlavə dəstək verməkdən çəkindirməyə hesablanmış addımdır:

"Pekin çalışır ki, Ukrayna müharibəsi ilə bağlı müzakirələrdə Rusiya da masada olsun. Çin qlobal gücdür. Bu isə ABŞ-ı narahat edir. Pekin istəyir ki, Vaşinqtonun çətiri altında olan dövlətlərlə yenidən münasibət qurub etimad mühiti və istiləşmə yaratsın. Buna nail olarsa, Çin ABŞ-ın ona qarşı yaratdığı təcrid siyasətindən yaxa qurtara biləcək". 

Ekspert qeyd edir ki, hər iki tərəfi narahat edən məsələlərdən biri də ABŞ-da olacaq seçkilərdə Donald Trampın yenidən prezident olması ehtimalıdır: 

"Tramp əvvəlki kimi indi də NATO ilə münasibətlərə yenidən baxmağa, Avropanın təhlükəsizliyində yaxasını kənara çəkməyə çalışır. Bu da Avropanı narahat edir. Avropa əks qütblə, Çinlə münasibətləri normallaşdırmağa çalışır. Pekin də Avropanın neytral olmasını, ABŞ-ın proksi qüvvəsi olmaqdan uzaqlaşmasını istəyir. Bir sözlə, tərəflərin qarşılıqlı maraq güdən hədəfləri var və hər iki tərəf bu hədəflərə çatmaq uğrunda çalışacaq".

Qeyd edək ki, Çin lideri Si Szinpin Avropa qitəsinə səfərə çıxıb. Burada o, Fransa,  Macarıstan və Serbiyaya səfər edəcək. Bu xüsusda Szinpinin Paris səfəri daha çox maraq  doğurur. Ən azından Qərbin Çini Rusiyaya dəstək olmaqdan çəkindirmək baxımından. Digər tərəfdən, Pekin də öz növbəsində çalışır ki, Avropanın ABŞ-ın çətir dairəsindən çıxarsın. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->