Xəbər lenti

Azadlığa buraxılan Vüqar Kərəmov yenidən həbs edildi
Ölkə 13:21 29.04.2024

Azadlığa buraxılan Vüqar Kərəmov yenidən həbs edildi

Bir neçə gün əvvəl məhkəmədən azadlığa buraxılan MMA döyüş növü üzrə idmançı Vüqar Kərəmov yenidən həbs edilib.

APA xəbər verir ki, bununla bağlı Bakı Apellyasiya Məhkəməsi qərar qəbul edib.

Belə ki, Vüqar Kərəmovun azadlığa buraxılması ilə bağlı Xətai rayon Məhkəməsinin qərarından narazı qalan prokuror apellyasiya protesti verib.

Bu gün Bakı Apellyasiya Məhkəməsində hakim Murad Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Vüqar Kərəmov barəsində Xətai rayon Məhkəməsinin qərarı ləğv edilib və onun barəsində yenidən həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, Azərbaycan MMA və Qrapplinq Federasiyasının qarışıq döyüş növləri üzrə baş məşqçisi Ruslan Əfəndiyev və 3 tələbəsinin digər MMA döyüşçüsü Həsən Əzizovun şikayəti əsasında açılmış cinayət işi üzrə həbs edilməsi məlum olub.

Bir neçə ay əvvəl Dənizkənarı Bulvar Ərazisindəki ticarət-əyləncə mərkəzlərindən birində MMA döyüş növü üzrə yarış keçirilib. Lakin Həsən Əzizov yarışın keçirildiyi zala buraxılmayıb. O, zala daxil olmaq istəyərkən münaqişə baş verib və Ruslan Əfəndiyevlə tələbələri idmançını kütləvi şəkildə döyərək xəsarətlər yetiriblər. Bundan sonra H.Əzizov tibb müəssisəsinə və polisə müraciət edib. Hadisə ilə bağlı Bakı Şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb.

Adları çəkilən idmançılar barəsində Xətai Rayon Məhkəməsi 1 ay 26 gün müddətinə həbs qətimkan tədbiri seçib. Hadisənin digər iştirakçıları Tofiq Musayev və Mehman Məmmədov barəsində isə həbslə bağlı olmayan digər qətimkan tədbiri seçilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->