İsrailin baş nazirinin ofisi keçən həftə Ağ Evə Livan münaqişənin diplomatik yolla həllinə dair şərtlərini əks etdirən sənəd göndərib.
Qaynarinfo xəbər verir ki, "Axios”un Vaşinqton və Təl-Əvivdəki mənbələrə
istinadən verdiyi məlumata görə, ABŞ prezidentinin xüsusi nümayəndəsi Amos Hokşteyn oktyabrın 21-də Beyruta səfəri zamanı bu planı Livan hökumətinə təqdim etməli olacaq.
Adını açıqlamayan İsrail rəsmisinin sözlərinə görə, sənəd İsrailin strateji işlər naziri Ron Dermer ilə ölkənin Müdafiə Nazirliyi arasında aparılan danışıqlardan sonra hazırlanıb. İclasda Hizbullah"la müharibəni dayandırmağa yönəlmiş istənilən diplomatik həllə daxil edilməli olan tədbirlər müzakirə edilib. Təl-Əvivin tələblərindən biri də "Hizbullah"ın Livanın cənub sərhədində hərbi infrastrukturunu yenidən qurmamasını təmin etmək üçün İsrail Ordusuna aktiv hərəkətə icazə verilməsidir. İsrail həmçinin bu ölkənin hava qüvvələrinin Livanın hava məkanında tam sərbəst hərəkət etməsini tələb edir.
Adı açıqlanmayan amerikalı rəsminin sözlərinə görə, Livan və beynəlxalq ictimaiyyət çətin ki, İsrailin tələbləri ilə razılaşsın. O hesab edir ki, bəyan edilən şərtlər Livanın suverenliyinə xələl gətirir. Həmçinin qeyd edilir ki, hər iki tələb BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə ziddir və İsrail və Hizbullah arasında atəşkəsin qorunmasına görə məsuliyyəti Livan Silahlı Qüvvələri və BMT-nin Livandakı Müvəqqəti Qüvvələri (UNIFIL) üzərinə qoyur.
Hokşteyn ən azı 8000 Livan hərbçisinin ölkənin cənub sərhədinə yerləşdirilməsi üçün səy göstərməyi planlaşdırır, rəsmilər deyir. Son illər orada Livan ordusunun mövcudluğu məhdudlaşıb və ərazi Hizbullahın nəzarətində olub. Amerika prezidentinin xüsusi nümayəndəsi həmçinin Livan hərbi personalına kömək edə bilmələri üçün UNIFIL-in mandatının genişləndirilməsini xahiş etmək niyyətindədir.
Xatırladaq ki, sentyabrın 23-də İsrail "Hizbullah"dan gələn təhlükəni aradan qaldırmaq və təxliyə edilmiş israilliləri ölkənin şimalındakı evlərinə qaytarmaq məqsədi ilə hərbi əməliyyata başlayıb. Oktyabrın 18-də İsrail Ordusu şimal cəbhəsində tapşırıqları yerinə yetirmək məqsədilə ehtiyat briqadanın səfərbər edilməsinə qərar verib.
Nizami Bağırov
Şərhlər