Xəbər lenti

İdman 13:12 30.01.2023

"Araz Naxçıvan"ın baş məşqçisi: "Antalyaya getmək istəyirdik, amma..."

Cari mövsümdən Birinci Divizionda mübarizə aparan "Araz Naxçıvan” hazırda turnir cədvəlində liderdir. Komanda növbəti mövsümdən Premyer Liqada çıxış etmək niyyətindədir və bu hədəfə doğru addımlamaqdadır.

Naxçıvan təmsilçisinin baş məşqçisi Azər Bağırov Qaynarinfo-ya müsahibə verib. O, hazırda Bakıda təlim-məşq toplanışında olan komandasının durumu ilə yanaşı, hədəflərindən, iddialarından, gələcək planlardan danışıb.

- Təlim-məşq toplanışı necə keçir?

- Hər şey qaydasındadır. Ayın 7-də komanda toplaşdı. 12 gün Naxçıvanda hazırlığımız oldu. Əvvəlcə bir məşq keçirdik. Daha sonra iki məşq əlavə etdik. Həm fiziki, həm də taktiki cəhətdən çalışdıq. Komandanı istədiyimiz tonusa gətirdik ki, Bakıda üçgündənbir keçiriləcək oyunlara tam hazırlayaq. Bakıda həm taktiki planda çalışmaq, həm də uşaqların bir-biri ilə anlaşması əsas məqsədimiz idi. Hər şey aşağı-yuxarı, istədiyimiz kimi gedir. Çempionat bitdikdən sonra 15 gün fasilə oldu. Naxçıvandakı məşqlərdə xəstələnənlərin sayı çoxaldı. "Qaradağ-Lökbatan”la yoldaşlıq oyununda 6 nəfər yox idi. Mövsümi qrip virusuna yoluxmuşdular. Şükürlər olsun, sağaldılar, hər şey qaydasındadır. 

- Türkiyəyə səfər planlaşdırılmışdı?

- Həqiqətən beynimizdə plan var idi. Rəhbərliyə yazılı şəkildə təqdim etmişdik. Bu gün Bakıdakı otellərin qiymətlərini bilirsiniz yəqin ki. Aşağı-yuxarı Antalya ilə eyni qiymətdir. Böyük ölçüdə heç bir fərqi yox idi. Azərbaycanda bir şirkətlə bu barədə də danışmışdıq. Sadəcə, Antalyaya gedib 4-5 gün itirmək, yayılan xəstəlik bizi narahat edirdi. Alternativ yol seçdik. Ən ideal variant Bakıda təlim-məşq toplanış keçirmək idi.
 
Əsas olan oyunlardır. Birinci Divizion üçün bu toplanış kifayət edir. Düzdür, yayda Ərzuruma getmişdik, oradakı komandalarla yoldaşlıq oyunu keçirmişdik. Klubun büdcəsi ilə bağlı heç bir sıxıntı yox idi. Vaxt itirmək istəmədik. Həm də nə qədər yol getsən, bir o qədər yorğunluq olar. Üstəlik futbolçuların qayıtması vaxt aparacaqdı. Şükür ki, hava bu dönəmdə yaxşı oldu. Hətta məşq meydançalarını belə Birinci Diviziona uyğun seçdik. Bütün məşqlərimiz və oyunlarımız "ASK Arena”da olur. 

- Heyətlə bağlı çox dəyişikliklər olub?

- Bu il 4 futbolçu komandadan ayrıldı. Onların meydançada az olmaları məni narahat edirdi. Qarşılıqlı razılıq əsasında ayrılacağıq. Bu yaxınlarda müqavilədə yazılan məvaciblərini ödəyəcəyik. Bir neçə cavan futbolçu da dəvət etmək istəyirik. Problemli mövqelərə futbolçular cəlb edəcəyik. İkisi gəlib, birindən də cavab gözləyirik. 

- Bir neçə legioneriniz də var…

- 3 legionerimiz var. Onlardan biri Türkiyədən, biri İrandan, digəri Fil Dişi Sahilindəndir. Həm iranlı Zöhrab Faxrabadi, həm də digəri Lüsyen hücumda ən yaxşı futbolçularımızdandır. Az qol vursalar da, komanda üçün böyük işlər görürlər. Türkiyəli Ege Atlam da müdafiəmizin "dirəyidir”. 1999 təvəllüdlüdür, olimpiya və U-19 millimizə dəvət olunub. Hazırda pasportunun vaxtı bitib. Gələcəkdə Azərbaycanın əsas millisinə qədər yüksələrsə, bizi çox sevindirər. 

- Onunla milli üçün maraqlanan var?

- Hazırda yoxdur. Premyer Liqaya vəsiqə qazansaq, maraq dairəsinə düşəcək. "Beşiktaş”ın yetirməsidir. Onların əsas komandası ilə toplanışlarda olmuş futbolçudur. Meydançanı hiss edən, iş bacarığı olan futbolçudur. Mənə elə gəlir ki, potensialı var. 

- Adətən legionerlər Azərbaycan adını eşidəndə bir qədər tərəddüd edir. Onları necə cəlb edə bilmisiz Birinci Diviziona?
 


- Fil Dişi Sahilindən olan hücumçu "Kəpəz”də yoxlanışda idi. Birinci Divizionun formatını bilir. Düşündüm ki, həmin futbolçu bizə çox kömək edər. Həm cinah, həm də mərkəzdə oynaya bilir, 2002 təvəllüdlüdür. Söhrabın da 27 yaşı var. Keçən il "Turan Tovuz”a dəvət almışdı. Ancaq rüsum məsələsində problemlər yarandı. Sonradan bir məşqçi dostumuzun vasitəsilə onu komandamıza dəvət etdim. Düşünürəm ki, balansı düzəldir. 

- Başqa legioner dəvət etmək fikriniz var, yoxsa bunlarla kifayətlənəcəksiniz?

- Hazırda belə fikrimiz yoxdur. 2002-2003 təvəllüdlü bir neçə yerli futbolçu dəvət etmək istəyirik. Bununla da transfer məsələsini bağlayacağıq.

- Birinci Divizion klublarında məşqçilərin əksəriyyəti limitlə bağlı şikayət edir. Sizdə durum necədir?

- Qərar varsa, şikayət etmirik. Uyğunlaşmaq istəyirik. Etiraf edirəm, bizim üçün də uyğunlaşmaq çətindir. Hər qərara hörmətlə yanaşırıq. Düşündüyümüz odur ki, özümüz üçün perspektiv, irəliləyiş tapaq. Hələ ki, pis alınmır. Çətinliklər var, lakin öhdəsindən gələcəyik. Naxçıvanda 10 ildən artıqdır futbol yox idi. Orada böyük futbol haqqında düşünmək bir qədər çətindir. Amma akademiyamız fəaliyyət göstərir. Xeyli sayda, 13, 14, 15 yaşında futbolçular var. İnanıram ki, bir neçə ildən sonra Azərbaycanın aşağı yaşlardan ibarət yığmalarına bizim də akademiyadan futbolçular dəvət alacaq. Bu gün etiraf etmək lazımdır ki, Naxçıvanda 2002-2003 təvəllüdlü futbolçuların qıtlığı var. Səbəb uzun müddət bölgədə futbol olmamasıdır.

- Vaxtilə MOİK-də çalışmısınız. PRO kateqoriyalı məşqçi kimi Birinci Divizionun durumunu necə qiymətləndirirsiniz?
 
- Bu gün Birinci Divizionu həqiqətən yaxşı qiymətləndirirəm. Düzdür, bəzi amilləri çıxsaq, həm Premyer Liqa klublarının əvəzedicilərində, həm Birinci Divizion komandalarının heyətində xeyli sayda yaxşı oyunçular var. İnanıram ki, gələn il komandaların sayı artsa, həmin futbolçular məcburiyyətdən üzə çıxacaqlar. Bundan sonra məşqçilərimiz də Azərbaycanda kifayət qədər savadlı futbolçu olduğunu biləcəklər. Çünki faktiki olaraq var. Aşağı liqada Premyer Liqada mübarizə apara biləcək futbolçular var. Sadəcə, onların yanında təcrübəlilər olmalıdır və tandem yaradılmalıdır. Düşünürəm ki, Premyer Liqada yetərli sayda yerli futbolçular yoxdur. Buna səbəb də komandaların sayının az olmasıdır. 

- Əvəzedicilərlə rəqabət çətin deyil? Ümumiyyətlə onlarla Birinci Divizion komandaları arasında hansı fərqlər var?
 


- Heç bir klub özünün yaxşı futbolçusunu heç kimə vermir, bu birmənalıdır. Belədə istər-istəməz sənin komandanla müqayisədə əvəzedicilərin oyunçuları daha çox seçilir. Onların tutaq ki, 10 belə futbolçusu varsa, deməli güclüdür. Sadəcə, Birinci Divizion komandaları onların təcrübəsizliyindən istifadə edib qələbə qazanır. Çünki gəncdirlər, çılğındırlar, tez aqressivləşirlər. Belədə təcrübəlilərə uduzurlar. 

- Çempion olacağınıza və Premyer Liqaya vəsiqə qazanacağınıza nə dərəcədə inamlısınız?

- Bu gün "Araz Naxçıvan” tam gücü ilə irəli gedir. Rəhbərlik komandamız üçün bacardığını həyata keçirir. Birlik, mehribanlıq olandan sonra irəliləyəcəyik.

- Sizcə, Birinci Divizion və əvəzedicilər üçün həm şərait, həm də limitlə bağlı qaydalar dəyişsə, daha yaxşı olmazmı?

- Bu gün hər şey AFFA və PFL-in üzərinə düşür. Bu böyük çətinliklər yaradır. Azad sponsorlar olarsa, rahatlıq yaranar. Necə ki, qaydalar çərçivəsində bu gün biz istəyimizi edirik. Komandanın istirahəti, məşq prosesi olsun. Azad sponsorların olması daha yaxşıdır. Bilirik ki, bu gün istər Premyer Liqada, istər Birinci Divizionda sponsor barəsində problemlər var. Fikrimcə, yaxın gələcəkdə böyük işlər görüləcək. Çünki klublar heç kimdən asılı deyil, azad olmalıdır. Azad şəkildə qərar verməlidir.

- "Araz Naxçıvan” Premyer Liqaya köklənib. Bu çempionatın hazırkı durumunu, klubların fəaliyyətini necə dəyərləndirirsiniz?

- İnanmıram ki, "Qarabağ” bu oyunla çempionluğu əldən verəcək. Futbolda "yoxdur” sözü yoxdur. "Qarabağ” sistemi ilə oturuşmuş bir komandadır. İki-üç tur əvvəl "Sabah”ı kiçik hesabla yenməsi göstərici deyil. Stabil futbol oynayır. Digərlərinə gəlincə, "Sabah” güclənib, "Neftçi” birmənalı olaraq o deyil. "Zirə”də disbalans var. Necə ki, "Qəbələ” də eyni vəziyyətdədir. Bəlkə də qış fasiləsinə görədir. İkinci "beşlik”dəki komandalar isə demək olar eyni səviyyədədir.

- Son dönəmlərdə Premyer Liqa klublarında çalışmaq üçün təkliflər almısınız?

- Xeyr, almamışam. Bir ara adım "Sumqayıt”la hallandı. Fikrimcə, o da real deyildi. Bu gün "Araz Naxçıvan”la uzunmüddətli müqaviləm var. Düşünürəm ki, burada işləyəcəyəm və çox şeyləri yoluna qoyacağıq.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->