Xəbər lenti

Azər Bağırov: “Siqnal gözləyirik ki, tam işə keçək...”
İdman 15:10 13.04.2023

Azər Bağırov: “Siqnal gözləyirik ki, tam işə keçək...”

Birinci Divizionun lideri "Araz Naxçıvan” mövsümün bitməsinə 6 tur qalmış Premyer Liqaya vəsiqə qazandı. Düzdür, çempionatın ikinci pilləsində yer alan "Neftçi-2” ilə arada elə də böyük xal fərqi yoxdur. Amma reqlamentə əsasən, klubların əvəzedicilərinin Premyer Liqaya yüksəlmək hüququ olmadığına və hazırda 38 xalla 4-cü pillədə yer alan MOİK-in istirahət növbəsi 26-cı tura düşdüyünə görə Naxçıvan təmsilçisi Premyer Liqaya vəsiqəni təmin etmiş sayılır. 

"Araz Naxçıvan”ın baş məşqçisi Azər Bağırov bu uğurla bağlı Qaynarinfo-ya açıqlama verib:

"Düşünmürəm ki, hər şey bitib. Çempionatı titulla başa vurmaq lazımdır. Rəqiblər bizi izləyirlər. Qarşıda çətin oyunlarımız var. Məşqlərimiz intensiv şəkildə keçir. Heç uşaqalara Premyer Liqaya vəsiqə qazandığımızı hiss etdirmirik. İnşallah, mövsümü çempion kimi başa vurarıq. Birinci Divizionda təcrübəm var. Premyer Liqa komandalarından "Keşlə”də (indiki "Şamaxı”) olanda Azərbaycan Kubokunu qazanmışam. Fikrimcə, yavaş-yavaş yuxarılarda sözümüzü deməli, bacarıqlarımızı ortaya qoymalıyıq. Bu gün Birinci Divizion bəzilərinə asan gələ bilər. İnanın burada işləmək Premyer Liqadan daha çətindir. Çünki orada peşəkar futbolçular olur. Amma Birinci Dəsətədə bu cəhətdən çox çətinlik çəkirsən. Həm limit məsələsi var, həm Naxçıvana istədiyimiz futbolçuları gətirə bilmədik. Məşqçi futbolçuları işlətməlidir, bacarıqları ortaya qoymalıdır. Şükürlər olsun, bunu etmişik, görək qalan vaxtda neyləyəcəyik”.

Bir neçə il öncə MOİK-lə də ölkə birinciliyini qazanan Bağırov budəfəki çempionluğun daha dadlı olacağını düşünür:

"Mənim üçün əsas məsələ verdiyim sözü yerinə yetirməkdir. Qalan məsələlər rəhbərliyin, AFFA-nın, PFL-in qərarıdır. Boynuma düşən komandanı formalaşdırmaq idi. Neçə ildir Naxçıvanda futbol yox idi, uşaqları çətin şəraitdə saxladıq. Fikrimcə, çempionluğu qazansaq, bu, əvvəlkindən daha dadlı olacaq. Çünki daha çox əziyyətimiz oldu. Düzdür, MOİK köklü klub idi, gəldik, uşaqları topladıq. Hətta qış fasiləsində də futbolçular aldıq. "Araz Naxçıvan”da həm komanda formalaşdırmaq, həm stadion baxımından çox çətinliklərimiz oldu”.

Bağırov futolçuları qalan oyunlara kökləmək baxımından çətinlik çəkməyəcəklərini, həmçinin Premyer Liqa ilə bağlı planların da hazır olduğunu dedi:

"Əksinə, futbolçular özləri yaxınlaşırlar, nəyi necə etmək haqda soruşurlar. Sözün əsl mənasında çempionluğa, liderliyə layiq olduğumuzu göstərməliyik. Normal düşüncəli futbolçu Premyer Liqa ilə Birinci Divizionun eyni olmadığını bilməlidir. Dəyişikliklər qaçılmazdır. Amma radikal dəyişikliklər gözlənilmir. Çünki Premyer Liqada oynamaq istəyən futbolçular var, onlara dəstək verməliyik. Baxın "Şamaxı”dakı uşaqlar da digərləri ilə başabaş mübarizə aparırlar. Biz komandaya rəng qatacağıq, daha keyfiyyətli futbolçular cəlb edəcəyik. Premyer Liqa ilə bağlı da planlarımız hazırdır. Sadəcə, siqnal gözləyirik ki, tam işə keçək. Əks halda nəsə etməyə çalışmağımız qeyri-peşəkarlıq olar”.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->