Bakıda keçirilən taekvondo üzrə dünya çempionatında üçüncü günə yekun vurulub.
Qaynarinfo-nun məlumatına görə döyüşlərin yekununa əsasən yarışda daha 3 çəki dərəcəsində mükafatçılar bəlli olub.
Kişilər arasında 80 kq çəki dərəcəsində finalda Simone Alessio (İtaliya) Karl Alan Nikolasla (ABŞ) üz-üzə gəliblər. İtaliyalı taekvondoçu qalib gələrək qızıl medala yiyələnib. Nikolas ikinci yerdə qərarlaşdığı halda, Seif Eyissa (Misir) ilə Migel Treyos (Kolumbiya) bürünc medala layiq görülüblər.
87 kq-da mundialın ən güclüsü Çanqhyun Kanq (Cənubi Koreya) olub. Gümüş medalı İvan Sapina (Xorvatiya), bürünc mükafatları Artyom Plonis (Dünya Taekvondosu) və Arian Salimi (İran) qazanıb.
Qadın taekvondoçuların 49 kq çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə Merve Dincel (Türkiyə) qalxıb. O, finalda Panipak Vongpattanakiti (Tailand) məğlub edib. 3-cü yeri Bruna Duvançiçi (Xorvatiya) və Adriana Serezo İqlesias (İspaniya) tutublar.
Bu çəki dərəcələrində Azərbaycan millisinin idmançılarından Əliəskər Əliyev (80 kq), Taleh Süleymanov (87 kq) və Patimat Abakarova (49 kq) 1/8 finalda mübarizəni dayandırıblar.
Yarışın dördüncü günündə daha 2 çəki dərəcəsində qaliblər müəyyənləşəcək.
Səbuhi Həsənov
Şərhlər