Xəbər lenti

Azərbaycanda yüksək vəzifəli məmurların ən böyük mənimsəmə faktları (ARAŞDIRMA)
Ölkə 10:40 02.12.2022

Azərbaycanda yüksək vəzifəli məmurların ən böyük mənimsəmə faktları (ARAŞDIRMA)

Ölkəmizdə zaman-zaman xüsusi xidmət orqanları tərəfindən yüksək ranqlı məmur həbslərinə şahidlik edirik. Ələlxüsus da, son dövrlərdə mənimsəmə, rüşvətalma kimi fəaliyyətlərdə ittiham olunan məmurlar bu əməllərinə görə cəzalandırılırlar.

Müvafiq araşdırmaların nəticəsində bir sıra hallarda külli miqdarda vəsaitin mənimsənilməsi halları üzə çıxır.

Qaynarinfo xəbər verir ki, bizim.Media bu günə qədər ölkəmizdə üzə çıxmış ən böyük mənimsəmə hallarını araşdırıb.

1. Nizami Məmmədov

Bu il martın 2-də xüsusi əməliyyatla saxlanılan Müdafiə Nazirliyinin Maliyyə İdarəsinin rəisi, general-mayor Nizami Məmmədov barədə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Nizami Məmmədov 80 milyon manata yaxın vəsaiti mənimsəməkdə ittiham olunur.

2. Mənsur Əsgərov

Noyabrın 25-də Bakı şəhəri Səbail rayon məhkəməsi xüsusi xidmət orqanları tərəfindən aparılan cinayət işi üzrə müstəntiqin Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin (DGK) Gömrük tariflərinin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi Əsgərov Mənsur Turan oğlu barəsində vəsatətinə baxıb. Məhkəmənin qərarı ilə barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilən M.Əsgərov 132 milyon manat vəsaiti mənimsəməkdə ittiham olunur.

3. Rafael Əliyev

Naxçıvan MR-in maliyyə naziri Rafael Əliyev xüsusi xidmət orqanları tərəfindən Naxçıvan Gömrük Komitəsində həyata keçirilən əməliyyatlarda həbs olunub. Həbs Cinayət Məcəlləsinin 179.4-cü maddəsi (xüsusilə külli miqdarda ziyan vurmaqla mənimsəmə və ya israf etmə) ilə başlanmış işin gedişi üzrə icra edilib.

Onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. R.Əliyev vəzifə səlahiyyətlərindən sui-istifadə edərək müxtəlif yollarla "xüsusilə külli miqdar” təşkil edən 144 milyon manat dövlət vəsaitini mənimsəməkdə ittiham edilir.

4. Səlim Müslümov

2021-ci ilin ən səs-küylü və ilk həbslərindən biri keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun həbsi olub. Sabiq nazir ötən ilin fevralında vəzifə səlahiyyətlərini aşma və təkrar külli miqdarda rüşvət alma maddələri ilə ittiham olunaraq 4 ay müddətinə azadlıqdan məhrum edilib. Sonrakı aylarda onun həbs müddəti 2 dəfə uzadılıb və Səlim Müslümov bu ilin mayında ev dustaqlığına buraxılıb. Keçmiş nazir 27 milyon manat vəsaiti mənimsəməkdə ittiham olunub.

5. Vilyam Hacıyev

İmişlinin sabiq icra başçısının mənimsəməkdə ittiham olunduğu məbləğ isə 8 milyon manatdır. Sabiq məmur külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə və rüşvətalma kimi qanunazidd əməllərdə ittiham olunaraq 12 il azadlıqdan məhrum edilib.

6. Alimpaşa Məmmədov

Alimpaşa Məmmədov 2021-ci ilin aprel ayında Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs olunub. O, 7 milyon manata yaxın vəsaiti mənimsəmədə və rüşvətalmada ittiham olunub.

7. Əhməd Əhmədov

Naxçıvan MR-in keçmiş daxili işlər naziri Əhməd Əhmədov ötən il martın 8-də saxlanılıb. İyunun 17-də barəsində hökm oxunan sabiq nazir külli miqdarda mənimsəmədə ittiham olunaraq 11 il azadlıqdan məhrum edilib. O, 9 milyon manata yaxın vəsaiti mənimsəməkdə şübhəli bilinib. Bir neçə gün öncə isə sabiq nazirin səhhətində yaranan problemlərlə əlaqədar azadlığa buraxıldığı ilə bağlı xəbərlər yayılıb.

8. Vüqar Səfərli

KİVDF-nin sabiq sədri Vüqar Səfərli 5,7 milyon manatı vəsaiti mənimsəməkdə şübhəli bilinərək saxlanılıb. Dekabrın 21-də barəsində hökm oxunan Vüqar Səfərli 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, "KİVDF” işində PA-nın sabiq şöbə müdiri Əli Həsənov və onun ailə üzvlərinin də adı hallanıb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->