Bu ildən Azərbaycan Premyer Liqasında VAR sistemi tətbiq olunur. Təbii ki, VAR-ın bizim çempionatda da istifadə edilməsi yaxşı haldır. Amma iki tur geridə qalsa da, VAR-la bağlı narazılıqlar xeyli çoxdur. Qərarların gecikdirilməsi, demək olar, bütün qol və sarı vərəqə epizodlarına baxılması həm vaxtın uzanmasına, həm də oyun tempinin azalmasına və futbolçuların "soyumasına” səbəb olur. Baxmayaraq ki, hakimlər çempionata başlamazdan əvvəl VAR təlimlərində iştirak ediblər, sistemə aid olan protokolları öyrəniblər. Bəs problemlər nədən qaynaqlanır?
Bununla bağlı sualları AFFA-nın Hakimlər Komitəsinin yeni sədri, VAR üzrə mütəxəssis Barış Şimşək cavablandırıb. O, Qaynarinfo-ya açıqlamasında problemlərin hardan, nədən qaynaqlandığına aydınlıq gətirib.
"Qərarların bu qədər gecikməsinə görə narahatlığınız nədir anlamıram? Olanlar normaldır. VAR-ın tətbiq edildiyi bütün ölkələrdə eyni hallar yaşanır. Protokolda VAR-ın müdaxilə edə biləcəyi epizodlar çox açıq şəkildə yazılıb. Bunlar qollar, penaltilər, birbaşa qırmızı vərəqələr və yanlış oyunçuya vərəqə göstərilməsi ilə bağlıdır. Sonuncu çox rast gəlinən bir durum deyil. Onsuz da bu protokollardan kənarda olan heç nəyə VAR nəzarət edə bilməz. Çünki protokola ziddir. Hakimlər hər qola nəzarət etmək məcburiyyətindədirlər. Bilirsiniz ki, ofsayd xəttindən istifadə olunur. Təkcə ofsayd deyil, qoldan əvvəl qayda pozuntusu, fol, əllə oynama olub-olmadığı, futbolçunun qolu bədəninin hansı hissəsi ilə vurduğu yoxlanılır. Bütün bunlara VAR hakimləri baxmaq məcburiyyətindədir. Protokolda açıq şəkildə yazır: "Qərarın doğruluğu, vaxtdan daha önəmlidir”. Yəni burada önəmli olan, zaman deyil, doğru qərarın çıxarılmasıdır”.
AFFA-nın Hakimlər Komitəsinin sədri bunun hakimlərin təcrübəsizliyindən irəli gəldiyini bildirdi:
"Təbii ki, qərarların daha sürətli verilməsini istəyirik. Amma unutmayın ki, VAR Azərbaycan çempionatında cəmi iki turdur tətbiq edilir. Türkiyədə 4 ildir VAR-dan istifadə olunur. İlk ildə hər zaman belə hallar yaşanır. Hakimlər təcrübə qazandıqca, daha çox oyuna çıxdıqca, bu zaman daha da qısalacaq. Səbrli olmağınız lazımdır. Bütün dünyada belədir. Məsələn, bir müddət öncə Qazaxıstanda oyunların birində qərar 10 dəqiqə gecikdi. Təsəvvür edirsiniz, 10 dəqiqə! Çempionlar Liqasının finalını xatırlayırsınız yəqin, qərar neçə dəqiqə gecikdi? Bəzi qərarlar çox kritik olur. Hələ ilk ildir, hakimlər təcrübəsizdirlər. Bu normaldır, səhv etməkdənsə, epizodları çox diqqətlə nəzarətdə saxlayırlar. Təcrübə qazandıqca qərar zamanı qısalacaq, bunu özünüz də görəcəksiniz. Qış fasiləsindən sonra daha yaxşı səviyyəyə çatacaq. İlk həfələr üçün normaldır. Türkiyədə, Almaniyada, İngilərədə də belədir, UEFA-nın keçirdiyi yarışlarda da. Həmin ölkələri mütəmadi izləyirəm, dostlarımla tez-ez danışıb, məlumatlar alıram. Xüsusən də ofsayd xəttinin çəkilməsi, futbolçular bir-birinə çox yaxındırsa, vaxt ala bilər. Bir də ki, bizdə "qol xətti” (Goal line) kamerası yoxdur. Sadəcə ofsayd kamerası var. Ona görə də qolun olub-olmaması ilə bağlı qərar gecikə bilər. Bundan başqa hər şey normaldır. Qeyri-adi nəsə yoxdur”.
Mütəxəssis hazırda VAR təcrübəsi olan yeganə hakimimizin Əliyar Ağayev olduğunu deyib:
"Bu, təkcə Azərbaycana aid deyil. VAR ilk dəfə tətbiq olunur. Bu, sürücülüyə, yaxud pilotluğa bənzəyir. Təyyarəni ilk dəfə uçurmağınızla, 50-ci dəfə uçurmağınız eynidir? Hazırlıqları daha tez görürsünüz. Bu da elə olacaq. İndiyə qədər bir hakimimiz iki dəfə VAR-a müraciət etdi. 25-30 dəfə müraciət etsinlər, təcrübə qazanacaqlar. Hazırda VAR təcrübəsi olan tək hakimimiz Əliyar Ağayevdir. Nəzər yetirsəniz, görərsiniz ki, onun, səhv etmirəmsə, "Sabah” - "Sumqayıt” matçında VAR-a baxıb verdiyi qərarlar gecikmədi. "Qarabağ” - "Sumqayıt” matçında mən də stadionda idim. Amma həmin oyunda nə qədər kritik ofsayd epizodu olduğunu bilirsiniz? Qəbul edirəm, normaldan gec oldu. Qərarlar bu qədər gecikməməli idi. Amma bütün bunlar təcrübə ilə əlaqədardır. Səhv etməkdənsə, işlərini doğru görməyi üstün tuturlar. Protokolda da belə yazılıb. Onsuz da itirlən vaxt hissənin sonuna əlavə olunur. Həftələr keçdikcə özünüz də görəcəksiniz. Təcrübə, təcrübə, təcrübə…”
Şimşək Azərbaycan Premyer Liqasının oyunlarında VAR sisteminə baxan hakimlərin işlərini də qiymətləndirib:
"İlk iki həftədə çox uğurlu olduqlarını deyə bilərəm. Oyunlarda hansısa problemlər olduğunu görürsünüz? Yoxdur, amma getdikcə daha yaxşı olacaq. Hər şey qaydasındadır”.
Səbuhi Həsənov
Şərhlər