"Ermənistan imzalanacaq sülh sənədində Azərbaycana ərazi iddiası məsələsini Konstitusiyadan çıxaracağını öhdəlik olaraq üzərinə götürsə, COP29-a qədər və ya həmin dövrdə çərçivə sülh sazişini imzalamaq olar”.
Bunu Qaynarinfo-ya açıqlamasında bunu politoloq Natiq Miri Bakı ilə İrəvan arasında kommunikasiyalar məsələsinin sülh sazişindən sonraya saxlanılması fonunda, prosesə əngəl olan əsas maneənin - Ermənistan konstitusiyasından Azərbaycana ərazi iddiasını nəzərdə tutan maddələrin çıxarılması məsələsinə də toxunarkən deyib:
"Kommunikasiya, Zəngəzur dəhlizi məsələsinin qarşılıqlı olaraq aradan qaldırılması göstərir ki, burada əsas məqsəd sülh müqaviləsini imzalamaq üçün əngəlləri aşmaqdır. Əvvəllər sərhədlərin müəyyənləşməsi məsələsi sonraya saxlanılaraq, sülh sənədindən çıxarıldısa, indi də kommunikasiyalar məsələsi qarşılıqlı şəkildə razılaşdırılıb sonraya saxlanıldı. Düşünürəm ki, bu problem deyil. Çünki Zəngəzur dəhlizinin açılması ayrı bir sənəd vasitəsilə istənilən zaman ortaya qoyula və saziş əldə edilə bilər. Ona görə də sülh məsələsini gecikdirməmək üçün qarşılıqlı şəkildə bu cür qərarlar qəbul edilir”.
Bu fonda Ermənistan Konstitusiyasının dəyişdirilməsi məsələsi sülh sazişi yolunda yeganə açılmayan məsələ olaraq qalsa da, ekspertin fikrincə, burada da çıxış yolu var:
"Ermənistan imzalanacaq və prinsiplərin qeyd olunduğu çərçivə sülh sənədində Azərbaycana ərazi iddiası məsələsinin Konstitusiyadan çıxaracağını öhdəlik olaraq üzərinə götürərsə, COP29-a qədər və ya həmin dövrdə belə bir sənədi imzalamaq olar. Ancaq mütləq mənada zaman məsələsi qeyd olunmalıdır ki, İrəvan götürdüyü öhdəliyə sadiq olmadığı təqdirdə, imzalanan sənədin hüquqi keçərliliyi dayandırılsın. Belə bir öhdəlik olarsa, Konstitusiya məsələsini müvəqqəti bu şəkildə aşaraq çərçivə sazişini imzalamaq olar”.
Qeyd edək ki, artıq Ermənistan da regional kommunikasiyalara dair maddənin qarşılıqlı razılaşma əsasında sülh müqaviləsi layihəsindən çıxarılması ilə bağlı rəsmi Bakının bəyanatını təsdiqləyib. Buna baxmayaraq, sülh sazişinin imzalanması yolunda ən böyük əngəl, Ermənistan Konstitusiyasında Azərbaycana ərazi iddialarını nəzərdə tutan maddələr hələ ki, aradan qaldırılmayıb. İrəvan bu məsələyə ən yaxşı halda 2026-cı ilin sonlarında baxmağı düşünür. Belə olan vəziyyətdə çərçivə sülh sazişinin taleyi necə olacaq sualı isə açıq qalır.
Rüfət Sultan
Şərhlər