Xəbər lenti

Baş məşqçilikdən köməkçiliyə keçirdilən Rüstəm Əliyev: “İkinci evim olduğu üçün...”
İdman 10:48 15.07.2022

Baş məşqçilikdən köməkçiliyə keçirdilən Rüstəm Əliyev: “İkinci evim olduğu üçün...”

Bir müddət öncə "Şamaxı” rəhbərliyi klubda köməkçi məşqçi kimi çalışan Rüstəm Əliyevlə müqavilə bağlamışdı. Mövsüm bitəndən sonra klubun planları hələ bəlli olmamış Əliyev baş məşqçi postuna dəvət aldı və rəsmi şəkildə onunla müqavilə bağlandı. Ancaq o, komandanı heç formalaşdırmağa başlamamış müqaviləsi pozuldu və komanda Vüqar Əsgərliyə tapşırıldı.

Bəs Əliyevin buna münasibəti necədir? Yenə də köməkçi postuna qayıdan, uzun illər bu klubda xidmət göstəmiş Əliyev belə qərarı özünə hörmətsizlik kimi qəbul etmirmi? Məsələ ilə bağlı yaranan suallarla bağlı Əliyev Qaynarinfo-ya müsahibəsində cavab verib:

- Açığı, Müşahidə Şurasının sədri Elçin məllimlə görüşdüm. Müzakirələr oldu. Komanadada köməkçi məşqçi kimi fəaliyyətimi davam etdirmək təklif olundu. Müqavilə şərtlərində razılaşdıq, görüş ürəyimiz istəyən kimi keçdi.

- Necə oldu razılıq verdiniz, bu, bir az aldadılmaq kimi çıxmırmı?

- Yaşım elə də çox deyil. Premyer Liqada baş məşqçi kimi çalışmamışam. Bu mənada təcrübə yığaram, gələcəkdə qismət olsa, baş məşqçi kimi hansısa komandalarda işləyərəm. Bu mənim üçün bir təcrübədir.

- Amma siz uzun müddətdir bu klubda çalışırsınız…

- Komandada heç vaxt köməkçi kimi işləməmişəm. Əvəzedicilərin baş məşqçisi kimi çalışmışam. Sənan Qurbanov gedəndən sonra rəsmi şəkildə baş məşqçi təyin olundum.

- Ötən dəfə müsahibənizdə bildirmişdiniz ki, Premyer Liqada baş məşqçi kimi komanda çalışdırmağa hazırsınız və özünzü sübut etmək istəyirsiniz. Bunu "sındırılmaq” kimi qəbul etmədiniz? 

- Xeyr, qətiyyən. Düz qeyd edirsiniz, neçə illərdir komandadayam. Baş məşqçi təyin olunmuşdum. Ancaq bu, rəhbərliyin qərarıdır. Yeni baş məşqçi dəvət olundu, mənə də köməkçi olmağı təklif etdilər, razılaşdım. 

- Yəqin düşündünüz ki, razılaşmasanız, kənarda, işsiz qala bilərsiniz.

- Xeyr, məşqçinin çantası həmişə hazır olur. Hər an komandadan istefa verə, göndərilə bilər. Bunarı normal qarşılamaq lazımdır. Niyə bu qərarı verməyimə gəlincə, 2003-cü ildən - "Xəzər Universiteti” adını daşıdığı zamandan bəri bu klubdayam. Neçə illər bu klubun çörəyini yemişəm. İkinci evim kimidir. Ona görə də ürəklə qəbul etdim. Başqa klub olsaydı, bunu qəbul etməzdim. Sırf doğma klub olduğuna görə belə qərar verdim.

- Qeyd etdiniz ki, doğma klubunuzdur, uzun illərdir buradasınız. Hər halda sizin də haqqınız vardı ki, bu komandanı Premyer Liqada çalışdırasınız.

- Əlbəttə, istəyərdim. Hər bir məşqçinin istəyidir ki, baş məşqçi kimi Premyer Liqada komanda çalışdırsın. Qismət belə oldu, gələcəkdə nələr olacaq, harda çalışacağıq, bunu zaman göstərəcək.

- Ən azı, klubdakı uzunmüddətli fəaliyyətinizə, çəkdiyiniz əziyyətlərə, xidmətlərinizə hörmət əlaməti olaraq sizi baş məşqçi postunda saxlaya bilərdilər. Bəlkə də yerinizə başqası olsaydı, bunu hörmətsizlik kimi qəbul edib klubdan ayrılardı.

- Ola bilsin, yeni rəhbərlik məni o dərəcədə tanımayıb. Bəlkə də Cavid Hüseynovu daha çox tanıyıblar. Xeyirlisi olsun. Düzdür, digər klubda 1-2 il çalışmış olsaydım, bunu qəbul etməzdim. Sadəcə, dediyim kimi, doğma klubum olduğuna görə belə addım atmışam. 

- Yeni baş məşqçi Vüqar Əsgərli ilə müqayisədə sizin təcrübəniz daha çoxdur. Onun köməkçisi kimi çalışmaq sizinçün nə deməkdir? Bu məqamlar sizi narahat etmirmi?

- Vüqar Əsgərli baş məşqçi kimi çalışıb, Cavid böyük futbolda tanınıb. Bu məsələlərə rəhbərlik daha yaxşı cavab verə bilər. Qaldı ki, özümə, açığı, bu məqamlar məni sırf klubuma görə o qədər də narahat etmir. Başqa klubda çalışsaydım, böyük narahatlıq keçirərdim. Amma ikinci evim olduğu üçün bu, o qədər də təsir etmir.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->