Xəbər lenti

Britaniya Yəməndə husilərə qarşı yeni zərbələr endirməyə hazırdır - Baş nazir
Dünya 12:23 16.01.2024

Britaniya Yəməndə husilərə qarşı yeni zərbələr endirməyə hazırdır - Baş nazir

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, Yəməndə husilər girov saxlamağa və regionda beynəlxalq gəmiçilik üçün təhlükə yaratmağa davam edərlərsə, ölkəsi onlara qarşı yenidən zərbə endirməyə hazırdır.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Guardian” məlumat yayıb.

"Gəmiçiliyə təhdidlərə son qoyulmalıdır. Qanunsuz olaraq saxlanılan gəmilər və ekipajlar buraxılmalıdır. Və biz öz sözlərimizi əməllə dəstəkləməyə sadiq qalırıq”, - Rişi Sunak bildirib.

Xatırladaq ki, yanvarın 12-də ABŞ və Britaniya Yəməndəki husi bazalarına zərbələr endirib və azı 30 hədəfə hücum edib. Əməliyyata Niderland, Kanada, Bəhreyn, Avstraliya, Danimarka, Almaniya, Yeni Zelandiya və Cənubi Koreya dəstək verib və bunu "özünümüdafiə hüququ” adlandırıb.

Husilər zərbələri "əsassız" adlandırıb və Qırmızı dənizdəki gəmiləri hədəf almağa davam edəcəklərini bildiriblər. ABŞ və Böyük Britaniyanın cavabı İran, HƏMAS, Hizbullah və Rusiya tərəfindən pislənib.

Ağ Ev xəbərdarlıq edib ki, lazım gələrsə, Birləşmiş Ştatlar əlavə tədbirlər görməkdən çəkinməyəcək.

Yanvarın 13-də ABŞ ordusu "Tomaqavk” raketləri ilə "Karney” esminesindən qrupun radiolokasiya stansiyasına yeni hücum edib. 

Yəmən üsyançı qruplaşması 2023-cü ilin noyabr ayından etibarən Qırmızı dənizdə gəmilərə hücum edir, artıq ticarət gəmilərinə 20-dən çox hücum təşkil edilib. Söhbət husilərin nəzarətində olan Bab əl-Məndəb boğazından gedir.

Yanvarın 15-də husilərin sözçüsü Məhəmməd Əbdülsalam bildirib ki, qruplaşma Qırmızı dənizdə gəmilərə hücumları davam etdirəcək.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->