Xəbər lenti

Aybəniz Haşımova məşhur bəstəkarı dəfnin sabahı niyə qəbirdən çıxartdırıb? - Xanımı açıqladı
Sənət 16:09 22.07.2022

Aybəniz Haşımova məşhur bəstəkarı dəfnin sabahı niyə qəbirdən çıxartdırıb? - Xanımı açıqladı

Əməkdar İncəsənət Xadimi, mərhum bəstəkar Tahir Əkbərin həyat yoldaşı Aybəniz Əkbər Əməkdar artist Aybəniz Haşımovanın mərhumun vəsiyyəti ilə bağlı açıqlamasına aydınlıq gətirib. 


O, Qaynarinfo-ya açıqlamasında Aybəniz Haşimovanın düz danışdığını vurğulayıb:


"Tahir Əkbər sağlığında deyirdi ki, "layiq olmadigim yer olsa, məni atamin qəbrinə qoyun”. Tahir Əkbər dünyasını dəyişəndə sabiq Mədəniyyət naziri Əbülfəz Qarayevin İsmayıl adında bir köməkçisi zəng etdi, danışdıq. O, bizə həmin vaxt nazirin göstərişini çatdırdı, bildirdi ki, Tahir Əkbər yüksək səviyyədə dəfn olunacaq. İsmayıl bizə dəfn yerini deməmişdi, sadəcə "Qurd Qapısı” qəbiristanlığı dedi və biz də onunla razılaşdıq. Biz qəbiristanlığa gedəndə gözləmədiyimiz hadisə ilə rastlaşdıq. Ətrafımda adamlar, hətta məmurlar vardı, bu səbəbdən də mən özümü idarə etməyi bacarmalıydım. Tahir Əkbərin dəfn olunduğu yerdə bir kimsə yox idi. Qəbiristanlıqdan qat-qat aşağıda, yolun ortasında onu dəfn elədilər. Özümü birtəhər idarə edirdim, bir onu bilirəm, yanımdakı şəxsdən soruşdum ki, indi bura haradır? Dedilər ki, artıq nə etmək olar, onun da qisməti buraymış... Mən də göz yumdum və razılaşdım. Ona görə ki, Tahir Əkbərin dəfn olunduğu zaman şou yaratmaq istəmədim. Çünki ora dəhşətli yer idi, qəbiristanlığın ortası olsaydı, razılaşardım, amma yolun ortasında onu tək qoya bilməzdim”.

 


 

Mərhumun həyat yoldaşı bütün bunların hər kəsin gözü qarşısında baş verdiyini vurğulayıb:


"Hamı gördü, hamı susdu... Amma mən onun ailəsi olaraq vəsiyyətinə göz yuma bilməzdim. Çox istəyərdim ki, onunla bir yerdə işləyən Bəstəkarlar İttifaqı, Tahir Əkbərlə işləyən müğənnilər danışardı. Amma bir kəs danışmadı... Bu, ağır bir hadisə idi. Tahir Əkbərin heç kimi yox idi, iki qızı var, biri Azərbaycanda yaşamır. Bu iş mənim çiyinlərimdə idi. Odur ki, dəfn zamanı mən susmalı oldum. Tahir Əkbərin telefonuna jurnalistlər tərəfindən zənglər gəlirdi, soruşurdular ki, siz onun yolun ortasında dəfn olunmasına razısınızmı? Mən artıq bir söz deyə bilmirdim, elə çalışırdım ki, dəfn mərasimi tez bitsin ki, onu atasının qəbrinə qoyaq. Nazirliyin əməkdaşı İsmayıl çox hündür bir nöqtədə dayanıb oradan Tahir Əkbərə baxırdı. O, özünü dağ başında görürdü, Tahir Əkbər isə onun nəzərində zibillikdə olmalı idi, mən qalxdım, ona yaxınlaşdım və dəfn üçün təşəkkür etdim. Ona dedim ki, Əbülfəz Qarayevə deyin ki, mən Tahir Əkbəri burada qoymayacam. O da çox rahat şəkildə "buyurun, bu sizin haqqınızdır” dedi”.

 

Mərhumun həyat yoldaşı deyir ki, əslində elə həmin günü Tahir Əkbərin nəşini dəfn olunduğu yerdən çıxarmaq istəyib:


"Bir gecə həmin qəbirdə qaldı. Həmin günü biz gecikmişdik. Çünkü dedilər ki, gecdir, olmaz, səhəri oradan Tahir Əkbərin nəşini çıxardıq, gətirib atasının qəbirinə qoyduq. Tahir Əkbər ən azından İkinci Fəxri Xiyabana layiq idi.


Qeyd edək ki, Əməkdar artist Aybəniz Haşımova mərhum bəstəkar Tahir Əkbərin ölümündən əvvəl ondan son istəyini açıqlayıb:


"Tahir Əkbər hazırda atasının qucağında uyuyur. Ölümündən əvvəl mənə son vəsiyyəti idi: dedi ki, görsən dünyamı dəyişdim, qoyma məni başqa yerdə basdırsınlar. Məni atamın qucağında basdırın".


Bahar Rüstəmli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->