Xəbər lenti

Birinci Divizionun bombardiri: “Bilirdik ki, Premyer Liqaya buraxılmayacağıq”
İdman 10:00 19.05.2022

Birinci Divizionun bombardiri: “Bilirdik ki, Premyer Liqaya buraxılmayacağıq”

Futbolda çempionluq nə qədər önəmlidirsə, bombardirlik də ən azı onun qədər əhəmiyyət daşıyır. Hər halda çempionluq üçün daha çox qol vurmaq lazım gəlir ki, burada da ayrı-ayrı futbolçular xüsusi rol oynayır. Belə futbolçulardan biri də bu mövsüm Birinci Divizionun çempionu adını qazanan "Qaradağ Lökbatan”ın, eyni zamanda çimərlik futbolu üzrə millimizin üzvü Sabir Allahquliyevdir. Komandasının çempionluğunda müstəsna rol oynayan Allahquliyev 22 qolla bombardirlik yarışında birinci olmağı bacardı.

Mövsümün son matçından sonra PFL tərəfindən mükafatlandırılan təcrübəli futbolçu təəssüratlarını Qaynarinfo ilə bölüşdü. Vaxtilə Premyer Liqada forma geyinmiş hücumçu söhbət zamanı çimərlik futbolu üzrə millimizlə bağlı sualları da cavablandırdı. 

- "Qaradağ Lökbatan” 11 xal fərqi ilə çempion oldu. Komanda üçün mövsüm necə keçdi?

- Ağır mövsüm keçirdik. Məşqçilər korpusu tərəfindən qarşımıza çempionluq məqsədi qoyulmuşdu. İstədiyimizə nail olduq. 
 
- Azərbaycanda Birinci Divizionda 11 xal fərqi ilə çempionluq elə də asan deyil. Bu çempionatın rəqabətsiz keçməsindən irəli gəlmir?
 
- Rəqbətsiz deyəndə, bəzi komandalar klubların əvəzediciləridir. Cavan uşaqlardır. Bəlkə o üzdən belə oldu. Ümumilikdə rəqabət pis deyildi. Bəlkə də hər oyun qələbə üçün meydana çıxdığımıza görə 11 xal irəlidə olduq. 
 
- Əvəzedicilərlə digər klublar arasında hansı fərqlər var idi?
 
- Fərqlər ondadır ki, əvəzedicilərin heyəti gənc futbolçulardan ibarətdir. Digərlərində "qocalar” daha çox olur. "Qocalar”da texnika daha güclüdür. Belə fərqlər mövcuddur. Yaxşı, keyfiyyətli oyunçular ola bilər. Amma gəncdirlər deyə müəyyən məqamlarda elə səhvə yol verə bilərlər ki, komandaları uduzar. "Qaradağ Lökbatan” üçün məhz digər klublar, MOİK, "Kəpəz” başağrısı idi. Əvəzedicilərdən isə "Şamaxı-2”ni qeyd edə bilərəm. Bu üç komandaya qarşı daha ciddi hazırlaşırdıq. Bütün komandalar yaxşıdır. Amma əsas adını çəkdiyim həmin rəqiblərlə mübarizə aparırdıq.
 
- Mövsümün əvvəlində konkret neçə qol vurmağı hədəfləmişdin?
 
- Birinci dövrədə ən azı 10 qol vurmağı nəzərdə tutmuşdum, niyyətim bu idi. Ancaq say daha çox oldu. Səhv etmirəmsə, 14 qol vurdum. Bombardir olmağı qarşıma məqsəd qoymuşdum. Qollarımın ardı gəldi və belə də davam etdim. İkinci dövrədə daha çox fərqlənmək istəyirdim. İkinci dövrənin ilk oyunlarında əsas heyətdə meydana çıxırdım. Sona yaxın çimərlik yığmamıza gedirdim deyə əvəzlənirdim. Belədə bəzən bir hissə, yaxud 70 dəqiqə oynayırdım. Ona görə bəlkə də az fərqləndim. Amma bacardığım qədər qol vurmağa çalışdım. Ən azı 25 qol vuracağımı düşünürdüm, amma 22 oldu. 
 
- Birinci Divizionda bombardir olmaq asandır, yoxsa Premyer Liqada?
 
- Mənə elə gəlir, Birinci Divizionda daha asandır. Premyer Liqada çətindir. Amma "Qarabağ” kimi təcrübəli komandalarda oynasan, bəlkə bundan da çox qol vurmaq mümkündür. 
 
- Çempion olsanız da, "Qaradağ Lökbatan” Premyer Liqaya çıxa bilmədi. Bu durum sənin üçün nə dərəcədə narahatedicidir?
 
- Məşqçilər qarşımıza çempionluq məqsədi qoymuşdu. Amma Premyer Liqaya çıxıb-çıxmamaq rəhbərliyə aid olan məsələdir. Onsuz da mövsümə başlayanda bilirdik ki, çempion olsaq belə, Premyer Liqaya buraxılmayacağıq. 
 
- Mövsümün əvvəlindən bəlli idi ki, Premyer Liqaya çıxmaq reqlament üzrə deyil, AFFA-nın istəyindən asılıdır. Bu, sizi həvəsdən salmırdı?
 
- Xeyr, bizə o qədər də təsir etmirdi. Sadəcə, qarşımıza çempionluq məqsədi qoyulmuşdu. Demişdilər ki, siz birinci olun, qalan işlər bizlikdir. Nə edək, qismət belədir…
 
- Premyer Liqa klublarından təkliflər gəlib?
 
- Xeyr, heç bir təklif gəlməyib. Yəqin ki, komandalar yığılmayıb, ona görədir. "Kəpəz”lə "Turan Tovuz”un yüksək dəstədə oynayacağı deyilir. Hazırda çimərlik millisinin heyətində məşqlərimi davam etdirirəm.
 
- Yeri gəlmişkən, çimərlik millimizin durumu necədir?
 
- Məşqlər davam edir. Bəhreyn yığması gəlmişdi, onlarla 4 yoldaşlıq görüşü keçirdik, üçündə qələbə qazandıq, birində məğlub olduq. Srağagün Litva yığması da gəlib. Onlarla üç yoxlama matçı keçirəcəyik. Yayda Avropa çempionatının seçmə mərhələsi üzrə oyunlar keçiriləcək, ona hazırlaşırıq. Hələ ki, məşqlərə gedib-gəlirik. Təlim-məşq toplanışı yoxdur. Sabah, birisigün və səhv etmirəmsə, ayın 21-i oyunlarımız olacaq. Yığmamızın durumuna gəlincə, burada oyunçu yığmaq çətindir. Bu elə bir futbol növüdür ki, hər futbolçu oynaya bilmir. Məşqçi də seçim etməkdə çətinlik çəkir. Çünki nə əvəzedicilərdən, nə də Birinci Diviziondan gəlib oynayırlar. Pul verməlisən ki, futbolçu da gəlsin oynasın. Düzdür, baş məşqçimiz Zeynal Zeynalov heyət yığıb. Yoxlanışda uşaqlar var. Mən də daxil 5-6 nəfər var ki, 6 ilə yaxındır yığmada oynayır. Yeni uşaqlar qoşulub. Bilirsiniz necədir, klub yoxdur deyə məşqçi də əziyyət çəkir. Futbolçu seçə bilmir. Kənardan, tanış futbolçular dəvət olunur. Alındıra biləndə oynayır. Həm klublar, həm də maraq yoxdur. Heç xaricdə təlim-məşq toplanışı da keçirilmir ki, futbolçu gəlsin. Bununla belə normal komandamız var. Mehribanlıq, hər şey yerindədir.
 
- Həm çimərlik futbolunda, həm də Birinci Divizionda futbol oynamaq çətin deyil? Hər halda meydançalar fərqlidir.
 
- Əlavə yüklənmələr, problemlər olur. Bel, diz zədələri yaranır. Qumda və xalçada əzələ fərqli şəkildə hərəkət edir. Dizimiz, hər yerimiz ağrıyır. Amma neyləmək olar? Bu yolu seçmişiksə, sona qədər getməliyik. Bir tərəfdən baxanda qumda oynayandan sonra, daha rahat olursan. Güc yığırsan və hamar meydançada daha rahat oynayırsan. 
 
Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->