Xəbər lenti

Bolqar hakim “Qarabağı”ın oyununu necə idarə edib? - Eks FIFA referisinin şərhi
İdman 11:50 23.02.2024

Bolqar hakim “Qarabağı”ın oyununu necə idarə edib? - Eks FIFA referisinin şərhi

"Qarabağ” ötən gün Bakıda Portuqaliya "Braqa”sını Avroliqanın pley-off mərhələsindən kənarlaşdırmaqla Azərbaycan futbolu adına növbəti tarixi yazdı. "Tofiq Bəhramov”da məğlub olmasına baxmayaraq, iki oyunun nəticəsinə görə 1/8 final mərhələsinə adını yazdıran "Qarabağ”ın dünənki matçında hakim idarəçiliyi heç də birmənalı qarşılanmadı. Baş hakim Georgi Kabakovun oyun ərzində bir sıra qərarları narazılıqla qarşılandı. Hətta bəzən Azərbaycan çempionuna qarşı antipatiya da hiss olunurdu. 

Matçın hakimliyi ilə bağlı keçmiş FIFA referisi Tahir Süleymanov fikirlərini bildirib. O, Qaynarinfo-ya açıqlamasında Kabakovun idarəçiliyini analiz edib:

"İlk görüşdə "Qarabağ"ın güclü "Braqa" üzərində qalib gəlməsinə, iki top fərq yaratmasına baxmayaraq, cavab qarşılaşmasının gərgin, prinsipial xarakter daşıyacağı öncədən bəlli idi. Belə qarşılaşmalarda hakim idarəçiliyi faktoru hər zaman mühüm rol oynayır. Birinci oyunda baş hakimin ikinci köməkçisinin yeni qaydalara məhəl qoymayaraq, "Qarabağ"ın vurduğu iki qolda "ofsayd" axtarmasına, bayraq qaldırmasına baxmayaraq, danimarkalı referi ilə VAR-n mükəmməl sinxronluğu, anlaşması sayəsində obyektiv qərarlar verilir, ədalət bərpa olunurdu. Hər oyunda belə ideal hakimlik olmur.

UEFA tərəfindən Bakı qarşılaşmasına bolqar hakimlər briqadasının təyin olunması suallar doğururdu. İstisnalar olsa da, bu səviyyədə keçirilən görüşlərdə belə hakimlər əsasən Avropanın aparıcı futbol ölkələri komandaları qarşısında psixoloji sıxıntı keçirirlər.

Təəssüf ki, ehtimallar özünü artıqlaması ilə doğrultdu. Qırmızı vərəqəyə kimi, möhtəşəm azarkeş dəstəyi ilə güclü rəqib qarşısında "Qarabağ" demək olar, bütün komponentlərdə üstün görünürdü. Hakimlik adına ən əsas məqamlardan biri, "Braqa"lılar referiyə heç bir ciddi irad bildirmir, getdikcə oyunun gedişi, ağdamlıların üstün oyunu ilə barışmaq məcburiyyətində qalırdılar. Avrokubokun bu mərhələsinə layiq hakim idarəçiliyi olsaydı, rəqibin iki top vurmaq şansı minimum idi. Oyunun gedişi bunu göstərirdi.
 
Görüşdə kritik dönüş anı Elvin Cəfərquliyevin meydandan kənarlaşdırılması oldu. Futbol ictimaiyyəti, azarkeşlər arasında müzakirələrdə əsasən qırmızı vərəqə epizodunun üzərində dayanılır. Əslində isə, bu qərarı şərtləndirən və görüşün ruhuna, mahiyyətinə uyğun gəlməyən, bəsit oyun epizodunda müdafiəçimizə aşırı yanaşaraq, ilk sarı vərəqənin göstərilməsi idi. Bununla da referi öz niyyətini nümayiş etdirərək növbəti epizodlara "hazırlıq" görürdü. Romao daha təcrübəli olduğu üçün bunu sezərək, rəsmi xəbərdarlıqdan sonra son dərəcə ehtiyatlı oynayaraq nə rəqibə, nə də baş hakimə şans verdi. Elvin isə ehtiyatsızlıq edərək heç bir lüzum olmadığı yerdə, rəqibə qarşı kobud oynayaraq ikinci sarıya şərait yaratdı.Futbolçunu qınamaq da olmur, oyuna köklənmə çox yüksək idi. Texniki zonanın qarşısında baş verən hadisəyə Qurban Qurbanov kimi təmkinli məşqçi dözməyərək etiraz etdi. O, bu səviyyəli oyunların ruhuna yad olan adi epizodlarda ardıcıl sarı vərəqələrin göstərilməsinə qarşı çıxırdı. Bolqar referi meydanda say balansını pozaraq, onsuz da güclü olan qonaqlara ikinci nəfəs verdi. Hətta qırmızı vərəqədən sonra, 2-3 dəfə portuqaliyalıların sarı vərəqəyə çəkən kobudluqlarına göz yumulurdu. Ancaq "Qarabağ"ın qapısına qollar vurulandan sonra rəqib futbolçular növbəti kobudluq zamanı candərdi cəzalandırıldı. Elçin Rəhmanovun qırmızı kartı, ümumilikdə texniki zonanın çox əsəbi, emosionallığı futbolçulara da siraət etmişdi. Nə yaxşı ki, 90 dəqiqədə üçüncü qol vurulmadı.
 
"Qarabağ"ın 3-5 dəqiqəlik fasiləyə ehtiyacı var idi. Əlavə vaxt öncəsi bu şansı qazanan məşqçi və futbolçular kritik anda sakitləşməyi, toparlanmağı, yenidən bütövləşməyi bacardılar və meydanda azlıqda qalmalarına baxmayaraq, lazım olan qolları vurdular. Bəhlulun penalti epizodunda da qırmızı vərəqənin göstərilməsini VAR araşdırdı. Nə yaxşı  epizodda Silva oyundan qopmadı və topa müdaxilə edərək rəqibin Lunyovla üzbəüz qalma ehtimalının qarşısını aldı. Əks halda "Qarabağ" belə hakim idarəçiliyi üzündən doqquz futbolçu ilə də qala bilərdi. Gənc yetirməmiz Nəriman Axundzadənin tarixi qolu isə görüşdə ədalətin bərpası, Azərbaycan futbolu adına növbəti möhtəşəm nailiyyət oldu!”

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->