Braziliya Ali Məhkəməsinin hakimi Aleksandr de Moraes X sosial şəbəkəsinin sahibi İlon Maska 24 saat ərzində ölkədə sosial şəbəkənin yeni qanuni nümayəndəsini təyin etmə barədə qərar verib.
Qaynarinfo xəbər verir ki, bu barədə "Reuters”
yazır.
Əks halda Braziliya məhkəməsi sosial şəbəkəni ölkədə bloklamaqla hədələyir. Agentliyin məlumatına görə, bu qərar amerikalı sahibkara dünən, avqustun 28-də yerli vaxtla saat 20:00-da təqdim edilib.
Avqustun 17-də X Braziliyadakı ofisinin bağlandığını elan edib. Şirkətdən verilən məlumata görə, hakim Aleksandr de Moraes X-in senzura məhdudiyyətlərinə razı olmadığı təqdirdə sosial şəbəkənin nümayəndələrindən birini gizli şəkildə həbslə hədələyib.
Eyni zamanda şirkət qeyd edib ki, xidmət ölkə sakinləri üçün əlçatan olaraq qalacaq. Sosial şəbəkənin mətbuat xidməti hakim Aleksandr de Moraesin tələbləri ilə razılaşmadığını və onun qərarının söz azadlığının pozulması hesab etdiyini bildirib.
Xatırladaq ki, aprel ayında X sosial şəbəkəsinin sahibi İlon Mask Braziliyada bir sıra hesabların bloklanması ilə bağlı çoxsaylı məhkəmə qərarlarından danışıb. İş adamı bu tələbləri söz azadlığının pozulması hesab edərək məhkəmənin qərarlarını yerinə yetirməkdən imtina edib.
Nizami Bağırov
Şərhlər