Xəbər lenti

Azərbaycanlılar ermənilərlə birlikdə yaşaya bilərmi? - Misir Mərdanovdan cavab
Siyasət 09:10 06.10.2023

Azərbaycanlılar ermənilərlə birlikdə yaşaya bilərmi? - Misir Mərdanovdan cavab

Azərbaycan ermənilərlə birgəyaşayışla bağlı addım atmaqla elan etdiyi prinsiplərə sadiqliyini nümayiş etdirir. Artıq Qarabağdakı ermənilərin reinteqrasiyası prosesinə başlanıb və ermənilərlə birgəyaşayış reallaşır.

Hələki 15 nəfər sakin könüllü şəkildə zəruri olan bütün məlumatları təqdim edərək Dövlət Miqrasiya Xidmətinə müraciət etməklə Azərbaycan vətəndaşlığını qəbul edib. İstənilən halda birgəyaşayışın reallaşması uzun çəkən proses olacaq.

Bəs, biz buna psixoloji cəhətdən hazırıqmı?

Qərbi Azərbaycan İcması Müşahidə Şurasının sədri, keçmiş təhsil naziri Misir Mərdanov Bizim.Media-ya açıqlamasında bildirib ki, birgəyaşayış istənilən halda çətin olacaq:

"Bu məsələ həddindən artıq dərinləşib və 30 il davam edib. On minlərlə qan tökülüb. Elə bir azərbaycanlı ailə ola bilməz ki, müharibədə bu və ya digər formada oğlunun, qohumunun, qardaşının və ya yaxın adamının qanı tökülməsin.Əlbəttə bir azərbaycanlı kimi düşünürəm ki, birgəyaşayış elə də asan olmayacaq.

Bu dəqiqə kim erməni ilə qonşu olmaq istəyər?

Amma dünya, beynəlxalq aləm və siyasət var. Azərbaycan prezidentinin xalqımıza dediyi sözü öz fikirlərimlə mən də qeyd etmək istəyirəm. Biz dünyaya bəyan edirik ki, ermənilərin tayı deyilik və humanist xalqıq. Hətta bu qədər qan tökülməsinə, günahsız insanların ölümünə və dağıntıların olmağına baxmayaraq yenə də əvvəllər olduğu kimi Qarabağda yaşayan Azərbaycan vətəndaşları olan ermənilər əgər Azərbaycanın konstitusiyasını qəbul etsələr, özlərini ölkəmizin vətəndaşı hesab etsələr, qayda-qanunlarımıza əməl etsələr, onlarla bir yerdə yaşaya bilərik.Ona görə də bu məsələ zaman alacaq. Amma başqa yol da görmürəm. Görürsünüzmü, cəmi 15 erməni Azərbaycan vətəndaşlığını qəbul edib. Onlar üçün də birgəyaşayış çətindir.

Törətdikləri hadisələri yaxşı xatırlayırlar və bilirlər ki, övladını öldürdüyü insanla necə gəlib qonşu olacaq?Yaxud, Xocalı faciəsini törədən, Gəncəyə raket atıb günahsız uşaqları qıranlarla biz necə qonşu ola bilərik?”

Tanınmış psixoloq Elnur Rüstəmovun sözlərinə görə isə bu günkü reallığa görə ilkin mərhələdə hansısa problemlər yarana bilər:

"Maraqlı qüvvələr ola bilər ki, xalqlar arasında süni şəkildə nifaq sala bilərlər. Bütün bunlara hazır olmaq lazımdır. Çünki bütün bunlardan almış olduğumuz psixoloji travmalar var. O travmaların aradan qaldırılması istiqamətində böyük iş aparmağa ehtiyac var. Azərbaycanlılarla ermənilərin birgəyayışı və adaptasiya dövrü zaman alacaq.

Bu gün üçün müəyyən problemlər çıxa bilər ki, onların həlli istiqamətində qabaqlayıcı tədbirlər görülür və bundan sonra da görüləcək. Ən azı hüquqi və digər müsəvidə də iş aparılır. Bu məsələdə praktikaya istinad etmək lazımdır. Nə qədər müharibə olub və müharibədən sonra xalqların bir-birlərinə inteqrasiyası zaman alıb. Bəlli bir müddətdən sonra onlar yenə də bigə yaşayıblar və fəaliyyət göstəriblər.

Bunun birinci, ikinci dünya müharibələrində və lokal müharibələrdə şahidi oluruq”. Psixoloq hesab edir ki, bu istiqamətdə kompleks tədbirlər görmək lazımdır:

"Nəzərə almaq lazımdır ki, 30 illik işğal müddətində erməni vandallarının etmiş olduğu hərəkətlər və yaratdıqları psixoloji travmalar bir günə aradan qalxan deyil. Müəyyən zaman müddətində bəlli olacaq ki, biz və yaxud qarşı tərəf inteqrasiyaya nə qədər hazırdır.

Bütün hallarda əgər inteqrasiya olacaqsa, kompleks işlər görmək lazımdır. Adaptasiya prosesi birdən-birə baş vermir. Onun üçün hazırlıq mərhələsi və üzərində aparılan işlər var. Bundan sonra biz adaptasiyadan danışa bilərik”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->