Avropa İttifaqının Azərbaycanla bağlı qəbul etdiyi qətnamə ictimai mühitdə ciddi narazılıq doğurub.
Qaynarinfo xəbər verir ki, qətnaməyə sərt reaksiya verənlıərdən biri də tanınmış hüquqşünas Aslan İsmayılov olub.
Hüquqşünas Azərbaycandakı dipkorpusa, xüsusilə, Avropa İtitfaqı ölkələrinin nümayəndələrinə müraciət ünvanlayıb. Həmin müraciəti təqdim edirik:
"Bu gün qəbul edilmiş Avropa Parlamentinin qətnaməsi ilə bağlı fikirlərimi Sizinlə bölüşürəm.
Mənim artıq 65 yaşım var və bu günə qədər çox hadisələrin bilavasitə iştirakçısı və şahidi olmuşam. Heç vaxt siyasi iddiada olmamışam, ancaq insan hüquq və azadlıqları daim maraq dairəmdə olub. 1983-cü ildən bu günə kimi müxtəlif sahələrdə hüquqşünas kimi fəaliyyət göstərmişəm. 1994-cü ildən bu yana isə fəaliyyətim sırf insan hüquqları ilə bağlı olub, o cümlədən beynəlxalq aləmdə. 1990-cı ilin ikinci yarısında, hələ Azərbaycan Avropa Şurasının üzvü olmamışdan əvvəl Avropa və ABŞ-dan gələn əksər ekspertlər ilk öncə mənim Bakı şəhəri, Nizami küçəsində yerləşən ofisimə gəlib Azərbaycanın Qərbə inteqrasiyası ilə bağlı fikrimlə maraqlanardılar. Həmin görüşlərin bir çoxu o vaxtkı dövri mətbuatda işıqlandırılıb. Həmin illər bir çox Avropa İttifaqı ölkələrinin və ABŞ-ın səfirləri, əməkdaşları ofisimdə də olublar. Həmin ölkələrin səfirliklərində və səfirlərin ofislərində, rezidensiyalarında da çoxlu sayda görüşlərim olub. O vaxtlar bütün varlığımla ölkəmdə demokratik cəmiyyətin qurulmasını arzulayır, ABŞ və Avropanın ədalətli olduqlarına inanırdım və var gücümlə ölkəmin qərbyönlü siyasətini dəstəkləyirdim. Əminəm ki, həmin ölkələrin səfirlikləri məhz bu mövqeyimə görə dəfələrlə vəkillikdən xaric edilməyimi, təqib edildiyimi çox yaxşı bilirdilər. Bilməyənlərə isə məsləhət görürəm ki, həmin dövrlər dünyada tanınmış insan haqları müdafiəsi təşkilatlarının o dövrlər yayılan hesabatlarına baxsınlar. Mən hələ adıçəkilən ölkələrin ən yüksək ranqlı nümayəndələri ilə bilinən və bilinməyən görüşlərimi demirəm. Bunu diqqətinizə çatdırmaqda məqsədim ölkəmdə və dünyada baş verənləri təhlil etmək imkanımın olduğunu bildirməkdir.
1991-1993-cü illər dəfələrlə Dağlıq Qarabağda cəbhə bölgəsində olmuşam və vətəndaşlarımızın erməni separatçıları tərəfindən hansı fiziki və mənəvi terrora məruz qaldıqlarını gözlərimlə görmüşəm. 1993-cü il aprelin əvvəllərində isə erməni silahlı qüvvələri tərəfindən işğal olunmuş Kəlbəcərdən piyada, qarlı-çovğunlu Qoşqar dağalarını aşıb Daşkəsən rayonu ərazisinə enən qaçqınların qarşılanması və yerləşdirilməsinə rəhbərlik etmişəm. Kəlbəcərə qədər Şuşa, Laçın, ondan sonra Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Ağdamdan yüz minlərlə qaçqınlar oldu. Hakimiyyət rəsmilərini deyə bilmərəm, ancaq şəxsən özüm həmin hadisələrin iştirakçısı kimi gördüklərimi bütün tanınmış insan haqları təşkilatlarına, ABŞ və Avropa ölkələrinin vəzifəli şəxslərinə (bunların sırasında ABŞ Prezidentlərinin köməkçiləri, Ağ Evin, Dövlət Departamentinin vəzifəli şəxsləri, Avropa Şurasının Baş Katibi Valter Şvimmer, Parlamentinin Prezidenti lord Rassel Conson, BMT-nin Cenevrədə yerləşən ofisinin rəhbəri və çoxsaylı digər vəzifəli şəxslər olub) bildirmişəm. Bundan başqa, əminəm ki, həmin ölkələrin səfirlikləri 1993-1994-cü il Qarabağdan Bakıya və Azərbaycanın digər rayonlarına sığınmış və səfalət içində dəmir vaqonlarda yaşayan 1 milyona yaxın qaçqınımızın olduğunu öz gözləri ilə görüblər. Ancaq nə həmin illərdə, nə ondan sonra ABŞ və Avropa ölkələrindən heç vaxt bu gün öz xoşları ilə Qarabağdan gedən şəxslərə olan münasibətlərini görməmişəm. 1996-2005-ci ilə qədər dəfələrlə ABŞ və Avropadakı rəsmi şəxslərlə görüşlərimdə, BMT-nin Nyu York, Cenevrə, ATƏT-in Varşava, Vyana ofislərində, Avropa Şurasının Strasburqda və Parisdə keçililən iclaslarında dəfələrlə ölkəmizdə insan hüquq və azadlıqlarının pozulması, rüşvətxorluq və korrupsiya ilə bağlı çıxışlarım çox hörmətlə qarşılanıb. Ancaq Qarabağdan didərgin düşmüş qaçqınlarla bağlı söhbətlərim isə tam əksinə, narazılıqla qarşılanıb.
2001-ci il ATƏT-in Vyanada keçirilən iclasında (həmin iclasa Rumıniyanın Xarici İşlər Naziri başçılıq edirdi) ABŞ və Avropa diplomatlarını Azərbaycan kimi ölkələrdə insan hüquq və azadlıqları yox, öz gəlirlərinin maraqlandırdığını plenar iclasdakı çıxışımda hamısının üzünə demişəm. Düzdür, həmin çıxışdan sonra Avropa İttifaqının, Avropa Şurasının, ABŞ-ın, İngiltərənin, indi yadımda olmayan digər ölkələrin həmin vaxt ATƏT-də təmsil olunan səfirləri məni qəbul edib fikirlərimin yanlış olduğunu izah etmək istədilər. Ancaq mən nə o vaxt, nə də indi səhv edirəm. Bugünkü qətnamə bir daha göstərdi ki, ABŞ və Avropa ölkələrini insan hüquq və azadlıqları yox, öz mənfəətləri, cürbəcür lobbilərin istəkləri maraqlandırır. İnsan hüquq və azadlığı sizin yadınıza bizim kimi ölkələrdən hansısa böyük müqavilələr bağlamaq, hakimiyyətlərdən imtiyaz almaq istədikdə düşür. Məhz belə vaxtlarda ABŞ və Avropada hakimiyyət tərəfindən nəzarətdə olan qrant verən təşkilatlar bizim kimi ölkələrdə fəaliyyət göstərən QHT-lərə öz səxavətlərini göstərir və bununla da hakimiyyətləri müqavilələrdə Sizin ölkələrin maraqlarına uyğun güzəştə getməyə məcbur edirlər.
Bugünkü adıçəkilən qətnaməni oxuduqca ömrümün ən məhsuldar illərini Sizin demokratiya beşiyi adlandırdığınız ölkələrin təbliğatına sərf etdiyimdən peşmançılıq çəkirəm, çünki mən bu işləri hansısa maddi maraqlarıma görə yox (diqqətinizə çatdırıram ki, dəfələrlə təklif olunsa da, heç vaxt bu və ya digər formada qrant almamışam), öz dünyagörüşümə, istəyimə görə etmişəm. Mən bu gün də demokratik quruluşu insanların rihafı, rahat, ləyaqətli yaşamasını alternativsiz hesab edirəm.
Əminəm ki, bu gün dünyada baş verən anarxiya, dərəbəylik, suveren dövlətlərə hücumlar, insan sivilizasiyasının bu günə qədər qəbul etdiyi beynəlxalq qanunların tapdalanması məhz Sizin dövlətlərin ikili standartlarına görə baş verir. 1990-2010-cu illər bu ikili standartlar, beynəlxalq sahədə olan rüşvətlər, korrupsiya diqqətsiz qala bilərdi, çünki bugünkü kommunikasiya, texniki vasitələr yox idi. İndi isə Dünya qloballaşıb, çox kiçilib və baş verən haqsızlıqları artıq sıravi vətəndaşlar da bilirlər.
Mənim bu etirazım tək Azərbaycana qarşı olan haqsızlıqla bağlı deyil. Bununla Siz həm də Dünyanı uçuruma aparırsınız, minlərlə demokratiya fədailərinin öz canları bahasına əldə etdiklərini puç edirsiniz və bunun ağır nəticələrini birinci növbədə Sizin dövlətlər çəkəcək. Bu ikili standartlardan isə qazanan ancaq totalitar, despotik rejimlər olacaq. Bilin ki, artıq mənim kimi heç bir təmənna güdmədən Sizin elan etdiyiniz ideya dalınca gedən gənclər belə günü gündən azalır. Bu isə bütün dünyada demokratik dəyərlərin, ona olan inamın sarsılmasıdır”.
Xatırladaq ki, Avropa İttifaqının qətnaməsində Azərbaycana qarşı sanksiyalara çağırış edilir.
Seyid
Şərhlər