"Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum aktı və səfirliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərovun şəhid olması, iki nəfərin yaralanması xəbəri bizi dərindən üzüb".
Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan Yüksəliş Partiyasının Başqanı Anar Əsədli İrandakı səfirliyimizə hücumla bağlı bildirib.
"Allahdan şəhidimizə rəhmət, yaxınlarına səbr, yaralılara şəfa diləyirik. Azərbaycan Yüksəliş Partiyası olaraq ağır, üzücü və dəhşətli terror aktını törədənləri lənətləyirik! Bu terror aktının təxribat xarakterli olduğu məlum məsələdir. İran hökumətindən hadisəni dərhal araşdırmasını və təxribatçıları cəzalandırılmasını tələb edirik.
Bilirik ki, İran tərəfi məsuliyyəti üzərindən atmaq üçün məsələnin mahiyyətini təhrif etməyə çalışaraq yalan məlumatlar yaya bilər. İranın Azərbaycana dost olmayan münasibəti bizə belə düşünməyə əsas verir. İllədi Azərbaycana qarşı açıq və gizli şəkildə hər cür təxribatda birbaşa iştirak edən, ölkəmizdə din və məzhəb adı altında qurduğu dəstələrə maddi dəstək verən İranın səfirlik işçilərimizə və digər vətəndaşlarımıza qarşı yönəlik istənilən terror və xain hücumların qarşısı alınmalı və İran hökuməti cavabdehlik daşımalıdır.
Heç bir yalançı səbəbləri qəbul etmirik və bəyan edirik ki, bu cinayət hadisəsinin bütün məsuliyyəti İran hakimiyyətinin üzərindədir”, deyə partiya rəhbəri bildirib.
Şərhlər