Ermənistan BMT Təhlükəsizlik Şurasında qaldırdığı qondarma məsələ ilə bağlı istədiyini əldə edə bilmədi. BMT TŞ İrəvanın yalançı "humanitar təhlükə” iddiasını müzakirəyə çıxartsa da, bu barədə hər hansı bir qərar və ya qətnamə qəbul etmədi. Amma bu heç də İrəvanın mövcud vəziyyətlə barışıb sakit dayanacağı və sülh istiqamətində real addımlar atacaqları anlamına gəlmir. Görünən budur ki, əsas proseslər də bundan sonra başlayır. Böyük ehtimalla separatçılar son kartlarını işə salacaq, silahlı qarşıdurmaya gedəcəklər.
Yaranmış durumda hərbi qarşıdurma ola bilərmi? Belə olarsa, Qərbin reaksiyası necə olacaq?
Qaynarinfo-ya açıqlamasında AMİP lideri Etibar Məmmədov bildirib ki, Ermənistan və Qarabağdakı separatçıların növbəti təxribatlara əl atacaqlarını istisna etmir.
"BMT TŞ-nin Ermənistanı qane edən cavabı verməməsi fonunda ermənilərin yenidən təxribatlara əl ataraq, hərbi qarşıdurmalara gedəcəkləri gözləniləndir. Ermənilər prosesi qarışdırmaq üçün buna cəhd edə bilərlər. Ancaq bütün hallarda ermənilərin təxribatlarının qarşısı alınacaq. Bu, birmənalıdır. İrəvan Azərbaycanın şərtlərini qəbul etməyə məhkumdur”,- deyə E. Məmmədov bildirib.
E. Məmmədov hesab edir ki, Qərbin bundan sonrakı reaksiyası Azərbaycanın müvafiq dövlət strukturlarının işindən asılıdır:
"Bu günə qədərki dövrdə ölkəmizin müvafiq strukturları lazım olan səviyyədə işləməyib. Diaspor təşkilatları, xarici əlaqələri olan biznes strukturlarımız, müxtəlif ölkələrdəki nümayəndəliklər lazım olan səviyyədə fəaliyyət göstərə bilməyiblər. Bunun nəticəsidir ki, ermənilər üstünlük əldə edərək, dünya ictimaiyyətini xeyli dərəcədə yalançı "blokada”ya inandıra bilib”.
Milli Məclisin deputatı Asim Mollazadə isə bildirib ki, İrəvan nə Azərbaycan, nə də Türkiyəyə qarşı müharibə aparmaq gücündə deyil:
"Artıq ermənilərə inanan yoxdur. Bu mənada ermənilər belə şoularını, təxribatları koorupsiyaya uğramış hansısa Qərb siyasətçiləri vasitəsilə davam etdirə bilərlər. Ancaq bütün hallarda onlar heç bir nəticəyə nail olmayacaqlar. Təxribatlarının qarşısı Azərbaycan Ordusu tərəfindən qəti şəkildə alınacaq. Ermənistan dövlət olaraq öz mövcudğulunu qorumaq üçün Azərbaycanla tezliklə sülh sazişi imzalamalıdır. Amma bu istiqamətdə hələlik heç bir addım atmırlar. Nifrətlə yaşamaq olmaz. Bunu dünya da qəbul etməyəcək. Erməni diasporu, radikal hərbi cinayətkarlar nifrətlə yaşamaq, müharibəni davam etdirmək istəyirlər. Ancaq buna imkanları yoxdur. Ermənilər nə Azərbaycan, nə də Türkiyəyə qarşı müharibə aparmağa qadir deyil”.
Rüfət Sultan
Şərhlər