"Nə deyim, o uşaq adı ilə böyüsün. Amma bu, kütləvi hal almalı deyil. Atatürkün adı Qazi Mustafa Kamaldır. Kamal, Mustafa qoysunlar, amma Atatürk adı Qazi Mustafa Kamalın ömrüboyu qazandığı uca rütbədir. Bu adı dünyaya gələn hansısa uşağa necə qoymaq olar?"
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq deputat, Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycanda doğulan uşağa Atatürk adının qoyulması ilə bağlı danışarkən deyib.
Sabir Rüstəmxanlı bu məsələyə fikir bildirməyə çətinlik çəkdiyini bildirib:
"Atatürk bir insanın böyük həyat, mübarizə yolu keçəndən sonra xalqının sevgisi nəticəsində qazandığı rütbədir. Atatürk təkdir. Onu bütün dünyada, eləcə də Azərbaycanda sevirlər. Atatürk dahidir, bizim hamımızın ürəyində taxt qurmuş bir adamdır. Amma bunu götürüb kiməsə qoymaq, ardınca da dəyişilməmiş bir soyad olanda, məsələn, Atatürk Məmmədov, Atatürk Məhərrəmov və s. çox gülməli bir şey yaranır. Nəysə mənim qulağım belə şeyə öyrəşməyib. Onun adını götürüb kiməsə qoymaq Atatürkə olan sevgi deyil. Atatürkü hörmətdən salar".
Sabir Rüstəmxanlı hesab edir ki, Atatürkün hörmətini uca tutmaq üçün onun adının təkliyini və müstəsnalığını qoruyub saxlamaq lazımdır.
Qeyd edək ki, Ədliyyə Nazirliyinin məlumatına görə, 2024-cü ildə Azərbaycanda yeni doğulan bir uşağa Atatürk adı qoyulub. Bu, son 10 ildə Azərbaycanda Atatürk adı verilən ilk körpədir.
Xatırladaq ki, 2014-cü ildən sonra Azərbaycanda rəsmi qurumlar uzun müddət yeni doğulan körpələrə Atatürk adınının qoyulmasını yasaqlamışdı. Atatürk adı qoymaq Türkiyədə də yasaqdır.
Bahar Rüstəmli
Şərhlər