Serbiyanın baş nazirinin müavini prezident Vuçiçə kimin sui-qəsd hazırlaya biləcəyini deyib.
Serbiya prezidenti Aleksandar Vuçiçin həyatı onun siyasətinin əleyhdarları və beynəlxalq narkotik klanları tərəfindən təhdid edilir.
Qaynarinfo xəbər verir ki, bu barədə Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin "RİA Novosti"yə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Vuçiç Serbiyanın hərbi neytrallığını dayandırmasını istəyənlər tərəfindən təqib olunur. Həmçinin hazırkı prezidentin əleyhdarları Serbiyanın Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq etməsini, Kosovonun müstəqilliyini tanımasını və Bosniya və Herseqovinadakı Serb Respublikasından imtina etməsini istəyir. Eyni zamanda, Vuçiç də Serbiya ərazisində aşkarlanan qaçaq narkotik klanlarının üzvləri tərəfindən təqib edilir.
Vulin əlavə edib ki, böyük mütəşəkkil cinayətkar qruplar heç vaxt güclü kəşfiyyat xidmətlərinin dəstəyi olmadan yaranmır və buna görə də Serbiya dövlətinin başçısı üçün təhlükəsizlik tədbirlərinin artırılmasına çağırıb.
Vulin deyib ki, ABŞ-ın keçmiş prezidenti Donald Tramp və Slovakiyanın baş naziri Robert Fikonun həyatına sui-qəsd cəhdindən sonra Serbiya prezidenti də təhlükə altında ola bilər.
"Cənab Fikoya, daha sonra Trampa qarşı cəhd olanda mən prezident Vuçiçə hazırlaşmağı dedim", deyə o vurğulayıb.
Vulinin sözlərinə görə, Ukraynadakı vəziyyətin sülh yolu ilə həllinin tərəfdarı olan hər kəslə bağlı "nəsə baş verir".
Vulin bildirib ki, ölkədə litium hasilatı planlarına etiraz aksiyaları ekoloji fona malik deyil, mövcud hökuməti devirmək məqsədi daşıyır: "Litiumla bağlı etirazlar ətraf mühitlə bağlı deyil. Onların məqsədi hökuməti devirməkdir. Heç kim Serbiyanın inkişafını istəmir, Qərbdə heç kim müstəqil və güclü Serbiyanın olmasını istəmir".
Serbiyada mineralın çıxarılmasına qarşı kütləvi etirazlar davam edir. Avqustun 11-nə keçən gecə nümayişçilər Budapeşt-Saloniki beynəlxalq avtomobil yolundakı körpünü, həmçinin mərkəzi dəmir yolu vağzalı və Yeni Belqrad stansiyasını bağlayıblar. Daxili İşlər Nazirliyinin məlumatına görə, aksiyalarda 27 minə yaxın insan iştirak edib, onlardan 14-ü cinayət, 3-ü inzibati xətalara görə, 2-si isə mühüm dövlət obyektləri yaxınlığında keçirilən aksiyalarda iştirak etdiklərinə görə saxlanılıb.
İyul ayında Serbiya hakimiyyəti Aİ ilə xammal və elektrik akkumulyatorlarının istehsalı sahəsində strateji tərəfdaşlığa dair anlaşma memorandumu imzalayıb ki, bu da prezident Aleksandar Vuçiçin sözlərinə görə, ölkəyə ən azı altı milyard avro investisiya gətirə bilər. Tam istehsal tsiklinin yaradılması Serbiyanın ÜDM-ni 16,4%, birinci mərhələdə isə 2023-cü illə müqayisədə 4% artıra bilər.
Hakimiyyət iddia edir ki, ekspertlər hələ də layihənin risklərini qiymətləndirməlidirlər, referendum mümkündür və layihə təsdiq olunarsa, istehsala 2,5 ildən tez başlanılmayacaq. Bununla belə, qərbyönlü müxalifət və medianın dəstəklədiyi ekoloji fəalların etiraz aksiyaları artıq başlayıb.
Aydın
Şərhlər