"Misli” Premyer Liqasının debütantı "Araz Naxçıvan” ilk iki turdakı oyunu ilə hamını yaxşı mənada təəccübləndirməyi bacarıb.
"Boz qurdlar” ilk turda "Turan Tovuz”a qarşı birinci hissədə və ikinci yarının əvvəlində gözlənilmədən üstün futbol sərgiləsə də, daha sonra qapıçı səhvləri ucbatından məğlub olmuşdu.
"Qəbələ” ilə oyun da "Araz Naxçıvan”ın tam üstünlüyü ilə keçdi və debütant ilk turdan fərqli sensasiyalı qələbə qazanmağı bacardı. Amma "Araz Naxçıvan”ın oyunlarına baxanlar bu qarşılaşmadakı nəticəni sensasiya kimi qəbul etməzlər.
Yeganə məqam naxçıvanlıların heyət baxımından "Kəpəz”dən başqa, elitadakı bütün rəqiblərindən geri qalmasıdır.
Hələlik Azər Bağırovun komandasının oyununda bunu hiss etmək olmur.
Yeri gəlmişkən, "Vikipediya”ya inansaq "Araz Naxçıvan”ın baş məşqçisinin 87 yaşı var, Əməkdar jurnalistdir, Sovet Ensiklopediyası baş redaksiyasında dil və ədəbiyyat redaksiyasının müdiri, AZƏRTAC-da tərcüməçi redaktor vəzifəsində çalışıb.
Sports.az "boz qurdlar”ın baş məşqçisi haqqında hazırda "Vikipediya”da olan məlumatı təqdim edir:
"Azər Bağırov 1936-cı il sentyabrın 16-da Naxçıvan şəhərində anadan olmuşdur. 1989-cu ildə Azərbaycan Respublikasının "Əməkdar jurnalisti” adına layiq görülmüşdür.
1960-cı ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirmişdir.
1965-ci ildə Azərbaycan Milli EA Nizami adına Ədəbiyyat və Dil İnstitutunun aspiranturasını təsdiq edərək, 1968–1992-ci illərdə Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasında dil və ədəbiyyat redaksiyasının müdiri vəzifəsində çalışır.
1992–1993-cü illərdə isə orada Baş direktor müavini kimi fəaliyyət göstərmişdir.
1993–1996-cı illərdə Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinin Baş Nəşriyyatlar İdarəsinin şöbə müdiri, rəis müavini və baş redaktoru işlərini yerinə yetirmiş, 1998-ci ildə Azərbaycan Dövlət Teleqraf agentliyində (AZƏRTAC) tərcüməçi redaktoru vəzifəsində çalışmışdır”.
Sözsüz ki, bu klubun mətbuat katibinin olmamasından irəli gələn anlaşılmazlıqdır.
Yaxın günlərdə "Araz Naxçıvan”ın yeni mətbuat katibi bəlli olacaq və bundan sonra "Vikipediya”da da düzəlişlər ediləcək.
Şərhlər