Rumıniyanın paytaxtı Buxarestdə III Avropa Oyunlarının taekvondo yarışına lisenziya xarakterli təsnifat turniri start götürüb.
"Report"un məlumatına görə, yarışın ilk günü Azərbaycan millisi üçün uğurlu alınıb. Milli üzvü Səyyad Dadaşov turnirin qalibi adını qazanıb.
54 kq çəki dərəcəsində mübarizə aparan taekvondoçu yarımfinalda gürcüstanlı Data Axaladzeni 2:0 hesabı ilə məğlub edib. O, finalda ukraynalı Maksim Manekova da gücünü göstərib. Eyni hesabla qalib gələn Dadaşov həm qızıl medala, həm də Polşanın Krakov şəhərində keçiriləcək III Avropa Oyunlarına lisenziyaya sahib çıxıb.
Ondan fərqli, Xanoğlan Kərimov (63 kq) bürünc medalla kifayətlənib. Milli üzvü moldovalı Alin Manolu yarışdan kənarlaşdırsa da (2:0), yarımfinalda norveçli Kristian Borgenə uduzub və üçüncü yeri tutub.
Aprelin 9-da Həmidreza Bədriəliabadi (+87 kq) qüvvəsini sınayacaq. Yarışda hər çəki dərəcəsinin qalibi "Krakov-2023"də iştirak hüququ qazanır.
Qeyd edək ki, Səyyad Dadaşov III Avropa Oyunlarına vəsiqəni təmin edən 8-ci Azərbaycan taekvondoçusu olub. Ona qədər Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) Krakov-2023-də iştirak hüququ qazanıb. Avropa Oyunlarında taekvondo yarışları 23-26 iyunda keçiriləcək.
Şərhlər