Əməkdar artist Cavanşir Məmmədovun Qaynarinfo-ya müsahibəsi
- Cavanşir müəllim, gözümüzü açıb, sizi səhnədə görmüşük. Niyə sizə Xalq artisti fəxri adı verilməyib?
- 53 ildir sənətdəyəm. Bir adam demir ki, Cavanşir müəllim 18 ildir ki, Əməkdar artist fəxri adını almısınız, sizə niyə Xalq artisti fəxri adı verilmir? Bunu da soruşsunlar da, niyə maraqlanmırlar? Mən də bu ölkəyə xidmət etmişəm. Sənətkara qiymət vermək lazımdır. Biz bu ölkənin sənətkarı deyilik? Deyirsiniz niyə mənə fəxri ad verilməyib? Onu niyə məndən niyə soruşursunuz? Mədəniyyət Nazirliyi var, onlardan soruşun. Milli Məclis, Prezident Administrasiyasında xüsusi şöbə var, bu məsələlərə onlar baxır. Qoy onlar cavab versinlər.
- Amma vətəndaşlarımız sizi Xalq artisti kimi tanıyıb sevir...
- Elə məsələ də budur. Fəxri adları xalqın sevdiyi sənət adamlarına vermək lazımdır. Xalqın sevmədiyi müğənniyə Xalq artisti fəxri adını vermək olmaz. Özü də bizdə bir ənənə var, Xalq artisti fəxri adını alan kimi Azərbaycanı tərk edib, başqa ölkədə yaşayırlar. Bəs, onlar xalqa harada xidmət edəcək? Başqa ölkədə? Onun vəzifəsi xalqa xidmət etməkdir. Mən bu günə kimi ömrümü xalqa həsr etmişəm.
- Deyirlər Cavanşir Məmmədovun yaxşı əhatəsi var, hər həftə toydadır...
- ...Bu günə kimi xalqdan 4-5 min pul almamışam. 15 nəfərə 3 min manat veriblər, demişəm sağ olun. Mən xalqı incitməmişəm. Amma xalqım sağ olsun ki, mənim sənətimi yüksək qiymətləndirib. Öz-özümə Xalq artsiti adını verə bilmərəm ki... 29 ildir Firuzə İbadova ilə duet ortağıyam. Dünyada 29 il duet oxuyan sənətçi olmayıb. Bu baxımdan, biz çoxlarına nümunəyik.
- Sizinlə bağlı Mədəniyyət Nazirliyinə təqdimat göndərilib?
- Çoxsaylı təqdimatlar olub. 5 il əvvəl özüm də nazirliyə müraciət elədim. Hətta bir həftə bundan əvvəl yeni mədəniyyət nazirinə yenidən müraciət etdim. O vaxt Milli Məclisdə Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov idi, ona yazmadığım məktub qalmamışdı. Məktubların hamısının cavabı məndə durur. İndi onların hamısını bu gün həmin komitənin sədri Qənirə Paşayevaya gönədrim. Prezident Administrasiyasında da qəbulda olmuşam. Həmin vaxt mənə cavab gəldi ki, məsləni araşdırırıq. Anlaya bilmirəm, mən cinayət etmişəm ki, məsələ araşdırılır? 3-5 ildir arapılan bu araşdırma bitmədi? Nəyi araşdırırsan? Bütün günü efirdəyəm, görmürsünüz məni? 4-5 müğənni var, tərbiyyəli, sənətə xidmət edən, onlardan biri də mənəm. Hamısının özünə görə mədəniyyəti var. Mən aldığım o az məbləğdən toyunu idarə etdiyim adamların toyuna pul da yazdırmışam. Mənə dövlət heç ev də verməyib. Heç nə istəmirəm, bir şeydən başqa. İstəyirəm mənə Xalq artisti adı versinlər. Qəbrimin üstünə yazılsın Xalq artisti, nəvəm xəcalət çəkməsin, dostları ilə məzarımın üstümə gələndə deməsinlər ki, baban 200 bəstəkar mahnısı oxuyub, 53 il dövlətə xidmət edib, hanı bunun qiyməti? Elə adamlar var ki, dünyasını dəyişib, amma onlara fəxri ad verilməyib. Həmin adamlara indi də ad vermək olar. Sənət adamı da əsgər kimi musiqimizin xidmətində dayanıb da. Məsələn, Cabbar Qaryağdı, Sabir Mirzəyev, Süleyman Abdullayev və s. Bunlar da Azərbaycan musiqisinə xidmət edib də. Özü də mənə deyirlər ki, onların da adı olmayıb, burada nə var? Necə nə var? Xidmət etmişəm, haqqımı istəyirəm. Haqqımı ver, heç mənə ev də vermə. Deyir toya gedirsən. İndi toy da yoxdur. 100 manat vəsiqə pulu alıram, vəssalam. Ondan başqa heç nə yox. Yaxşı nəyi gözləyirsiniz? Gözləyirsiniz öləm?
- Mədəniyyət naziri Adil Kərimliyə teleqrama vurmusunuz, təzə nazir istəyinizə cavab verib?
- Gözləyirəm. İndi mənim hirslənməyə haqqım var, ya yox. Nə Firuzə xanıma, nə də mənə heç nə vermədilər. Biz haqqımızı istəyirk.
Bahar Rüstəmli
Şərhlər