Xəbər lenti

Azərpaşa Nemətovun yerinə təyin olunan Mehriban Ələkbərzadə kimdir?
Sənət 18:28 13.05.2023

Azərpaşa Nemətovun yerinə təyin olunan Mehriban Ələkbərzadə kimdir?

Xəbər verdiyimiz kimi, Əməkdar incəsənət xadimi, rejissor Mehriban Ələkbərzadə Akademik Milli Dram Teatrının bədii rəhbəri təyin edilib. Bu barədə mədəniyyət naziri Adil Kərimli əmr imzalayıb.

Mehriban Zaur qızı Ələkbərzadə 1965-ci ilin avqust ayının 5-də Gəncə şəhərində doğulub. Uşaq yaşlarından ailəsi Sumqayıt şəhərinə köçüb və o, buradakı 17 saylı orta məktəbi 1982-ci ildə bitirib. Bir il Sumqayıt Dövlət Dram Teatrında rejissor köməkçisi işləyib. 1983-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun rejissorluq fakültəsinə daxil olub və 1988-ci ildə oranı bitirmişdir. Təyinatla Lənkəran Dövlət Dram Teatrına göndərilib.

İxtisas təhsilini görkəmli rejissor Mehdi Məmmədovun kursunda alan Mehriban Ələkbərzadə hələ tələbəlik illərində institutun Tədris teatrında Tennessı Uilyamsın "Sökülən yurd", Eduard de Filipponun "Silindr", Dövlət televiziyasında Elçinin "Ömrün son səhəri" pyeslərini tamaşaya hazırlayıb. Elçinin bu əsəri televiziya tamaşası kimi də çəkilib.

1990-cı ildə Lənkərandan Bakıya qayıdandan sonra "Azərbaycanfilm" kinostudiyasında "Güzgü" qısametrajlı bədii filmini çəkib. 1991-ci il yanvar ayının 28-də Akademik Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülüb. 1 aprel 1994-cü ildən isə həmin teatrda quruluşçu rejissordur.

1988-ci il iyunun 11-də Akademik Milli Dram Teatrının Kiçik səhnəsində Jan Pol Sartın "Dəfn edilməmiş ölülər" dramını tamaşaya hazırlayıb. Lənkəran Dövlət Dram Teatrında Şıxəli Qurbanovun "Sənsiz" (2 noyabr 1989), Bəxtiyar Vahabzadənin "Yağışdan sonra" (25 mart 1989), Stanislav Stratiyevin "Avtobus", ("Çarəsiz sərnişinlər". 24 aprel 1990)pyeslərinə quruluş verib. 1990-cı ildə Lənkərandan Bakıya qayıdandan sonra "Azərbaycanfılm" kinostudiyasında "Güzgü" qısametrajlı bədii filmini çəkib. Rejissor Mehriban Ələkbərzadə 1991-ci il yanvar ayının 28-də Akademik Milli Dram Teatrına rejissor köməkçisi ştatına işə götürülüb. 1 aprel 1994-cü ildən isə bu kollektivdə quruluşçu rejissordur. O, Akademik teatrda "Dəfn edilməmiş ölülər", "Min illərin işığı", "Müəmmalı bir gəlin üç versiyası", "Poçt şöbəsində xəyal", "Afət" və başqa tamaşalar hazırlayıb.

Mehriban Ələkbərzadə Azərbaycan Dövlət Televiziyasında Nahid Hacızadənin "Yaşa, ey haqq!", Jan Koktonun "İnsan səsi", Marşa Normanın "Gecən xeyrə qalsın, ana", Mehriban Vəzirın "İlğım", Afaq Məsudun "Cəza" əsərlərini tamaşaya hazırlayıb.

"Space" televiziyasında özünün həm rejissoru, həm müəllif-aparıcısı olduğu "Dünən, bu gün, sabah, "Telebenefıs", "Fövqəl dünya və mən" bədii kompozisiyaları silsilə proqramlar arasında xüsusi yer tutur. Bu televiziya kanalında dörd seriyalı "Qırmızı Terror və ya Mircəfər Bağırov", "Azərbaycan xanlıqları" bədii-sənədli filmlərin rejissorudur. 2008-ci ilin əvvəllərində mətbuata açıqlamasında rejissor televiziya fəaliyyətinə son qoyduğunu bildirib.

AMEA-nın "Yeni tarix" şöbəsinin elmi işçisidir. 2017-2022-ci illərdə Azərbaycan Dövlət Yuğ Teatrının baş rejissor kimi fəaliyyət göstərib. 2022-ci ildən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru vəzifəsində çalışıb.

2003-cü ildə Naxçıvan MR-nın Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb. 25 iyun 2013-cü ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi fəxri adına layiq görülüb.

Xatırladaq ki, bu ilin aprel ayının 9-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri-baş rejissoru və direktoru Azərpaşa Nemətov 76 yaşında dünyasını dəyişib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->