Azərbaycan Respublikasının Kino Agentliyi (ARKA) "Narqız” qısametrajlı animasiya filminin istehsalı ilə bağlı qalmaqala münasibət bildirib.
ARKA-nın kino mədəniyyətinin təbliğatı şöbəsinin müdiri Səxavət Sahil Qaynarinfo-ya açıqlamasında bildirib ki, filmlə bağlı iddiaların əsası yoxdur.
"Mədəniyyət Nazirliyi və Azərbaycan Respublikasının Kino Agentliyi tərəfindən 18 iyul 2023-cü il tarixində elan olunan film layihələri müsabiqəsinə tammetrajlı və qısametrajlı - bədii, sənədli, animasiya filmi layihələrinin qəbulu həyata keçirilib. Kinematoqrafiya sahəsində fəaliyyət göstərən hüquqi şəxslər film layihəsinin əqli mülkiyyət hüququnu təsdiq edən şəhadətnamə və tələb olunan digər sənədlərlə birlikdə müsabiqəyə layihələrini təqdim etmişdilər. Müsabiqənin bütün mərhələləri üzrə məlumatlar ictimaiyyətə açıq formada paylaşılıb. Qaydalara əsasən Seçim Komissiyası, daha sonra Ekspert Şurasının yekun rəyinə əsasən qalib layihələr elan edilib”, deyə Səxavət Sahil bildrib.
Onun sözlərinə görə, layihələrin təqdimat mərhələsində (pitçinq) Seçim Komissiyası, Ekspert Şurası ilə yanaşı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi də müşahidəçi qismində iştirak edib:
"Qalib şirkətlərlə müqavilələrin bağlanması üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən müvafiq qaydada icazə alınıb. Ümumilikdə müsabiqənin bütün mərhələləri tam şəffaf və qanunamüvafiq qaydada həyata keçirilib. Müsabiqənin qalib layihələrindən olan "Narqız” qısametrajlı animasiya filmi layihəsinin müstəsna əqli mülkiyyət hüquqları Rəşid Ağamalıyevin rəhbəri olduğu "Peri Film” MMC-ə məxsusdur və başqa şirkət tərəfindən çəkilişi həyata keçirilə bilməz. "Narqız” qısametrajlı animasiya filmi layihəsi ilə bağlı səsləndirlən fikirlərin heç bir əsası yoxdur. Animasiya sahəsində fəaliyyət göstərən hüquqi şəxslər film layihələrinə dövlət dəstəyi almaq istəyirlərsə, cari ildə keçiriləcək müsabiqəyə layihələrini təqdim etməsi tövsiyə olunur”.
Məlumat üçün deyək ki, "Narqız” animasiyasının istehsalı ilə bağlı satınalma müsabiqəsi keçirilib. Lakin satınalma proseduru elektron formada olmayıb. Yeri gəlmişkən, dövlət satınalmalarının vahid internet portalında animasiyanın adı "Nərgiz” kimi qeyd edilib.
Animasiya sahəsində ixtisaslaşmış NME MMC-nin rəhbəri Nicat Manafov Qaynarinfo-ya
açıqlamasında müsabiqənin şəffaflığını şübhə altına alıb. O, məsələnin araşdırılması üçün İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə müraciət edəcəyini bildirib.
Seyid
Şərhlər