"Bütün deputatlara biznesmen gözü ilə baxmaq düzgün deyil. Düzdür, aralarında elələri var ki, pullarını "balta kəsmir". Amma hamısı elə deyil. Polad Bülbüloğlu imkanlı adamdır. İstəsə kortejdə gələr".
Bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı Milli Məclisin komitə sədrlərinə verilən xidməti avtomobillərdən danışarkən deyib.
Onun sözlərinə görə, bir nəfərə görə bütün komitə sədrlərini eyni gözlə görə bilmərik:
"Fazil Mustafanın bir xidməti maşını var idi, onu da terrorçular güllələyib yararsız vəziyyətə saldılar. Əli Əhmədovun YAP-da böyük xidmətləri olub. Bəlkə də onun xidməti maşına ehtiyacı yoxdur, amma qaydalara görə verilməlidir. Bəlkə Polad Bülbüloğlu deyə bilər ki, maşınım var, verirəm bir imkansız adama. Belə bir jest eləsə, böyüklük olar".
Elməddin Muradlı əlavə edib ki, komitə sədrləri boş-bekar adam deyil, bütün günü qanunvericilik məsələlərinin işlənilib-hazırlanması ilə bağlı dövlət qurumuna gedir, səfərlərə çıxırlar:
"Görüşlər keçirir, qonaqlar qarşılayır. Deputatların əksəriyyətini tanıyırıq, hər şey kənardan göründüyü kimi deyil. Dövlətin imkanı var, xidməti maşın verir".
Qeyd edək ki, ötən ildən etibarən Milli Məclisin komitə sədrlərinin istifadəsinə yeni xidməti nəqliyyat vasitələri verilib. Onlar "Mercedes E 300" markalı avtomobillərdən istifadə edirlər. Bu il Yeni komitə sədri seçilən deputatlar Arzu Nağıyev, Azər Əmiraslanov, Anar İsgəndərov, Polad Bülbüloğlu, Şahin İsmayılov və Fazil Mustafaya da xidməti avtomobil veriləcəyi bildirilib.
Bahar Rüstəmli
Şərhlər