UFC ilə müqavilə imzalayan ilk azərbaycanlı döyüşçü Hüseyn Əliyev ABŞ-da növbəti qələbə qazanıb.
Qaynarinfo xəbər verir ki, ABŞ-da yaşayan həmyerlimiz avqustun 14-də Hyuston şəhərində MMA idman növü üzrə çempionluq döyüşü keçirib. O, "Fury FC 67 - UFC Fight Pass" turnirində gecənin döyüşü və 65.7 kq çəki dərəcəsində çempionluq kəməri üzrə döyüşdə rəqibi olan liqanın keçmiş çempionu və məşhur "Glory" Kickboxing turniri döyüşçüsü Neyt Riçardson üzərində tam qələbə qazanaraq çempion olub.
Qalibiyyət nitqində Hüseyn Əliyev baş məşqçisi Nima Mazhari, "American Kickboxing Academy"-dən baş məşqçi Xavyer Mendez, Həbib Nurməhəmmədova, digər kamp yoldaşlarına və dəstəkçilərinə təşəkkür edib.
Bu, Hüseyn Əliyevin "Fury FC - UFC Fight Pass" liqasında 3-cü döyüşü olub. Hüseyn Əliyev döyüşün 4-cü hissəsində rəqibini nokdauna salıb, lakin döyüşü vaxtından əvvəl bitirmək alınmayıb. Son olaraq 5 raundun nəticəsinə görə çempionluq adını və turnirin kəmərini həmyerlimiz əldə edib.
Neyt Riçardson Hüseyn Əliyevin ardıcıl məğlub etdiyi 3-cü çempiondur. "FURY FC" liqasındakı ötən döyüşündə azərbaycanlı idmançı keçmiş "Combat Global" çempionu və "Ultimate Fighter" şousunda iştirak etmiş Andres Quintana qalib gəlib. Turnirdəki ilk döyüşündə isə həmyerlimiz "Fury FC"-nin eyni çəkidə çempionu olmuş Braziliya Cui-Citsu idman növü üzrə qara kəmər sahibi Kameron Qraves üzərində qələbə çalıb.
Son 3 döyüşündə 3 çempion üzərində qələbə çalaraq həmyerlimiz dünyaca məşhur və MMA idman növü üzrə nömrə 1 şirkəti olan UFC-yə çıxmaq şansını maksimallaşdırıb.
Şərhlər