"Paşinyanın belə bir açıqlama verməsi onu göstərir ki, onun bəhanəsi qalmayıb".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanın əsas hissəsindən Naxçıvana getmək üçün quru əlaqəni təmin etməyə hazır olduğu barədə fikirlərini şərh edərkən deyib.
Politoloq vurğulayıb ki, erməni siyasətçiləri Azərbaycanın şərtləri daxilində kommunikasiya sisteminin açılmasının Ermənistanın suverenitetinə zərbə olacağını iddia edirlər:
"Belə iddiaların heç bir əsası yoxdur. Çünki ən azından ortada Rusiyanı Kalininqradla birləşdirən və Litvadan keçən yol var. Litva Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar fonunda həmin ölkədən gələn bir çox məhsulların bu yoldan keçirilməsinə qadağa qoyub. Bu isə onu göstərir ki, Litva həmin ərazidə öz suveren hüquqlarını saxlayır. Eyni şey Ermənistana da təklif olunur".
Politoloq bildirib ki, burada suverenitetin pozulmasından söhbət belə gedə bilməz:
"Bu bəhanə Paşinyanın əlindən alındığından indi də İrana bir şərt, Ermənistana isə tamamilə başqa şərtlərin tələb olunması bəhanəsini ortaya atır. Hətta o, İranla mövcud olan şərtlər əsasında Zəngəzur dəhlizinin açılmasına razılıq verdiyini də bildirir. Amma unudur ki, İranla Ermənistan eyni deyil. İran 30 il Azərbaycan torpaqlarını işğal edib, sonra da ona uduzan dövlət deyil. Şərtlər tamamilə fərqlidir və Azərbaycanın İrəvana əlbəttə ki, müəyyən şərtləri olmalıdır".
Paşinyanın iki ölkənin bir-birinin silahlanmasına qarşılıqlı şəkildə nəzarət etmələrinə dair saziş imzalaması təklifinə gəlincə, həmsöhbətimiz bunu qeyri-ciddi təklif kimi dəyərləndirir:
"3 ildir müharibə bitib və 5 prinsip üzrə Azərbaycan sülh təklif edir. Sülh müqaviləsi imzalanmadığı təqdirdə, bu ölkələr qarşılıqlı olaraq silahlanmaya necə nəzarət edəcək? Bu, ciddi qəbul oluna bilməz. Deməli, burada ilk atılacaq addım sülh müqaviləsi və normal münasibətlər sisteminin tənzimlənməsi olmalıdır. Çünki münasibət olmayan yerdə qarşılıqlı nəzarətdən söhbət gedə bilməz. Yalnız bundan sonra digər problemləri həll etmək olar. Ona görə də düşünürəm ki, silahlanmaya qarşı guya hansısa bir müqavilənin imzalanmasının çözüm olacağı da absurddur. Azərbaycan Ermənistanın silahlanması ilə bağlı əslində narahat deyil. Ermənistan narahat olmalıdır. Çünki o, silahlandıqca, Azərbaycan da silahlanmağa davam edəcək. Azərbaycanın imkanları isə Ermənistanın imkanlarından müqayisə olunmaz dərəcədə çoxdur. Sülh fikrində olan dövlət belə intensiv şəkildə silahlanmamalıdır".
Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan dəhliz məsələsindən danışarkən ölkəsinin İran kimi eyni şərtlərlə Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin etməyə hazır olduğunu bildirib. Digər tərəfdən, erməni baş nazir iki ölkə bir-birinin silahlanmasına qarşılıqlı şəkildə nəzarətinə dair saziş imzalanmasını da təklif edib.
Rüfət Sultan
Şərhlər