"Avropa İttifaqı diplomatiyasının rəhbəri Cozep Borrelin Azərbaycanın Ermənistana guya hücum edəcəyi ilə bağlı qəribə bəyanatı həqiqəti əks etdirmir".
Bunu Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Xaqani Səfəroğlu deyib. Ekspert vurğulayıb ki, elə bu səbəbdən də Prezident İlham Əliyev Aİ rəsminin bu çıxışına sərt reaksiya verib və bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirdi:
"Dövlət başçısı Borreli Fransa prezidenti Emmanuel Makronun Azərbaycanla bağlı şər və böhtan siyasətinə dəstək verməkdə ittiham etdi. Aİ rəsmisi ötən ildən başlayaraq formalaşan anti-Azərbaycan çıxışları ilə diqqəti cəlb edib. Cəmi 2 il əvvəl verdiyi bəyanatlarında Azərbaycanı Avropa İttifaqının vacib və mühüm tərəfdaşı adlandıran Borrelin indi bu ritorikası suallar doğurur. Burada bir sıra amillər rol oynaya bilər. Görünür, Borrel Makronun Aİ-nin arxasında gizlənərək Fransanı beynəlxalq arenada güc sahibi etmək siyasətinin girovuna çevrilib. Borrelin bəyanatı Azərbaycan və Aİ arasında işgüzar münasibətlərə xələl gətirir".
Xaqani Səfəroğlu bildirib ki, Brüsseldə dəfələrə Bakının Avropanın enerji təhlükəsiliyinin təmin edilməsində vacib rolunu bəyan ediblər:
"Xüsusən, Ukrayna müharibəsindən sonra yaranmış vəziyyətdə enerji bazarları üçün alternativ marşruta çevrilən Azərbaycanın geopolitik çəkisi təkzibedilməzdir. Borrel bütün bunların fonunda Ermənistanın "hamisi" kimi görünmək istəyi əslində "güzgü effektinə" hesablanıb. Bunun arxa fonunda Fransanın Cənubi Qafqazda maraqlarını təmin etmək üçün aparılan kampaniya üçün ictimai rəy yaradılması niyyəti durur. Burada Bakının regionda yürütdüyü müstəqil siyasətinin təftişi və yönləndirmə niyyəti açıq görünür. "Miskin və məzlum Ermənistan" pərdəsi isə şərtidir".
Analitik hesab edir ki, Rusiyanın Zəngəzurda yerləşən Avropa İttifaqının missiyasına kəskin münasibəti kövrək vəziyyət yaradıb:
"Brüssel bu missiyanın regiondan qovulma təhlükəsini anlayır. Azərbaycanla şərti sərhəddə monitorinqləri Bakının da xoşuna gəlmir. Çünki bu, sülh sazişinin hazırlanması üçün vaxtı uzadır və əlavə suallar yaradır. Fransa isə bu missiyaya önəm verməklə ona sülh sazişi stolunda oturmaq üçün fövqəladə bir bir imkan kimi baxır. Azərbaycanın logistik qovşaqlar uğrunda savaşda söz yiyəsinə çevrilməsi regionda yeni mənzərə yaradıb".
Həmsöhbətimiz onu da qeyd edib ki, Rusiyanın diversifikasiya siyasəti, "Şimal-Cənub" layihəsi və "Orta dəhliz" marşrutu regionda marağı olan qüvvələri üz-üzə qoyub:
"Borrelin və Avropa İttifaqında Fransa maraqlarını daşıyan qrupların bu vəziyyətdən istifadə edərək təzyiq siyasətinə keçməsi anlaşılandır. 44 günlük müharibədən sonra ərazi bütövlüyünü, sərhədlərini bərpa edən Bakı son 35 ildə oturşmuş "geopoitik daşları" yerindən tərpədib. Digər tərəfdən, Borrel Bakını bu formada şantaj etməklə Avropa İttifaqı ilə imzalanması nəzərdə tutulan sazişi gündəmə gətirmək istəyir. Çünki Prezident İlham Əliyev müsahibəsində dünyada hazırkı geopolitik böhran dönəmində Azərbaycan üçün bu tip siyasi sazişlərin uyğun olmadığını açıqlayıb. Görünür Bakının siyasi kart-blanşı Aİ üçün arzuedilməz situasiya yaradır. Bu baxımdan, Borrelin Bakını "qaralamaq" cəhdi heç də Ermənistana olan sevgidən qaynaqlanmır, daha uzağa gedən niyyətlərdən xəbər verir. Bu siyasətin arxasında Fransa durur. "Azərbaycanın Ermənistana hücumu" mifi də yürüdülən bu siyasətin tərkib hissəsidir".
Xaqani Səfəroğlu bildirib ki, Azərbaycanı digər dövlətə qarşı hucuma hazırlaşmaqda ittiham etmək Aİ kimi mötəbər qurumun rəsmisi üçün çox ciddi nəticələri ola bilər.
Bundan əvvəl Azərbaycan Prezidenti İlham Əliyev Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən deyib ki, bu gün ikili standartlar bir sıra beynəlxalq institutlar, o cümlədən Avropa İttifaqı üçün adi hala çevrilib:
"Bu baxımdan Cozep Borrelin qeyri-adekvat bəyanatları bizi çox məyus edib. Əvvəla, onun bu bəyanatları heç bir reallığı əks etdirmir və beynəlxalq hüququn normalarına ziddir. İkincisi, Azərbaycan tərəfi bu bəyanatları ölkəmizə qarşı pərdələnmiş təhdid kimi qiymətləndirir. Belə ki, Borrel bildirib ki, Azərbaycan Ermənistana hücum edərsə, bunun acı nəticələrini görəcək. Əvvəla, Borrel bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinuasiyalarıdır. Bütün bunlar Fransanın guya Azərbaycanın Ermənistana hücuma hazırlanması ilə bağlı ölkəmizin demonizə edilməsinə əsaslanan anti-Azərbaycan siyasətinin bir hissəsidir. Ermənistanla sərhəddə son dəfə 2023-cü ilin sentyabrında ciddi gərginləşmədən sonra bu ilin fevralınadək olan dövrdə sərhəddə vəziyyət sakit idi. Lakin fevral ayında erməni snayperi Azərbaycan əsgərini ağır yaraladıqdan sonra biz buna vaxtında adekvat və dəqiq cavab verməli olduq. Bizim bu cavab bir neçə dəqiqə çəkdi və Ermənistanın bunu dərk etməsinə kifayət etdi ki, azərbaycanlıların öldürülməsi cəhdi cəzasız qalmayacaq və dediyim kimi, ötən ilin sentyabrından bu hadisə istisna olmaqla sərhəddə sakitçilik hökm sürür. Deməli, cənab Borrel və cənab Makron bu informasiyanı reallıqdan deyil, öz xəyallarından götürürlər”.
Siyasət şöbəsi
Şərhlər