Xəbər lenti

Balkan yarımadasında “rus rüzgarı”: Yeni savaş olacaqmı? (ŞƏRH)
Dünya 13:30 24.05.2023

Balkan yarımadasında “rus rüzgarı”: Yeni savaş olacaqmı? (ŞƏRH)

Rusiyanın Ukraynaya hücumu artıq 15-ci aydır ki, davam edir. Prosesin gedişatı onu göstərir ki, bu müharibə hələ xeyli davam edəcək. Bununla yanaşı, son günlər Ukraynadan xeyli aralı, Avropanın digər məkanında da müharibə olacağı ilə bağlı xəbərlər yayılmağa başlayıb. Belə ki, Bosniya və Herseqovinanın BMT-yə yeni təyin olunmuş səfiri Zlatko Laqumdzijanın açıqlamaları dünya gündəminə düşüb. 

O iddia edib ki, Putin dünyanın diqqətini Ukraynadan yayındırmaq üçün Balkan ölkələrinə təzyiqi gücləndirir: "Son beş-altı ildə, xüsusən də Qərbi Balkanlarda Rusiyanın təsiri Moskvanın təsəvvür edə biləcəyindən də artıq olub. Ruslar separatçı təbliğatları, əlaqələri gücləndirirlər”.

Bu fonda da fikirlər səslənir ki, Putin yeni müharibyə hazırlaşır. Bunun üçün də ən əlverişli yer olan  Balkan yarımadası seçilir. 

Qeyd edək ki, Balkan yarımadası hər zaman gərginlik məkanı olub. Rusiya buradakı serblərdən hər zaman öz maraqları naminə istifadə etməyə çalışıb və çalışır. Balkanlarda ara-sıra alovlanan separatçı, təxribat xarakterli meyllər də əsasən məhz Moskvadan qaynaqlanıb. Kreml Avropanı  təzyiq altında saxlamaq üçün hər zaman bu məkana gərginlik ocağı kimi baxıb. 

İndiki şəraitdə Rusiya Ukraynada çətin duruma düşüb. Ukraynaya Qərbin hərtərəfli dəstəyinin nəticəsidir ki, Moskva burada dalana dirənib. Belə vəziyyətdə Rusiya çıxış yollarından biri olaraq çalışır ki, Qərbin diqqəti mümkün qədər Ukraynadan yayınsın. Bunun üçün də Rusiya müxtəlif variantlara əl atır. 

Kreml Avropa İttifaqı ölkələrinin bəzilərində, xüsusən də Çexiyada Rusiyanı dəstəkləyən aksiyalar təşkil edir. Moskva Balkanlarda əsasən də serblərdən yararlanmaqla gərginliyi, mili ədavəti qızışdırır. Amma indiki durumda Rusiyanın istəsə də belə, ikinci cəbhə açmaq imkanları olduqca məhduddur. Həm özü bunu etmək imkanında deyil, həm də Balkanlarda müttəfiqi sayılan Serbiya dövləti mövcud vəziyyətdə Moskvadan mümkün qədər uzaq durmağa çalışır. Bunu prezident Aleksandr Vuçiç hökumətinin son addımları da göstərir. Belə ki, o son dövrlər Aİ ilə münasibətləri sahmana salmaq yolunu tutub. 

Bu mənada, Bosniya və Herseqovinanın BMT-yə yeni təyin olunmuş səfiri Zlatko Laqumdzijanın açıqlamaları elə də real görünmür. Səfirin həmin fikri sadəcə olaraq ola  biləcək təhlükəni qabaqlamaq məqsədi daşıyır. Bosniya və Herseqovinadan olan səfir bununla əslində çalışır ki, Qərb Ukrayna müharibəsi fonunda belə, bölgəyə diqqətini nəinki azaltmasın, əksinə daha da artırsın. 

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->