Hazırda klublarımız Türkiyədə təlim-məşq toplanışını davam etdirir. Digər klublar hələ iki, ciddi fəaliyətləri ilə seçilməsələr də nisbətə "Qarabağ” diqqət çəkir. Həm komandadakı itkilər, həm də yeni transfer Adama Diakabinin fayda vermək baxımından perspektivini Aslan Kərimov dəyərləndirib.
Mütəxəssis Qaynarinfo-ya açıqlamasında klubların hazırlığına toxunub:
"Digər klublarla bağlı çox məlumatım yoxdur. "Qarabağ”ın oyununa baxmışam. Düşünürəm ki, Konfrans Liqasında "Gent”lə oyunda "Qarabağ” heç də zəif görünməyəcək. Kadinin gedişi qısa zaman kəsiyində "Qarabağ”a təsir edəcək. Kadisiz nisbətən başqa şəkildə oynayacaqlar. Yəqin ki, onu Ramil Şeydayev əvəzləyəcək. Şeydayev oynadığı halda komandanın hücumlarının kəsəri heç də aşağı düşmür. Ramil Kadi ilə müqayisədə fərqli özəlliklərə sahib futbolçudur. Təbii ki, hər ikisinin özlərinə uyğun üstünlükləri var. Amma ümumi götürsək, bu, o qədər də təsir göstərməyəcək. Yeni gətirdikləri futbolçunun komandaya nə dərəcədə uyğunlaşacağı bir qədər müəmmalıdır. Əslində, onun videosuna baxmışam. Pis deyil, Fransanın U-21 millisində oynamış futbolçudur və potensialının olduğu açıq-aşkardır. Uyğunlaşma prosesi bir çox faktorlardan, oyunçunun tipindən, xarakterindən, şəxsiyyətindən asılı olur. Məsələn, Kadi qısa zamanda uyğunlaşdı.
Braziliyalılar azərbaycanlılara yaxın tipdir. Onlar gəzməyi, əylənməyi sevir. Bizimkilər də o tipdədirlər. Avropalılar isə bir qədər qapalı tiplərdir. Bu da onların uyğunlaşmasına maneə törədə bilir. Fransa əsilli Zubiri misal çəkmək olar. Komanda yoldaşı olub, onunla ünsiyyət quracaq. İnanıram ki, qısa zamanda özünü yaxşı tərəfdən göstərəcək. Bəzən uyğunlaşma məsələsi xarakterlə bağlı olmur. "Qarabağ”da indiyə qədər elə futbolçular olub ki, böyük ümidlərlə, yaxşı məbləğə alınıb, amma gəlib uyğunlaşa bilməyib. Bəzən də elə futbolçular olub ki, "Qarabağ”dan Avropanın istənilən komandasında lazımi səviyyədə oynaya biləcəyini düşündüyümüz halda bunun əksini görmüşük. Belə nümunələr çoxdur. Ümid edirəm ki, pozitiv yöndə olacaq və komanda "Gent”lə oyuna hazırlaşa bilsin. Həm də "Gent” "Marsel” və ya "Tottenhem” deyil. "Dişinə” uyğun saya bilərik. Hətta bu heyət belə "Gent”dən daha güclüdür. Mətbuatdan oxuduğuma əsasən deyə bilərəm ki, "Gent” özünü yaxşı tərəfdən göstərə bilmir. O qədər də uğurlu görünmürlər.
Aparıcı oyunçularından bir neçəsini satıblar, yenilərini alıblar. Son oyunlarını iki ay əvvəl görmüşəm. Fikrimcə, "Qarabağ”la oyunda ikinci tərəf kimi oynayacaqlar. "Beşli” müdafiəyə, əks-hücuma daha çox üstünlük verirlər. Bu da əslində "Qarabağ” üçün əlverişli ola bilər. Çünki komanda topla nə qədər çox oynayırsa, o qədər qol imkanları yarada bilir. "Frayburq” pressinq edən kimi, "Qarabağ” qapısında iki qol gördü. Amma almanlar geriyə çəkiləndə isə "Qarabağ” əməlli-başlı qol imkanları yaradırdı. "Gent”lə oyun "Qarabağ”ın zəifləməsini göstərməyəcək. Sonra necə olacaq, kimləri transfer edəcəklər bu sual doğurur. Daha böyük şeylər haqqında düşünürüksə, bəzi mövqeləri doldurmaq, məsələn, bir hücumçu almaq lazım gələcək. "Qarabağ”ın qarşıya qoyduğu hədəf Avroliqada qrupdan çıxmaqdır. Çempionlar Liqasında bu, çətin görünür. Belə məqsəd varsa, yaxşı hücumçun olmalıdır”,
Kərimov "Qarabağ”ın əsas qapıçısı Şahruddin Məhəmmədəliyevin zədələnməsi haqda danışdı. O, ikinci qapıçı gürcü Luka Quqeşaşviliyə o qədər də güvənmək mümkün olmadığına və yeni qapıçı transferinə işarə vurur:
"Qarabağ”ın qarşıya hansı məqsədlər qoyulduğunu bilmirəm. Klub rəhbərliyinin və baş məşqçinin mediaya verdiyi açıqlamalar başqadır. Mən də baş məşqçi olsam, bacardığım qədər irəli getməyə çalışacağımı deyərəm. Rəhbərlik isə daha yüksək səviyyəyə çatmaq istədiklərini deyir. "Qarabağ”ın Avroliqanın qrup mərhələsindən çıxmaq imkanı var. Belə məqsəd varsa, bəlli mövqelərdəki oyunçular da o səviyyəyə uyğun olmalıdır. Şahruddin qardaşımız, canımız, ciyərimizdir. Amma Çempionlar Liqasında onun stabilliyi çatmırdı. O səhvlərə qayıtmaq istəmirəm. Amma bunlarla yanaşı, 100 faizli qoldan xilas etdiyi məqamlar da olub. Buna qeyri-sabit stil deyirlər. Yəni, bu gerçəkdir ki, Dağıstanda böyüyən bir qapıçının məktəbi, "altyapısı” yoxdur. Elə Azərbaycanda da belə məktəb yoxdur. İndi-indi qapıçı məşqçilərimiz belə məktəb yaratmaq istəyirlər. Almaniyada, İspaniyada, Niderlandda, İtaliyada isə qapıçı kiçik yaşlarından belə məktəb keçir. Onda texnika formalaşır, bundan sonra özünü inkişaf etdirirsə, top səviyyəyə çatır. Şahruddinin məktəbi olmadığına görə onda stabillik çatmır. Belə qapıçı, məsələn, Çempionlar Liqasında mübarizə aparmağa cəhd göstərmir.
İstənilən halda "Qarabağ”a qapıçı lazımdır. Demirəm, Şahruddin pisdir. Bəzi zamanlarda onu əvəzləmək lazım gəlir ki, psixoloji cəhətdən toparlansın. Quqeşaşvili Şahruddindən güclü deyil, hətta daha aşağı səviyyədədir. Bəlkə başqa klubda onu yaxşı qapıçı kimi görərdik. Amma "Qarabağ” üçün əlverişli olmadı. Şehiç bəlkə də Şahruddin kimi "doqquzluq”dan top qaytarmırdı. Amma stabil çıxış edirdi. O, qapıda olanda müdafiəçilər arxayın şəkildə oynaya bilirdi. Ən azı üstünə gələn topları tuturdu. Bu baxımdan "Qarabağ” üçün qapıçı vacibdir. Bir hücumçu və mərkəz müdafiəçisi də lazımdır. Abbas Hüseynov da zədələndi. Bu zədələr "Qarabağ”ın sıx qrafikindən irəli gəlir. Özü də ağır zədələr olur. Bu səviyyədə oynayırsansa, futbolçular uşaqlıqdan hazır olmalıdır.
Bəzən Qurban Qurbanov oyunçuları əvəzləyə bilmədiyi üçün eyni heyətlə oynamaq məcburiyyətində qalır. "Qarabağ” 3-5 milyona oyunçu ala bilər. Amma həmin oyunçu birincisi Bakıya gəlməz. İkincisi, potensialı olan futbolçu az maaşa belə, məsələn, Azərbyacanı deyil, Niderlandı seçər. Hansı ki, orada oynayıb daha yüksək məbləğ almaq imkanı qazanar. "Qarabağ”ı transfer etməməsinə görə tənqidlərə tuta bilərik. Amma məsələnin digər tərəfindən heç kimin xəbəri yoxdur. Yaxşı futbolçular klubları ilə mövsümün sonuna qədər müqavilə bağlayır. Qalanları, bir qədər problemli və ya zədədən sonra gələnlər olur. Fransız futbolçu da 6 aydı oynamadığı üçün "Qarabağ”a gəldi. Azərbaycan çempionatında, Çempionlar Liqasında qrup mərhələsində qapıda dura biləcək səviyyədə qapıçı yoxdur. Qapıçı mövqeyi elədir ki, stabil oyunçu tapmaq məcburiyyətindəsən”.
Səbuhi Həsənov
Şərhlər